Sosial 

Azərbaycan islam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş edib

Azərbaycan Respublikası öz müstəqilliyini qazandığı dövrdən bu günədək həyata keçirdiyi daxili və xarici siyasətlə özünü əhalinin dinc yaşadığı, sabitliyin hökm sürdüyü multikultural-çoxmədəniyyətli bir cəmiyyət kimi təqdim etməyə müvəffəq olub. Məlumat üçün bildirilməlidir ki, Azərbaycan əhalisinin 90 faizi müsəlmanlardan ibarət olan bir ölkədir. Bununla yanaşı, ölkəmizdə əhalinin ümumi sayında müxtəlif millətlərin, azsaylı etnik və dini qrupların nümayəndələrinin də payı kifayət qədər çoxdur. Ancaq, bu, onların birgə yaşamasına, mehriban qonşuluq əlaqələrinə, bir-birinin dillərinə qarşılıqlı hörmət etmələrinə heç bir xələl gətirmir. Hətta tam əksinə, ölkəmizdə müxtəlif inanclara mənsub insanlar birgə dost və qardaşlıq mühitində, sülh və əminamanlıq şəraitində yaşayırlar.

Ölkədə hökm sürən dinlərin tolerantlığı, dözümlülük, çoxmillətlilik və çox mədəniyyətlilik amilinin uğurla tənzimlənməsi, bütün dinlərə rahatlıq və bərabərlik şəraitinin təmin edilməsi isə ölkədə aparılan multikulturalist siyasətin təzahürüdür. Məlumdur ki, sovet hakimiyyəti dövründə din və dini ayinlər, bayramlar tənqid hədəfi olmuş və heç vaxt təqdir olunmayıb. Daha açıq ifadə etsək, 70 illik sovet rejimi dövründə insanların zehnindən dinin sıxışdırılıb çıxarılması məqsədilə bir çox işlər görülüb. Ancaq heç nəyə baxmayaraq Azərbaycan xalqı daima öz dininə bağlı bir xalq olaraq yaşamış, dini bayramlarını qeyd etməkdən, ümumilikdə bu ənənələri yaşatmaqdan və gələcək nəsillərə ötürməkdən çəkinməmişdi. Bunun nəticəsidir ki, bu gün Azərbaycan Respublikası İslam mədəniyyətinin inkişafına ən çox töhfə verən ölkələrdən biri olaraq xarakterizə olunmaqdadır. Ancaq yenə də 70 illik əsarət dövrü insanlarda müəyyən qədər dinə yadlaşmağa səbəb olmuşdu. Beləliklə, Ümummilli lider Heydər Əliyev 1993-cü ildə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdığı dövrdə cəmiyyətin dinə münasibəti mürəkkəb və ziddiyyətli idi.  Sevindirici haldır ki, yüksək dövlətçilik təcrübəsi olan Ulu Öndər bu cür çətin şəraitdən vəziyyəti düzgün qiymətləndirərək çıxmış və kəskin dönüş yarada bilmişdi.  Məhz həmin dövrdən sonra xalqın dininə, milli ənənələrinə, milli və dini bayramlarına dövlət səviyyəsində hörmət və diqqət yetirilməyə başlandı. Ulu Öndər Heydər Əliyev dini-mənəvi dəyərlərə yüksək qiymət verərək, onun azərbaycançılıq ideologiyasına, vətənpərvərlik tərbiyəsinə güclü təsirini açıqlayırdı. Ulu Öndər Heydər Əliyev kursunun siyasi davamçısı ölkə başçımız cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətdə də multikultiralizmə, tolerantlığa xüsusi diqqətlə yanaşılır. Bir neçə kiçik misal ilə bunu əsaslandıra  bilərik. Belə ki, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi kimi addımlar bütün dünyada, xüsusilə İslam aləmində sülhə, dostluğa, qarşılıqlı hörmətə, birgəyaşayışa çağırış və töhfə idi. Beləliklə, bu gün Azərbaycan xalqının mədəniyyətini, mənəviyyatını, həyat tərzini islam dini-mənəvi dəyərləri olmadan təsəvvür etmək belə çətindir.

Sevinc hissi ilə qeyd etmək istəyirəm ki, yaxın gələcəkdə xalqımız müsəlman aləminin ən vacib bayramlarından biri olan Qurban bayramını qeyd edəcək. Qurban bayramı bütün müsəlman ölkələrində xüsusi təmtəraqla qeyd olunan ən əlamətdar günlərdən biridir. Həmin gün müsəlmanlar Uca Tanrıya yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.  “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən, Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində qeyd olunan bayramlardan biridir. Bu bayram ölkəmizdə xeyirxahlıq və mərhəmət duyğularının təcəssümü olmaqla yanaşı, bərabərlik və dözümlülük ovqatını da gücləndirməkdədir.

Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra respublikamızda dini bayramların, o cümlədən Qurban bayramının qeyd olunmasını rəsmiləşdirən Ulu öndər demişdir: “Müsəlmanların böyük bir təntənə ilə, həmrəylik və qardaşlıq rəmzi ilə qeyd etdikləri Qurban bayramı insanlar üçün yüksək bəşəri-mənəvi dəyərlərdən faydalanmaq imkanları yaradır”. Beləliklə, müsəlmanların ən əsas və müqəddəs bayramlarından biri-Qurban bayramına artıq sayılı günlər qalıb. İkinci ildir ki, biz bayramlarımızı karantin rejimi şəraitində keçirdirik. Son zamanlarda ölkəmizdə tətbiq olunan karantin rejimi qaydalarının yumşaldılmasına baxmayaraq bu il də Qurban bayramını epidemiya əleyhinə xüsusi tələblərə riayət olunmaqla keçirməli, sağlamlığımızın qeydinə qalmalı və özümüzlə birgə ailəmizi və yaxın ətrafımızı da qorumalıyıq.

Şəbnəm Eldarova,

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi

Daha çox xəbərlər