Əsas səhifə 

Şuşa və Bakı Bəyannamələrinin məntiqi nəticəsi: Azərbaycan tək deyil!

Türkiyə-Azərbaycan-Pakistan platformasına marağın artacağı gözləniləndir

Qlobal enerji layihələrinin coğrafiyasının genişlənməsində  etibarlı  tərəfdaş kimi etimadı doğruldan, iki və çoxtərəfli  əməkdaşlıq formatının təşəbbüskarı olan  Azərbaycanın təmsil olunduğu  Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran kimi üçtərəfli formatların sırasına Azərbaycan-Türkiyə ( Şuşa Bəyannaməsi),  Azərbaycan-Türkiyə -Pakistan  (Bakı Bəyannaməsi) birliyinin  əlavə olunması ölkəmizin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməklə həmrəylik platformasını da genişləndirir.

Şuşada imzalanan «Müttəfiqlik Bəyannaməsi»  ilə  dünya birliyində nadir əməkdaşlıq formatı olan Türkiyə -Azərbaycan tərəfdaşlığı  rəsmən təsdiqləndi. Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini « Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi. Bu siyasi və mənəvi dəstək bizi ruhlandırırdı. Türkiyənin bütün yerlərindən gələn mesajlar, təbriklər, dəstək, həmrəylik ifadələri bir daha bütün dünyaya bizim birliyimizi nümayiş etdirmişdir» sözləri  ilə ifadə edən Prezident  İlham Əliyev hər iki qardaş ölkə arasındakı  müdafiə,  təhlükəsizliyin təminatı, qlobal nəqliyyat layihələrinin reallaşmasındakı  iş birliyini də yüksək dəyərləndirir : «Otuz ilə yaxın davam edən işğala son qoyuldu. Azərbaycan buna qardaş Türkiyənin dəstəyi ilə son qoydu. Otuz il ərzində aparılan danışıqlar heç bir nəticə vermədi. Bu, bir daha onu göstərir ki, iradə, əzmkarlıq, güc və ədalət olan yerdə hər şey əldə etmək mümkündür. Əlbəttə, Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında bundan ruhlanaraq tarixi missiyanı yerinə yetirdi, ədaləti bərpa etdi, ərazi bütövlüyünü bərpa etdi.»

Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilən Zəngəzur dəhlizinin açılması ilə bağlı  hədəflərin əksini tapması isə region dövlətlərinin  əməkdaşlığı üçün geniş perspektivlər açır.

«Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq» sözləri ilə «altılıq formatı»nın dünyanın nəqliyyat xəritəsinə yenilik gətirəcəyini bəyan edən Prezident İlham Əliyevin açıqlamasını «Türkiyə olaraq, azadlıq mübarizəsində olduğu kimi, bərpa işlərində də qardaşlarımıza hər cür dəstəyi veririk, verməkdə də davam edəcəyik» sözləri ilə təsdiqləyən türkiyəli həmkarı  Rəcəb Tayyib Ərdoğanın «Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür» ifadələri bu qardaşlığa əlavə  güc qatır.

Azərbaycanın parlament nümayəndələrinin İslamabad şəhərində İqisadi Əməkdaşlıq Təşkilatının ikinci ümumi konfransı çərçivəsində  keçirilən görüşlər zamanı  irəli sürülən təklifi əsasında qəbul edilmiş qərara müvafiq olaraq Azərbaycan-Türkiyə-Pakistan parlamentlərarası  əməkdaşlıq platformasının təsis olunması ilə bağlı təşəbbüsün dəstəklənməsi müasir dünyada  gedən ictimai-siyasi baxışlara «üçlü» münasibəti də şərtləndirir.

Şuşa Bəyannaməsindən sonra  paytaxtımızda  Türkiyənin, Azərbaycanın, Pakistanın parlament sədrləri arasında imzalanan Bakı Bəyannaməsinin tarixi əhəmiyyətini qısa olaraq  bu sözlərlə dəyərləndirmək olar: «Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunu daha da möhkəmləndirdi. Bakı Bəyannaməsi isə Azərbaycanın, Türkiyənin, Pakistanın təhlükəsizliyinin qorunması baxımından çox əhəmiyyətlidir.»  Çünki Bakı Bəyannaməsində diqqət çəkən amillərdən ən başlıcası  süni  olaraq yaradılan islamofibiyaya,  radikal dairələr tərəfindən  dəstəklənən terror  və  kiberhücumlara, dezinformasiya kampaniyalarına, təxribatlara  qarşı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Sənəddə üç ölkə arasında nəqliyyat, ticarət, energetika, xalqlararası təmas, təhsil, sosial və mədəniyyət mübadiləsi, turizm, informasiya və kommunikasiya texnologiyası sahəsində regional əməkdaşlıq üçün hər üç ölkənin birgə fəaliyyəti nəzərdə tutulur. Türkiyənin, Azərbaycanın və Pakistanın yaratdıqları  «güclü ittifaq»da  Azərbaycanın ayrılıqda  Türkiyə və Pakistanla illərdən bəri  davam edən  strateji əməkdaşlığın yeni perspektivləri  əksini tapır.  Azərbaycanın müstəqilliyini ilk  tanıyan hər  iki ölkə  İkinci Qarabağ müharibəsində də ölkəmizə  güclü dəstək göstərdilər. Bakı Bəyannaməsində qlobal mübahisələrin həllində və beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində parlamentlərin rolunu artırmaq, konstruktiv dialoq və əməkdaşlıq üçün uğurlu platforma yaratmaq, qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlərdə  qadın millət vəkillərinin rolu və məsuliyyətinin, təşəbbüskarlığının artırılması, milli  ayrı-seçkilik və müsəlman azlıqların üzləşdiyi zülmə qarşı mübarizədə səylərin əlaqələndirilməsi, nəqliyyat, ticarət, enerji, insanlar arasında təmas, təhsil, sosial və mədəni mübadilə, turizm və informasiya-kommunikasiya texnologiyaları sahələrində regional əlaqələr sahəsində təkmil iş birliyinin yaradılması əsas fəaliyyət istiqamətlərindəndir.  Sənəddə  dövlətlərin müstəqilliyinə, ərazi bütövlüyünə və ölkələrin beynəlxalq səviyyədə təsdiqlənən sərhədlərinin toxunulmazlığına güclü dəstək ifadə olunur.

Cənubi Qafqazda və Azərbaycanda böyük nüfuz qazanan, regionda sabitliyin təminatı üçün irəli sürdüyu təşəbbüsləri ilə diqqət çəkən Türkiyənin  Azərbaycan və Pakistanla birgə ittifaqı bu gün daha zəruridir.  Vətən müharibəsində  məğlub olan Ermənistanın Azərbaycanın sərhəd bölgələrində yenidən atəşkəsi pozduğu, təxribatlar törətdiyi indiki zamanda  bu üçlüyün birgə fəaliyyəti daha  önəmlidir. Ermənistan anlayır ki,  Azərbaycan torpaqlarına hücum edəcəyi halda təkcə Azərbaycan ordusunun deyil, Türkiyənin, Pakistanın hərbçiləri ilə də   üzləşə bilər.

Hər üç dövlətin qlobal nəqliyyat layihələri ilə bağlı mövqeyi  də eynilik təşkil edir.  Xəzər dənizi vasitəsilə  Əfqanıstanı, Mərkəzi Asiyanı Cənubi Qafqaz regionu və Türkiyə ilə   birləşdirən Lapis- Lazuli dəhlizi regional əməkdaşlığı genişləndirməkdə ən səmərəli və sərfəli infrastrukturdur. Azərbaycanın israrla bərpa etməyə çalışdığı Zəngəzur dəhlizi işə salındıqdan sonra qardaş Pakistandan Türkiyəyə qədər uzanan nəqliyyat yolu bütün region dövlətli üçün səmərə verəcək. Pakistanın Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü, maraqlarını  dəstəkləməsinin bir səbəbi dostluq və islam həmrəyliyidirsə,  iqtisadi, siyasi mahiyyəti  Zəngəzur dəhlizindən Türkiyəyə çıxış əldə etmək istəyidir.
Beynəlxalq hüquq normalarının rəhbər tutulduğu  Şuşa və Bakı Bəyannamələrində üç ölkə arasında strateji ittifaqın yaradılması üçün qanunvericilik sahəsində geniş iş aparılması, ölkələrin beynəlxalq müqavilələr üzrə öhdəliklərin , yeni tələblərə uyğun vəzifələrin yerinə yetirilməsi  gələcək fəaliyyət istiqamətləri kimi nəzərdə  tutulur. Bakı Bəyannaməsində diqqət çəkən məqam mətndə «Azərbaycan ərazilərinin işğaldan azad edilməsi”»nin deyil, «ərazi bütövlüyünün təmin olunması» ifadəsinin  qeyd olunmasıdır. Bu, Azərbaycanın daxilində ermənilərə hər hansı statusun verilməsi yaxud,  xarici ölkənin hərbi qüvvələrinin hansısa əraziyə nəzarətinin  mümkünsüzlüyünün Azərbaycanla bərabər, Pakistan və Türkiyənin də  bəyan etməsi anlamına gəlir. Bu üçtərəfli strateji platforma gələcəkdə  Orta Asiya ölkələrini  və hətta Əfqanıstanı da cəlb edə bilər.   2022-ci ildə İslamabadda keçiriləcək ikinci görüşdə çox güman ki, yeniliklər olacaq. Hazırda «üçlüyün» hədəfi platformaya daxil olan ölkələrin maraqlarını beynəlxalq sferada  təmin etməkdir. Pakistan üçün Azərbaycanla tərəfdaşlıq ilk növbədə Avropaya açılan strateji dəhlizə çıxış əldə etmək anlamına gəlir.  Azərbyacanın Pakistanla tərəfdaşlığa birtərəfli şəkildə deyil, Türkiyə ilə birgə daxil olması prosesdə balans yaradır.

Qardaş ölkədə hələ də davam edən meşə yanğınları ilə mübarizədə Azərbaycanın texnika, canlı qüvvə ilə göstərdiyi  yardımın Türkiyənin rəsmiləri, xalqı tərəfindən yüksək dəyərləndirilməsi  Şuşa və Bakı Bəyənnamələrindən irəli gələn həmrəylik, birlik,  mövqe, məqsəd eyniliyi  risklərə, təhlükələrə qarşı birgə mübarizə istəyinin nümunəsidir.

Daha çox xəbərlər