Milli mətbuatımızın inkişafında yeni mərhələ
1998-ci il avqustun 6-da ümummilli lider Heydər Əliyevin mətbuatda senzuranı ləğv etməsi ilə Azərbaycan mediası öz inkişaf yolunda yeni keyfiyyət yüksəlişi mərhələsinə keçdi, jurnalistlər azad sözü, müstəqil fikri hər vəchlə boğmağa çalışan senzura “bəlasından” xilas oldular
Məlumdur ki, Ulu Öndərin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra, hər bir sahəyə olduğu kimi, mətbuata da xüsusi diqqət və qayğı göstərilməyə başlandı. Ümummilli Liderin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı. Kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı. Azərbaycanda bu sahənin inkişafı, müstəqil mətbuatın uğurlu fəaliyyəti, mətbuatın texniki imkanlarının yaxşılaşdırılması, nəşriyyatların müasir avadanlıqlarla təmin edilməsi üçün dövlət səviyyəsində çox mühüm tədbirlər reallaşdırıldı. 1998-ci il avqust ayının 6-da ümummilli lider Heydər Əliyevin mətbuatda senzuranı ləğv etməsi ilə Azərbaycanda söz və mətbuat azadlığının əsası qoyuldu. Bu Sərəncam demokratik cəmiyyət olaraq Azərbaycanın perspektiv inkişaf xəttinə və mətbuatın dirçəlməsinə güclü təkan verdi. Senzuranın ləğvindən sonra 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun, digər hüquqi-normativ aktların qəbulu həyata keçirildi. Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu. Milli Televiziya və Radio Şurası, mətbuatın özünütənzimləmə mexanizmi olan Mətbuat Şurası yaradıldı. “İctimai Televiziya haqqında” qanun qəbul olundu.
Xatırladaq ki, Çar və Sovet dövründə, müstəqilliyimizin ilk illərində mətbuat üzərində senzura hökm sürürdü. Sovetlər dönəmində, 1966-cı ildə Nazirlər Kabineti yanında baş idarə yaradılmışdı və bu idarənin məqsədi dövlət sirrinin qorunmasını təmin etmək idi. Bu idarə dövlət sirrinin qorunması adı ilə çox şeylərin mətbuata çıxmasının qarşısını alırdı. Bundan əlavə 1992-ci ildə Azərbaycan Prezidenti vəzifələrini icra edən Yaqub Məmmədov hərbi senzuranın yaranması ilə bağlı Fərman imzalamışdı. Ümummilli lider Heydər Əliyevin imzaladığı Fərmanla həm Nazirlər Kabineti yanında 1966-cı ildə yaradılmış baş idarə ləğv edildi, həm də müxtəlif illərdə senzuranın tətbiq olunması barədə qəbul olunmuş qərarlar qüvvədən düşdü. Azərbaycan mətbuatı üzərindən senzura götürüldü. Bununla da Azərbaycan mediası öz inkişaf yolunda yeni keyfiyyət yüksəlişi mərhələsinə keçdi, jurnalistlər azad sözü, müstəqil fikri hər vəchlə boğmağa çalışan senzura “bəlasından” xilas oldular.
Ötən illər ərzində Azərbaycan iqtisadi cəhətdən gücləndikcə, Azərbaycan mətbuatı da güclənib, inkişaf edib. 2005-ci ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Əməkdar jurnalist” adının bərpa olunması və ölkənin aparıcı media nümayəndələrinin dövlət ali mükafatları ilə təltif olunması jurnalistikaya, eləcə də, müstəqil mətbuatın inkişafına çox böyük töhfə verib. Mütəmadi olaraq, hər il aparıcı qəzet redaksiyalarına maliyyə yardımlarının edilməsi mətbuatın inkişafını, jurnalistlərin sosial rifahını gücləndirib. Dövlət başçısının 2009-cu ilin martın sonunda imzaladığı Sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, Dövlət başçısının 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə isə həmin qurumun bazasında Medianın İnkişafı Agentliyi yaradıldı.
Ölkəmizdə demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu hazırkı şəraitdə mətbuatın üzərinə düşən vəzifələr də nisbətən fərqli mahiyyətdə inkişaf etməyə başlayır. Yeni mərhələnin siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini artırır. Bu gün ölkə ictimaiyyəti ölkənin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən daha yüksək prinsipiallıq, vətəndaş mövqeyi, milli təəssübkeşlik tələb edir. Bu meyarlar Azərbaycan mediasının yeni keyfiyyət göstəricisinə çevrilir.
Bütün dövrlərdə mətbuat cəmiyyətin aynası hesab edilir. Bu səbəbdən mətbuat ictimai şüurun yetkinlik səviyyəsinə uyğun olaraq təkmilləşir, eləcə də dövrün aktual çağırışlarını düzgün dəyərləndirə bilir. Hazırda respublikamızda çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir, müstəqil media qurumları yaradılır. Hazırkı şəraitdə Azərbaycan dövlətinin mətbuatdan başlıca gözləntiləri milli informasiya məkanın təhlükəsizliyini qorumaq, dövlətin, xalqın maraqlarını daim uca tutmaq, peşə etikasına riayət etmək, obyektivlik, qərəzsizlik prinsipini qorumaqdır.

