Senzurasız mətbuatımız 23 yaşında
1998-ci il, avqustun 6-da Ulu Öndərin senzuranın ləğvi ilə bağlı Fərman imzalamasından 23 il ötür. 23-cü ildir ki, milli mətbuatımız heç bir qadağa və senzuraya məruz qalmadan müstəqil şəraitdə fəaliyyət göstərir, qələm sahiblərimiz azad sözün dəyərindən, senzurasız mediadan maksimum bəhrələnirlər. Əsas məsələ isə jurnalistin öz vicdanının müəyyənləşdirdiyi mənəvi senzura hissi və məsuliyyət duyğusu ilə söz azadlığını söz sərbəstliyinə qurban verməməsidir.
Demokratik cəmiyyətlərdə ən vacib məsələlərdən biri söz və mətbuat azadlığının təmin edilməsidir. Azərbaycanda milli mətbuatın demokratik inkişafı yolunda ən mühüm addım Ulu öndər Heydər Əliyevin 6 avqust 1998-ci il 6 avqust tarixli «Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında» Fərmanıdır. Bu Fərmanla Azərbaycanda senzuranın birdəfəlik ləğvi ilə Azərbaycan mediası öz inkişaf yolunda yeni mərhələyə qədəm qoydu.
Ulu Öndərin Azərbaycana rəhbərliyi illərində ölkənin inkişafı üçün həyata keçirdiyi çoxşaxəli islahatların və bu islahatların cənab Prezident İlham Əliyev tərəfindən uğurla davamının nəticəsi olaraq hazırda respublikamızda media azadlığı sahəsindəki əldə olunan nailiyyətlər senzuranın ləğvinin zamanında verilmiş düzgün bir qərar olduğunu bir daha təsdiqləyir. Dövlət başçısı ölkədə mətbu nəşrlərin sərbəst fəaliyyətinin, jurnalistlərin öz fikir və düşüncələrini azad şəkildə ifadə etmələri üçün bütün lazımi addımların atılmasının əsas təşəbbüskarıdır.
Mətbuata göstərilən diqqət və qayğının, azad sözə və fikrə verilən yüksək dəyərin nəticəsidir ki, ümummilli lider Heydər Əliyev 2002-ci ildə, son 18 ildə isə onun siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev 3 dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər. Ölkəmizdəki söz və mətbuat azadlığı dünyanın bir çox ölkələri üçün nümunə göstərilə bilər.
Bu məsələni mütəxəssislərlə müzakirə etdik.
Heydər Əliyev azad söz deyən, milli azadlıq ideyalarını dilə gətirən yazıçı və jurnalistləri repressiyalardan qorudu

Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, senzura yaradıcılığın, azad sözün düşməni kimi qəbul olunur. Senzuranın tarixi hakim dairələrin azad fikrə, azad sözə qarşı inkvizisiya tədbirlərinin tarixi ilə üst-üstə düşür. Azad fikrə qarşı tədbirlərin başlanğıcı senzuranın başlanğıcıdır. Çar Rusiyasında senzura tarixən çox sərt olub. Sovedt dövründə “Qlavlit” adlanan bir qurum mətbuatda azad sözün qənimi kəsilmişdi.Yalnız Sovet İttifaqının süqutundan sonra həm postsovet respublikaları, həm də Rusiya özü mətbuat azadlığına qanuni imkanlar yaratdı. Sovet senzurasının sərt qadağalar dövründə Azərbaycan jurnalist və yazıçıları da repressiyalara uğramışlar. 1969-cu ildə ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etməyə başladığı dövrdən azad söz deyən, milli azadlıq ideyalarını dilə gətirən yazıçı və jurnalistləri repressiyalardan qorudu və elə bunun nəticəsi idi ki, müstəqil Azərbaycan ideyası reallaşdı.
Həmin Fərman söz və mətbuat azadlığını təmin etdi
C.Məmmədli qeyd etdi ki, müstəqil Azərbaycanın Milli Məclisində qəbul edilən ilk qanunlardan biri “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanun oldu. Bu Qanun senzuranı qadağan etsə də, azad mətbuata, müstəqil mətbuata şərait yaratsa da Ermənistanla müharibə faktını əsas gətirərək bəzi mövzulara qadağalar qoyurdu: “Hətta bununla bağlı o zamankı Prezidentin xüsussu Sərəncamı da vardı. Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycan Respublikasının Konstitusiyanın qəbul edilməsinə nail oldu. Bu Konstitusiya özünün xüsusi maddələri ilə ölkədə senzuranı qadağan etdi. Söz və mətbuat azadlığını təmin etdi. Bununla belə Ulu Öndər əvvəlki dövrdən qalan bəzi senzura qalıqlarını tamamilə ləğv etmək üçün 1998-ci il avqustun 6-da xüsusi Fərman imzaladı. Bu Fərman ölkədə söz və mətbuat azadlığını birbaşa təmin etdi və indi Azərbaycan mediası KİV , Televiziya, İctimai Televiziya haqqında qəbul olunmuş Qanunlar əsasında azad, müstəqil fəaliyyət göstərir. Azərbaycan mediasının azad sözə, müstəqil fəaliyyətə sahib olması Prezident İlham Əliyevin jurnalistikaya və jurnalistlərə göstərdiyi qayğılar fonunda bu gün daha da təkmilləşmişdir.”
İnternet və sosial şəbəkələr söz azadlığının ideal formatıdır
Həmsöhbətimiz vurğuladı ki, senzuranın ləğvi, mətbuatın partiya və dövlət monopoliyasından birdəfəlik uzaqlaşması ilk növbədə ölkəmizdə müstəqil media sektorunun yaranmasında mühüm rol oynadı. İndi medianın müxalif, iqtidar yönlü və müstəqil tipologiyası formalaşıb. Bu gün media sistemində reytinq məsələsi var. Bu da nə qədər zəif olsa da, reklam bazasına bağlıdır. Müstəqil media daha azad və sərbəstdir. Ölkəmizdə onlarca qəzet, televiziya kanalları formalaşıb ki, bu da müstəqil Azərbaycanın demokratik göstəriciləri sırasındadır: “İnternet və onun yaratdığı sosial şəbəkələr isə söz azadlığının ideal formatıdır. Burada hər kəs öz sözünü, özünü ifadə edə bilir . Təbii ki, qadağalar qoymaq mümkün deyil. Belə vəziyyətdə gərək “senzura” istifadəçinin öz vicdanında olsun. Söyüş və təhqir ifadələrini qəbul etməyən mövcud internet proqramı formatlarından istifadə etmək olar. O ki, qaldı sosial şəbəkələrin ictimai rəyə təsirinə, bu da çox vacibdir. Elə problemlər var ki, onların sosial şəbəkədə ağıllı şəkildə müzakirəyə çıxarılması bəzən çox səmərə verir. Bunu da nəzərə almaq vacibdir. Məsələn, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının Ordumuzla, Ali Baş Komandanla birliyini gördük. Məhz sosial şəbəkələr bu birliyi daha intensiv, daha operativ göstərdi.
Ulu öndər söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələri aradan qaldırdı

BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor, Əməkdar jurnalist Allahverdi Məmmədli isə bildirdi ki, 90-cı illərdə dövlət müstəqilliyi bərpa edildikdən sonra müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdı. Bu imkanlardan da Ulu Öndər çox böyük məharətlə istifadə etmişdir. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra bütün sahələrdə olduğu kimi, media sahəsində də zəruri islahatlar aparmışdı. Həyata keçirilmiş köklü islahatların nəticəsində ölkədə senzura, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmışdır. Medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırılmışdı. Ümumiyyətlə, redaksiyaların davamlı inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətlərinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.
Medianın inkişafının əsası 23 il əvvəl senzuranın ləğvi ilə qoyuldu
Həmsöhbətimiz qeyd etdi ki, senzuranın ləğvinin mətbuata gətirdiyi yeniliklər çox böyükdür: “İlk növbədə, senzuranın olmaması mətbuata azadlıq verdi. Söz, mətbuat, fikir azadlığı yarandı, plüralizm inkişaf etdi. Daha sonra 1999-cu ildə Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Bu Qanunun da həm jurnalistlərin hüquqları, vəzifələri, məsuliyyəti öz əksini tapmışdı. Yəni, ondan sonra inkişaf başladı və mətbuata çox böyük üstünlüklər verildi. Azərbaycanda xeyli sayda kütləvi informasiya vasitələri meydana gəldi. Bu mənada 2000-ci illəri xüsusilə qeyd edə bilərik ki, müxtəlif televiziyalar, radiolar dövriyyə girdi. O vaxta qədər biz yalnız 1 televiziyaya malik idiksə, sonralar isə müxtəlif özəl televiziya və radiolar fəaliyyətə başladı. İndi isə yeni medianın müxtəlif qolları yaranıb. Sosial şəbəkələr çox böyük vüsət alıb. Eyni zamanda, bloggerlik istiqaməti geniş yayılıb. Bir sözlə, multimedia məfhumu yaranıb. Multimedia rəngarənlik deməkdir. Bilirsiniz ki, bizim həyatımız təkcə audiovizual deyil, həm də virtual aləmdən ibarətdir. Bu da medianın müxtəlif qollarının yaranması və inkişafı ilə əlaqadardır. Həyatımız artıq virtuallaşıb. Medianın inkişafının əsası 23 il əvvəl senzuranın ləğvi ilə qoyuldu.”
Medianın İnkişafı Agentliyi ona görə yaranıb ki…
A.Məmmədli vurğuladı ki, cəmiyyət həyatının hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə dünyada kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, yeni texnologiyaların tətbiq olunduğu dövrdə media sahəsində keyfiyyət dəyişikliyinə ehtiyac var idi: “Bu baxımdan, yanvarın 12-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Medianın İnkişafı Dövlət Agentliyi yaradıldı. İndi dövr elədir ki, yeni media yüksək texnologiya ilə işləyir. Media sahəsində demək olar ki, hər şey onlayn formata keçib. Ona görə də 2021-ci ilin 12 yanvar tarixində imzalanan Fərmanı media sahəsində həyata keçirilən islahatlarının davamı və daha da dərinləşdirilməsidir.”
Müsahibimiz qeyd etdi ki, hazırkı dövrdə ilk baxışda mediada bir xaosun olduğu gözə çarpır. Əslində, bu, belə deyil. Bu, keçid dövrünün tələblərinə uyğun mənzərədir: “Hesab edirəm ki, Medianın İnkişafı Agentliyi ona görə yaranıb ki, virtual aləmdə media sahəsində olan həm boşluqları aradan qaldırsın, həm də müəyyən bir nizam yaratsın. Hesab edirəm ki, buna da nail olunacaq. Çünki Medianın İnkişaf Agentliyi təkcə mediaya qayğı göstərmir, həm də jurnalistlərin peşəkarlılığının artırılması ilə məşğul olur”.
Çap mediası əvvəlki nüfuzunu bərpa edəcək
Həmsöhbətimizin sözlərinə görə, bu sahədə atılacaq ən müsbət addımlardan biri media reyestrinin yaradılması olacaq. Belə ki, reyestr aparılandan sonra hər bir mətbuat orqanının hansı tirajla, həftədə neçə dəfə dərc olunması, orada kimlərin çalışması və həmin adamların peşəkarlıq səviyyəsi haqqında aydın məlumatlar olacaq.
A.Məmmədli əlavə etdi ki, nə vaxtsa çap mediası yenə də əvvəlki kimi nüfuzlu olacaq: “Hər şeyin özəyində mətn durur. Mətnlə birbaşa təmas durur. O təmas da əl və gözlə olmalıdır. Bəzən, televiziyalar, internet onlayn media insanları psixoloji cəhətdən yorur. Amma qəzet çox önəmlidir. O insanların nəinki psixoloji cəhətdən yormur, əksinə insanlara rahatlıq bəxş edir”.

