Ermənilər gələcəyə niyə nikbin baxa bilmirlər?
Bölgədəki hərbi üstünlüyümüz Azərbaycanı şərtlər diktə edən tərəfə çevirib
Azərbaycan dövləti bu gün regionda elə bir geosiyasi üstünlüyə sahibdir ki, artıq beynəlxalq aləm bizim mövqelərimiz və haqlı tələblərimizlə hesablaşmaq məcburiyyətindədir. Xüsusilə ötən ilin 44 günlük Qarabağ müharibəsindəki şanlı Qələbəmiz Cənubi Qafqazla bağlı reallıqlara yenidən və həm də əyani şəkildə aydınlıq gətirdi. Belə ki, bu savaş və onun nəticəsi bütün dünyaya praktik şəkildə nümayiş etdirdi ki, Azərbaycan yerləşdiyi regionun həm siyasi, həm iqtisadi, həm də hərbi gücüdür. Bu Qələbə Azərbaycanın Cənubi Qafqazda lider və aparıcı dövlət kimi statusunu daha da yüksəltdi. Bütövlükdə isə ərazi bütövlüyünü bərpa etməklə respublikamız beynəlxalq miqyasda mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi.
Hətta Ermənistanın eks-prezidenti Levon-Ter Petrosyan açıq şəkildə etiraf edir ki, bu gün Dağlıq Qarabağ məsələsində Ermənistanın müttəfiqi yoxdur. Onun sözlərinə görə, Azərbaycan nəinki MDB məkanında, hətta Avropada Ermənistanı ideoloji-siyasi dalana dirəyib. Xüsusilə işğalçı ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) müttəfiqləri Ermənistanla deyil, Azərbaycanla daha ciddi iqtisadi-hərbi əməkdaşlığa malikdirlər.
Bəli, artıq zaman Azərbaycan dövlətinin xeyrinə işləyir. Xüsusilə 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəmizdən sonra işğalçı Ermənistan bütün istiqamətlərdə iflas həddinə çatdırılıb. Vaxtilə mifləşdirilmiş Ermənistan ordusundan indi geridə əsgərləri fərarilik edən, generalları korrupsiyalaşmış qeyri -nizami hərbi dəstələr qalıb. Hətta erməni generalları o dərəcədə psixoloji sarsıntı keçiriblər ki, müzəffər Azərbaycan Ordusu ilə açıq döyüşlərdən imtina fikirlərini dilə gətirirlər. Azərbaycanla Ermənistan sərhədində ordumuzun göründüyü yerdə düşmən ordusunda geri çəkilmək, susmaq instinkti hökm sürür. Bu, onların ordumuzdan ciddi şəkildə qorxmaları, Azərbaycan əsgərinin onlara yenidən ciddi dərs verə biləcəyi anlamını verir.
Zaman Azərbaycanın xeyrinə həm də ona görə işləyir ki, Ermənistan siyasi hakimiyyətində ciddi xaos, kəskin qarşıdurma hələ də davam edir. Faktiki olaraq bu gün Ermənistan hakimiyyəti iflic durumdadır. İyunun 20 -də Ermənistanda növbədənkənar parlament seçkiləri ciddi siyasi və hərbi qarşıdurma şəraitində keçdi. Hətta müxalifət, yəni «Qarabağ klanı» bu gün də seçkilərin nəticələrini, o gümlədən Nikol Paşinyan hakimiyyətinin legitimliyini tanımır. Ermənistan ordusu və xüsusi xidmət orqanları parçalanmış vəziyyətdədir. Onlardan bir qrup Paşinyana dəstək versə də, digər qrup müxalifəti dəstəklədiyini etiraf edir.
Daha bir önəmli fakt isə odur ki, Xankəndidəki ermənilər də gələcəyə nikbin baxa bilmirlər. Onlar artıq Xankəndidə qalmaq istəmirlər və yaxşı anlayırlar ki, gec-ya tez torpağın sahibləri azərbaycanlılar öz evlərinə qayıdacaqlar. Qarabağ erməniləri anlayırlar ki, iflas olmuş Ermənistan artıq erməniləri qoruyacaq gücdə deyil. Ona görə də Qarabağı tərk edərək hətta Ermənistana deyil, daha uzaq ölkələrə üz tuturlar. Eks- prezident Robert Koçaryan müharibədən sonra ölkəni 80 minədək vətəndaşın tərk etdiyini bildirib və buna görə Paşinyan hakimiyyətinin xəcalət çəkməsini istəyib.
Ötən gün bu barədə narahatlığını erməni separatçı rejimin «deputatı» Metakse Akopyan da feysbuk səhifəsində bildirib. O yazıb ki, Xankəndini tərk edirsən və dəli olursan, hər yerdə Azərbaycan bayraqlarıdır: «Yolda üç azərbaycanlı dayanıb böyürtkən yeyir. Şuşa tamamilə dəyişib və eybəcər olub. Siz isə Araik (Arutyunyan) və Nikol (Paşinyan), asfalt çəkirsiz, camaatın başına çəkic atırsız, yalan danışırsız, yalan, yalan, yalan… Bu, sizcə xilas edəcək?».
Azərbaycan Ordusunun Cənubi Qafqazda əsas güc olması faktına gəldikdə isə, bu, məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyətindən və geosiyasi balanslaşdırmanı zamanında və dəqiq yaratmasından qaynaqlandı. Prezident ordu quruculuğunu daim diqqət mərkəzində saxladı. Silahlı Qüvvələrimizin döyüş imkanlarının artırılması üçün ən müasir hərbi texnika qoşun növlərinin arsenalına daxil edildi. Ordumuzun inkişafı və arsenalını gücləndirməsi hərbi sahə üzrə ixtisaslaşmış reytinq agentliklərinin də diqqətindən yayınmayıb. İndiyədək paradlarda nümayiş etdirilən hərbi texnikalar, düşmənə müasir döyüş imkanları ilə zərbələrin vurulması Silahlı Qüvvələrimizin ən güclülər sırasına daxil olmasının təsdiqidir.
Beynəlxalq münasibətlər sisteminin bugünkü mənzərəsi də göstərir ki, güc amili yaranan problemlərin həllində əsas rol oynayan vasitəyə çevrilib. Artıq elə bir dövrə gəlib çatmışıq ki, beynəlxalq hüquq və onun prinsiplərinin toxunulmazlığı aktuallığını itirib. Elə Ermənistan da beynəlxalq hüququn norma və prinsiplərini tapdaladığı üçün Azərbaycan güc yolu ilə onu cəzalandırdı. Prezident İlham Əliyev həmişə bildirirdi ki, sülh danışıqları nəticəsiz qalacağı təqdirdə ordumuz öz sözünü deyəcək.
Proqnozlar da ondan ibarət idi ki, müharibə başlayarsa, yüksək keyfiyyət göstəricilərinə malik olan ordumuzun qarşısında Ermənistan duruş gətirə bilməycək. Məhz 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu xüsusilə Şuşanın işğaldan azad olunması əməliyyatlarında fövqəladə döyüş taktikası həyata keçirdi ki, beynəlxalq hərbi ekspertlər bunu dünya hərb tarixində bir ilk adlandırdılar. İndi bu döyüş taktikası artıq bir çox ölkələrin ordularında əsas hərbi təlim kimi həyata keçirilir.

