Can Vətən!
Esse
Övladlarının əli ilə torpaqların başdan-başa abadlaşıb gülüstana – cənnətə çevriləcək
VƏTƏN – Bu bir kəlmə söz özündə o qədər böyük mənaları, müqəddəs, ali duyğuları ehtiva edir ki… Biz Vətənimizə Ana Vətən dedik, anamızın, atamızın, ulu-ululardan ulu nənələrimizin, babalarımızın da anası olan Vətəni çox sevdik… Canımızdan, anamızdan belə çox sevdik “Ana” – deyə çağırdığımız Vətəni… Qoynunda böyüdük Vətənin – havasını ciyərlərimizə çəkib nəfəs aldıq, yaşadıq, çörəyini yeyib, suyundan içib yavaş-yavaş dirçəldik, böyüdük. Üşüyəndə istisinə qızındıq, incinəndə başımızı geniş sinəsinə yaslayıb təsəlli tapdıq. Analar anası Vətən də bizi sardı-sarmaladı, qoynunda bəsləyib, hər nazımızı çəkdi, dərdimizə dəva, yaralarımıza məlhəm oldu – çox sevdi biz övladlarını, öz canından – daşından, torpağından, havasından, suyundan belə çox…
Bir gün Vətənin başı üzərini qara buludlar aldı, namərd qonşular Vətənimizə göz dikdi, Vətənimizi bizdən qoparmaq üçün xaincəsinə torpaqlarımıza hücum etdilər. Qadın, qoca, uşaq, körpə demədən hər kəsə qıydılar. Vətənin Xəyanət adlı naxələf övladları da qapılarımızı yağılara açaraq, torpaqlarımızı onlara ərmağan etdilər. Aləm bir-birinə dəydi, Vətən övladları pərən-pərən düşdülər. Övladlar Ana Vətən üçün mücadilə etdilər, onu tərk etmək istəmədilər. Ancaq çifayda… onlar hazırlıqsız yaxalanmışdılar yağıya. Sən demə, mənfur düşmən uzun illərdir Vətənimizə göz dikibmiş, gizli-gizli hazırlıq görüb, marığa yataraq fürsət güdürlərmiş. Həm xəyanətin əlləri o vaxt çox uzun idi, çox çirkli ətəklərə uzandı o əllər. Nəhayətində Vətəni zorla övladlarından qopardılar…
Uzun illər – 30 ilə yaxın Vətənimiz yağı tapdağında inlədi. Bu uzun illər ərzində Vətən övladlarının gecələr yuxusu, gündüzlər qərarı ərşə çəkildi.
Vətənsə gözlərini övladlarının gələcəyi yollara dikib səbirlə, intizarla gözləyirdi. Bilirdi ki, övladları mütləq qayıdacaqlar, bilirdi ki, övladları əsla Vətənin bir qarışını, bir ovuc torpağını belə düşmənə verməzlər. Onlar Vətəni azad etmək üçün bir gün düşmənin başı üstündə ildırım kimi gurlayıb, şimşək kimi çaxacaq, yağının başını ilan başıtək əzəcəklər. Odur ki, səbr edirdi və düşmənə baş əyməyib, sinəsinə vurulan yaralara mətanətlə dözür, ona yad olan bu mənfur məxluqları qəbul etmirdi.
Vətənin gülləri solmuşdu, havası da artıq ətirli, şəfalı deyildi, çayları, şəlalələri də əvvəlkitək gurlamır, çağlamır – sakit, səssiz bir hüznlə axırdı. Dağların, dərələrin, çəmənliklərin üzərinə sanki kədərdən bir örtük çəkilmişdi, təbiət üzücü sükuta dalmışdı. Vətən övladları üçün çox qəribsəyir, darıxırdı… Qulaqları əzizlərinin səslərini – şaqraq gülüşlərini, yanıqlı zəngulələrini eşitmək üçün gecə-gündüz çınlayırdı, gözlərini onların gələcəyi yollardan bir an belə çəkmirdi.
Əslində düşmən də bu laləzar, cənnətmisallı Vətənin onlara məxsus olmadığını, bir gün Vətənin əsl sahiblərinin – övladlarının onların dərsini vermək üçün mütləq gələcəklərini yaxşı bilirdi. Odur ki, bir tərəfdən Vətənin qanını zəli kimi sorub ondan qidalanır, digər tərəfdən bu gəlişin qarşısını almaq, yubatmaq üçün kəm ağılları ilə guya ki, keçilməz sədlər, aşılmaz maneələr tikib yaradır, həmçinin daşı-daş üstə qoymayıb onu xarabalığa çevirirdilər. Vətən sevgisindən, vətənpərvərlikdən uzaq olan bu rəzillər anlamırdılar ki, Vətən məhəbbətinin qarşısında heç bir sədd, maneə duruş gətirə bilməz. Namərd düşmən Vətən oğullarının şücaətinə, cəsarətinə, hünərinə bələd idi, onların nə vaxtsa qovuşacaqlarından əmin idilər. Ona görə də Vətənin övladlarına qovuşacağı vüsal gününü mümkün qədər uzatmaq üçün gecə-gündüz baş sındırır, türlü-türlü xainliklərə, namərdliklərə əl atırdılar. Özləri kimi xainlərin “xidmətində” dayanaraq, onların çirkli ayaqlarını yuyub, suyunu içməkdən belə çəkinməyib havadar, tərəfdaş toplayırdılar. Eyni zamanda, uzun illər ərzində mənfur düşmən dayanmadan Vətənin bağrını dəlik-deşik edir, onun sinəsini yarıb saysız-hesabsız bombalar – minalar gizlədirdilər ki, Vətən övladlarına qovuşduğu zaman onları bağrına basıb həsrət gidərə bilməsin, bu hicran uzandıqca uzansın. Dözməyib bir-birilərinə sarılsalar, bu bombalar partlayıb onları məhv etsin. Bununla namərd düşmən onları qəbul etmədiyi üçün Vətəndən intiqam alır, ürəyində sağalmaz yaralar açmaq istəyirdilər.
Bəli, aylar keçdi, illər ötdü, nəhayət, gözlənilən vaxt-məqam gəlib yetişdi – Vətəni azad etmək üçün övladları artıq tam hazır idi. Keçən zaman ərzində Vətənin övladları daha da artıb, çoxalmış, güclənmiş, düşmənə qan uddurmaq üçün yaxşıca hazırlaşıb “Dəmir yumruq” kimi birləşmişdilər. Ən böyük övladın – böyük, müdrik sərkərdənin əmri ilə “Dəmir yumruq” hərəkətə gəldi, qarşısıalınmaz sel kimi coşdu, dağlardan-təpələrdən aşdı, keçilməz sədləri yıxdı keçdi, düşmənin başına od ələdi, ayaqlarının altında tapdalayıb əzdi, yerlə-yeksan etdi. Onları Vətəndən iti qovan kimi qovdu…
Yağı düşmən ildırım kimi çaxan, sel kimi coşan “Dəmir yumruq”a tab gətirə bilmədi, ölənlər öldü, qalanlar da arxasına baxmadan “asta qaçan namərddir” deyib (onlar zatən namərddirlər) tülkü kimi qorxub qaçdılar.
Bəli, Vətən azad edildi!.. Vətən artıq azaddır!
Sənə qurban, Can Vətən! İrili-xırdalı kələkötür daşlarına, bərəkətli torpağına, ətirli, can dərmanı havana, suyuna, qranit qayalarına, əzəmətli dağlarına, çağlayan çaylarına, şəlalələrinə qurban, Can Vətən! Axar çayların qurumasın, gül-çiçəklərin solmasın, səmanı bir daha qara buludlar bürüməsin, Can Vətən!
Vətənin də, övladlarının da sevincinin həddi-hüdudu yox idi, ancaq bu böyük sevincə çox böyük, ağrılı bir kədər də qarışmışdı. Çünki Vətənin azad edilməsi asan başa gəlməmişdi. Vətənin azadlığı uğrunda minlərlə igid oğlu canını fəda etmişdi. Vətənin sinəsinə çalın-çarpaz övlad dağı çəkilmişdi. Odur ki, Vətənin də, övladlarının bir gözlərindən aşıb-daşan sevinc yaşları, o biri gözlərindən Vətən yolunda canından keçib şəhid olan qəhrəman oğullara görə gildir-gildir qanlı yaşlar tökülürdü.
Vətən həm də ona görə ağlayırdı ki, həsrətini çəkdiyi övladlarını uzun illərdən sonra bağrına basıb, sarıb-sarmalaya bilmirdi. Çünki qoynu partlamağa hazır bombalarla dolu idi. Vətən hələlik əzizlərini özündən uzaqlaşdırmağa məcbur idi. Sevincdən, həyəcandan dözməyib ona sarılanlar xain düşmənin namərd əməlinin qurbanı olurdu. Bu da Vətənin qəlbində dərin yaralar açırdı.
Can Vətən! Tezliklə övladların bütün yaralarını birər-birər sarıb, sağalmaz yaralarına məlhəm olacaqlar. Hətta artıq yaralarını sağaltmağa başlayıblar. Düşməni məhv edib, onların murdar ayaqlarını torpaqlarından kəsdikləri kimi, qoynundakı bombaları da canını acıtmadan, incitmədən bircə-bircə çıxaracaqlar. Övladlarının əli ilə torpaqların başdan-başa abadlaşıb gülüstana – cənnətə çevriləcək, gül-çiçəklərinin, dərdə dəva havanın ətri bütün Azərbaycanı bürüyəcək, çayların, şəlalələrin daha gur, daha əzəmətlə çağlayacaq!
O gün uzaqda deyil, Can Vətən! O gün bərk-bərk sarılacağıq bir-birimizə, namərd düşmənin heç bir fitnə-fəsadı, heç bir güc-qüvvə bizi bir-birimizdən bir daha ayıra bilməyəcək!

