COVID-19 pandemiyasının uşaqlara təsiri: Valideynlər nəyi bilməlidir?
Pediatr: Koronavirusdan sağaldıqdan sonra təhlükəli MIS-C sindromuna rast gəlinə bilər
İlyarımdan artıqdır ki, koronavirus pandemiyası davam edir. Müəyyən profilaktik tədbirlər görməklə bu xəstəliyin daha çox zərər vurmasının qarşısı alınır. Azərbaycanda da COVID–19-a qarşı ciddi mübarizə aparılır. Ancaq bəzi şəxslərin bu xəstəliyə hələ də laqeyd yanaşmasının nəticəsidir ki, hazırda virusa yoluxanların və bu xəstəlikdən dünyasını dəyişənlərin sayı artmaqdadır.
Məlumat üçün qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma halı 30-39 yaşarası vətəndaşlarda müşahidə olunub. Belə ki, ölkə üzrə yoluxma hallarının 21 faizi həmin yaş qrupunda qeydə alınıb.
Bundan əlavə, yoluxma hallarının 18 faizi 50-59, 16 faizi 20-29, 15 faizi 40-49, 15 faizi 60-69, 6 faizi 10-19, 4 faizi 70-79, 3 faizi 0-9 yaş qruplarının, 2 faizi isə yaşı 80 və ondan yuxarı olan vətəndaşların payına düşür.
Göründüyü kimi, 0-19 yaş arası körpə, uşaq və yeniyetmələrdə koronavirusa youxma halları azlıq təşkil edir. Mütəxəssislərin fikirlərinə görə, hər yaşda uşaq COVID-19 xəstəliyinə yoluxa bilər. Böyüklərdə və uşaqlarda eyni əlamətlər olsa da, uşaqlar əksər hallarda xəstəliyi böyüklərlə müqayisədə daha yüngül keçirirlər.
Bəs uşaqlarda koronavirusa yoluxma hansı əlamətlərlə özünü göstərir?

Pediatr Gülnar Abdullayeva “İki sahil”in bu sorğusuna cavabında bildirdi ki, böyüklərdə olduğu kimi, uşaqlarda da koronavirus özünü bir sıra virus infeksiyalarının əlamətləri ilə eyni səviyyədə göstərir: “Kiçik yaşlı uşaqlarda iştahsızlıq, yeməkdən imtina, halsızlıq, 36-37.5, bəzən isə daha yüksək temperaturun olmasına rast gəlinə bilinir. Südəmər körpələrdə qidadan imtina, böyük yaşda uşaqlarda başağrıları, narahatlıq, iştahsızlıq, halsızlıq, daha böyük uşaqlarda isə əzələ ağrılarnın olması halları baş verə bilər. Bəzi hallarda isə yoluxma daha sadə formada qusma, ishal şəklində də özünü göstərir. Əgər ailədə temperaturu olan xəstələr varsa və ailə üzvlərindən hər hansında COVID-19 virusu aşkarlanıbsa, o zaman həmin ailədə ki yer uşaqlarda da koronavirusa yoluxma qaçılmazdır”.
“Koronavirusa yoluxub sağalan uşaqların səhhətində sonradan hansısa problemlər yaranmağa başlayırmı”sualımızı cavablandıran pediatr bildirdi ki, son vaxtlar xüsusilə 9-12 yaşdan yuxarı uşaqlarda koronavirusdan sağaldıqdan sonra 6-9 həftədən sonra MIS-C, sindromu deyilən bir sindrom rast gəlinir: “MIS-C, uşaqlarda çoxsistemli iltihab sindromu deməkdir. Uşaqlarda çoxsistemli iltihab sindromu (MIS-C) ürək, ağciyər, böyrək, beyin, dəri, göz, mədə və bağırsaq daxil olmaqla müxtəlif orqanların iltihabı ilə xarakterizə olunan bir xəstəlikdir. Ancaq uşaqların çoxu operativ müalicə ilə sağalır. MIS-C-nin dəqiq səbəbi və risk faktorları aydın deyil. Bunun COVID-19 virusu ilə əlaqəli olduğu görünür. Bu COVID-19 virusunun yaratdığı bir komplikasiya kimi izah edirlər. Uşaqlarda COVID-19 virusuna məruz qaldıqdan sonra 4 həftəyə qədər MIS-C inkişaf edə bilər. Bu sindrom nəticəsində uşaqlarda çox yüksək temperatur, halsızlıq, oynaqlarda ağrı, qan dəyərlərində müxtəlif formada dəyişikliklərin olması və hərtərəfli müalicəyə baxmayaraq temperaturun düşməməsinə rast gəlinə bilir. Bu da koronavirusun səbəbi bilinməyən yolla immun sisteminə göstərdiyi təsir ilə bağlıdır. Amma heç bir həyati təhlükəsi yoxdur. Ümumiyyətlə, uşaqlarda ağır formada sətəlcəm və pnevmaniyanın rast gəlinməsi halları olmur. Xüsusilə kiçik yaşda uşaqlar bu xəstəlikləri daha rahat keçirir”.
G. Abdullayeva valideynlər arasında ən çox maraq doğuran məsələ “Uşaqların koronavirusla mübarizədə əsas yolu nədir” sualına da aydınlıq gətirib. Pediatr qeyd edib ki, uşaqların immunitetini gücləndirmək üçün qidaların düzgün seçilməsi vacibdir: “Valideynlər uşaqlarını hazır və zərərli qidalardan uzaq tutmalıdır. Daha çox meyvə- tərəvəz yeyilməlidir. Uşaqları günəş vannası qəbul etdirmək, gündə iki dəfə havada olmaq, su ilə təması düzgün qurmaq, uşağı çox istidə saxlamamaq və bol su içməkdə fayda var”.

