Siyasət 

“Miatsum” ermənilərə nə verdi? – 33 illik xülyanın sonu

Ermənistanın təslim olması haqqında noyabrın 10-da imzalanan Bəyanat Qarabağın işğalına son qoymaqla yanaşı, “Miatsum” xülyasını da darmadağın etdi

Ermənilər tarix boyu yalan uydurmağı və heç utanmadan, çəkinmədən onu bütün dünyaya yaymağı çox yaxşı bacarıblar. Yalanları ayaq tutub yeridikcə iştahaları və həyasızlıqları da artıb. Uzun illərdir ki, özlərinin heç zaman olmayan saxta qədim dövlətçilik ənənələri və “böyük Ermənistan” xülyalarını real tarix kimi bəşəriyyətin zehninə sırımaqdadırlar.

Uydurma erməni dövləti harada olub? Erməni alimləri həmin dövlətin sərhədlərini niyə cıza bilmirlər?! Niyə erməni xalqının tarixi barədə uzun-uzadı yazır, amma erməni dövlətinin tarixi məsələsindən yan keçirlər?! Ona görə ki, dövlətin tarixindən yazarkən mütləq şəkildə gərək onun sərhədlərini göstərəsən. Ermənilər bunu edə bilmirlər. Çünki hara qələm tuşlayırlarsa, o yerlərin əzəli sahibləri onlara dirsək göstərir. Bax, elə bu səbəbdən də onlar tarix boyu erməni dövlətinin deyil, daha çox, məhz erməni xalqının tarixi barədə mifik dastanlar uydurub yaymaqla məşğul olublar. Başqa sözlə, köçüb gəldikləri ərazilərdə özlərinə yer edəndən sonra arasında və ya qonşuluğunda yaşadıqları xalqların dəyərlərini öz adlarına çıxmaqla saxta erməni tarixi formalaşdırmağa çalışıblar.

Məlumdur ki, ermənilər Qarabağa 1828-ci ildən sonra, Türkmənçay sülh müqaviləsinin şərtlərinə uyğun olaraq köçürülüblər. Ona görə də Qarabağ ərazisində 1828-ci ildən əvvələ aid heç bir erməni izi olmayıb. Ermənilər özləri də çox yaxşı bilirlər ki, Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb. Bu saxta dövlət Rusiya imperiyası dağılandan sonra 1918-ci ildə yaradılıb, paytaxt elan etmək üçün şəhər tapılmayanda isə əzəli Azərbaycan şəhəri olan İrəvan onlara peşkəş edilib.

Erməni mənbələrinə nəzər saldıqda, onlar guya 1960-cı illərdə Azərbaycan SSR tərəfindən sosial-iqtisadi diskriminasiyaya məruz qaldıqları üçün Ermənistana birləşmək arzularının olduğunu etiraf edirlər. Lakin bu, kökündən yanlış bir yanaşmadır. Çünki Azərbaycan həmin dövrdə Moskvaya tabe müttəfiq respublika idi və onun tabeçiliyində olan muxtar vilayəti diskriminasiyaya məruz qoyması mümkün deyildi. Eyni zamanda, ötən əsrin 60-cı illəri iki fövqəldövlət arasında Yerdə və Kosmosda qızğın silahlanma yarışının getdiyi bir dövrə təsadüf edirdi. SSRİ-nin bütün iqtisadiyyatı ABŞ-la rəqabətə yönəlmişdi və belə bir şəraitdə ölkə əhalisi qıtlıqla üzləşmişdi. Ermənilərin qarşısını həmin dövrdə Heydər Əliyevin Azərbaycan SSR DTK-nın rəhbəri olması dayandırdı. Elə 1980-ci ilin sonunda, daha dəqiqi 1988-ci ildə onların baş qaldırmasının səbəbi 1987-ci ildə Heydər Əliyevin Siyasi Bürodakı vəzifəsindən uzaqlaşdırılması oldu. Bundan istifadə edən ermənilər “Miatsum” fikrini ortaya atdılar.

Ermənilərin milli ideya hesab etdikləri “Miatsum” “böyük Ermənistan” planlarının tərkib hissəsi idi. Bəs ermənilər “Miatsum”dan nə qazandılar?! Əminliklə demək olar ki, heç nə. Tam əksinə: Maddi, mənəvi, demoqrafik, sosial-iqtisadi, siyasi, geosiyasi, hərbi baxımdan Ermənistan çox şey itirdi. Ölkə işğalçılıq siyasəti ucbatından Azərbaycan və Türkiyə tərəfindən əhəmiyyətli layihələrdən kənarda qaldı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP və s. kimi layihələrin Ermənistan ərazisindən keçməməsi bu ölkənin hər il yüz milyonlarla ölçülən gəlirdən məhrum olması deməkdir. Həmçinin Azərbaycana yönəlmiş hərbi təcavüz Ermənistanı uzun onilliklər geri atmış oldu. Beynəlxalq hüquq norma və prinsiplərinə məhəl qoymayan, işğalçılıq niyyətindən əl çəkməyən bədxah qonşumuz uzun illər ərzində cəbhə xəttində vəziyyəti süni yolla gərginləşdirməyə, təxribatlar törətməyə və bu yolla mövcud “status-kvo”nu qoruyub saxlamağa çalışırdı. Lakin İrəvan rəhbərliyinin “dondurulmuş münaqişə” planı sonadək baş tutmadı. Ermənilərin işğal dövründə yaratdıqları mifologiya ötən il baş tutan 44 günlük müharibə nəticəsində darmadağın edildi. Həm siyasi, həm diplomatik, həm də iqtisadi cəbhədə uduzan tərəf Ermənistan oldu. Onsuz da heç bir təbii sərvəti və gəlir mənbəyi olmayan Ermənistan İkinci Qarabağ müharibəsində illərlə büdcədən orduya xərclənən vəsaitləri itirməklə bərabər, dövlətçiliyini də təhlükə altına qoydu. Bu, ilk növbədə ondan xəbər verir ki, indiyədək Ermənistana rəhbərlik etmiş şəxslər özlərindən saxta “qəhrəman” obrazı yaratmaqdan başqa bir iş görməyiblər. Ölkədə insan haqlarının pozulması, vətəndaşların ən ali hüquqlarının belə tapdanması halları geniş vüsət alıb. Bu da təbiidir, çünki Ermənistan hakimiyyətləri hər zaman separatist məqsədlərini xalqın maraqlarından üstün tutub. Əgər belə olmasaydı, bu gün bu ölkədəki vəziyyət tam başqa məcrada inkişaf edərdi. Təəssüf ki, Ermənistanın nə əvvəlki, nə də özünü “demokrat” kimi qələmə verən hazırkı hakimiyyəti ölkənin inkişafını, insanların rifah halının yaxşılaşmasını, ədalətli cəmiyyətin qurulmasını qarşıya prioritet kimi qoymayıb. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət isə Ermənistanın onsuz da ağır olan ictimai-siyasi vəziyyətini daha da kəskinləşdirib.

Azərbaycan bu gün bütün sahələrdə qazanılan uğurlar sayəsində qüdrətli dövlətə, beynəlxalq münasibətlər sistemində aparıcı aktorlardan birinə, güclü iqtisadiyyata malik qalib ölkəyə çevrilib. 30 il ərzində Azərbaycanda insanların rifah halının yüksəldilməsi, vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin olunması istiqamətində də ciddi addımlar atılıb. Məhz görülən işlərinin nəticəsi idi ki, Birinci Qarabağ müharibəsindən fərqli olaraq, Vətən müharibəsi zamanı Azərbaycanda xalq-dövlət birliyi təmin edildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, məhz xalq-ordu-dövlət birliyi sayəsində “dəmir yumruğu” formalaşdırmaq mümkün oldu. Nəticədə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan öz haqqını bütün dünyaya bəyan edə bildi, düşməni torpaqlarından qovdu. Əslində, Azərbaycan öz torpaqlarının geri qaytarılması ilə yanaşı, “Miatsum” xülyasını da darmadağın etmiş oldu.

Daha çox xəbərlər