Siyasət 

Azərbaycan-Türkiyə hərbi-siyasi əməkdaşlığı: Sülhün və təhlükəsizliyin qarantı

Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin qədim tarixi vardır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdirmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun çəkən müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi olmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin tarixi şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri olduğunu bildirmişdir. Ulu öndər Heydər Əliyev öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşdur: Bir millət iki dövlət, Azərbaycan-Türkiyə.

Türkiyə-Azərbaycan qardaşlıq münasibətləri hazırda Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qarşılanır və bu səfərlərinin hər birində iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir. Sirr deyil ki, Türkiyə iqtisadi, siyasi, hərbi və digər sahələr üzrə dünyada lider dövlətlərdən birinə çevrilmişdir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bizim regionumuzda çox müsbət rol oynayır. Türkiyə həmişə olduğu kimi qardaşlarını Azərbaycanın haqlı davasında da yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu ədalət savaşında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi, hələ Türkiyənin Ermənistan ilə sərhədlərinin bağlanması o vaxt Azərbaycana göstərilən həmrəyliyin bariz təcəssümü idi. Müharibənin ilk günlərindən Türkiyə Respublikasının Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bütün dünyaya bir mesaj idi ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. 44 günlük Vətən müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər edərək Azərbaycanın yanında olduqlarını nümayiş etdirdilər və birmənalı olaraq ölkəmizə dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi güc verdi.

Prezident İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bu məsələyə toxunaraq bildirdi ki, bəzi ölkələrdən fərqli olaraq Türkiyə hər zaman olduğu kimi, haqq davamızda da bizim yanımızda oldu, siyasi və mənəvi dəstəyini əsirgəmədi: “İkinci Qarabağ savaşının ilk saatlarında əziz Qardaşım Rəcəb Tayyib Ərdoğanın qətiyyətli açıqlamaları çox böyük və müsbət rol oynadı. O demişdir ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycanın haqq işində Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verir və verəcəkdir. Bunun çox böyük mənası var idi. Çünki bu, bir çoxlarını məsələyə müdaxilə etməkdən çəkindirdi. Çünki bilmək olmurdu bəzi ölkələr özlərini necə aparacaqlar”.

Bəzi ölkələrin İkinci Qarabağ savaşı dönəmində sərgilədikləri siyasi mövqeyə toxunan dövlət başçısı əlavə etdi ki, Türkiyənin Prezidenti və digər yüksək vəzifəli şəxslərin – müdafiə, xarici işlər nazirlərinin, parlament sədrinin açıqlamaları bir çoxlarını çəkindirdi. Prezident İlham Əliyev, həmçinin vurğuladı ki, Türkiyədən alınmış müasir silahlar, bayraktarlar daxil olmaqla bizim işimizi böyük dərəcədə yüngülləşdirdi və insan itkisinin çox olmamasına da səbəb oldu: “… əgər bu silahlar bizdə olmasaydı, əlbəttə, bizim işimiz daha çətin olardı, daha çox şəhidlər olacaqdı, bu, şübhəsiz. Ancaq biz Türkiyədən təkcə silahlı PUA-lar deyil, başqa silahlar da almışdıq – “qasırğa”lar, hərbi maşınlar, “kobra”lar. Yəni, bir çox silahlar var və bu proses davam edir. Maşallah, Türkiyənin müdafiə sənayesi çox sürətlə inkişaf edir və əlbəttə ki, biz də bundan faydalanırıq və faydalanacağıq”.

Vətən müharibəsi zamanı bütün dünya Türkiyə müdafiə sənayesinin istehsal etdiyi hərbi texnikaların gücünü bir daha görmüş oldu. Türkiyə istehsalı olan müdafiə sistemlərindən, pilotsuz uçuş aparatlarından hərbiçilərimiz məharətlə istifadə etdilər və bu, müharibədə böyük üstünlüyümüzə səbəb oldu. Türkiyə Respublikası ilə yeni müqavilələr imzalanmış, qardaş ölkədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilmişdir. Bu, hərbi gücümüzü daha da gücləndirəcəkdir. Hazırda, işğalda azad edilmiş torpaqlarımızda mina təmizləmə işini xeyli asanlaşdıran müasir texnikalar Türkiyədən alınaraq ölkəmizə gətirilmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qardaş Türkiyənin dəstəyi ilə Azərbaycanda Türk Ordusunun kiçik modeli yaranmaqdadır. Artıq bu sahədə əməli-praktiki işlərə başlanılmışdır. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı Türkiyə ilə fikir ayrılığı yoxdur, hədəflər eynidir. Müharibədən sonrakı dövr regionda əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün imkanlar yaradır. Bir sözlə, böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki qardaş ölkənin strateji və hərbi əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə, bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlib.

Daha çox xəbərlər