Dediyim sözlər həyatda öz yerini tutdu – Prezident İlham Əliyev
Dövlət başçısı İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində 30 illik işğal dövründə Ermənistanın imitasiya naminə danışıqlarına havadarlarının dəstəyindən bəhs edərək xalqımızın işğalla barışmadığını 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə təsdiqlədiyini bir daha diqqətə çatdırdı
Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev “CNN-Türk” televiziya kanalına müsahibəsində bu fikirləri böyük qürur hissi ilə qeyd etdi: “Mən son illər ərzində dəfələrlə demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu. Dediyim sözlər həyatda öz yerini tutdu və Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi.” 44 günlük İkinci Qarabağ müharibəsi, həmçinin postmüharibə dövründə dövlət başçısı İlham Əliyevin xarici mətbuata, eyni zamanda, yerli televiziyalara müsahibələrinin hər biri Azərbaycanın müstəqillik tarixində keçdiyi yolun, bu müddət ərzində ölkəmizin bütün sahələrdə biri-birindən əhəmiyyətli uğurlara imza atmasının, bu uğurların zirvəsi olan tarixi Zəfərimizi şərtləndirən amillərin və perspektivlərin təqdimatıdır. Son 18 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi üçün yaradılan imkanlar Vətən müharibəsində özünü bir daha nümayiş etdirdi. Ölkə Prezidenti sözügedən müsahibəsində “Əslində, İkinci Qarabağ müharibəsinin Zəfərlə nəticələnməsinin bir səbəbi də Azərbaycanın doğru mövqe nümayiş etdirməsidir. Son 30 il ərzində Azərbaycan, əslində, həm müdafiə potensialını və Ordusunun döyüş qabiliyyətini inkişaf etdirdi, həm də Ermənistan kimi yanlış bir mövqe nümayiş etdirmədi. Çox səbirli və təmkinli mövqe sərgilədi. Qələbənin qazanılmasında, əslində, bu amilin də təsiri olduğunu düşünürsünüzmü” sualını cavablandırarkən bildirmişdir ki, əlbəttə, burada bir çox amillər rol oynadı: “İlk növbədə, əlbəttə ki, xalqımızın əzmi, barışmaz mövqeyi və bizim siyasətimiz. Çünki mən artıq 18 ilə yaxındır ki, Prezidentəm və bütün bu illər ərzində deyirdim ki, nəyin bahasına olursa-olsun biz torpaqlarımızı azad etməliyik və edəcəyik. Sadəcə olaraq, bunu düzgün anda etməli idik və etdik, səhvə yol verə bilmərik. Çünki bu, tarixi məsuliyyətdir və ona görə zamanında atılan addımlar bax, belə nəticəyə gətirib çıxardı. Xalqın barışmaz ruhu, əlbəttə ki, əsas amillərdən biridir. Çünki biz Qarabağı unutmadıq. Hətta Qarabağı görməyən və çadır şəhərciklərində doğulan uşaqlar da bir arzu ilə, bir amalla yaşayırdılar ki, getsinlər, öz torpağına qayıtsınlar. Ölümə gedənlər məhz onlar kimi minlərlə gənc olmuşdur.” Dövlət başçısı Qələbəmizi şərtləndirən digər amilləri, ordumuzun gücləndirilməsini, silah, texnika, təchizat məsələlərini də xüsusi qeyd etmişdir. Son illərdə ən çağdaş texnologiyaya əsaslanan silahlar alındı və ordumuzun peşəkarlığı artdı. “Çünki silahlar, texnologiya, əlbəttə, bir çox məsələləri həll edir. Ancaq yerində torpağı alan, bayrağı sancan əsgərdir” söyləyən cənab İlham Əliyev qeyd etmişdir ki, əgər o, döyüşə həvəslə getmirsə, heç bir silah sənə kömək edə bilməz. Bu amillər bizi Qələbəyə apardı.
Torpaqlarımızın işğaldan azad edilməsi üçün hazırlıq işlərinin aparılmasında əsas amillərdən biri də xalq-iqtidar birliyi olmuşdur. Həyata keçirilən siyasət daim xalq tərəfindən dəstəklənir. Bunu şərtləndirən amil isə cənab İlham Əliyevin fikirlərinə istinad etsək, “Çünki nəyi demişiksə, onu da etmişik. Biz “nəyi nə vaxt, necə etmək lazımdır bilirik” deyəndə, məhz bunu nəzərdə tuturduq.»
Qeyd etdiyimiz kimi, tariximizə yazılan Zəfər dövlətimizin başçısı İlham Əliyevin son 18 ildə atdığı qətiyyətli addımların, ölkəmizdə xalq-iqtidar birliyinin, xalqın öz liderinə, Müzəffər Ali Baş Komandana olan sonsuz inamının və məhəbbətinin, onun ətrafında yumruq kimi birləşməsinin dünyaya təqdimatı oldu. Bu reallıq bir daha öz təsdiqini tapdı ki, ölkəsini güclü, qüdrətli, xalqını yenilməz, məğrur görmək istəyən Lider daim gələcəyə hesablanmış strategiya üzərində çalışacaq, təqdim edəcək və onun uğurlu icrasına səy göstərəcək.
Düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın dünyaya günəş kimi doğmasına yol açan ulu öndər Heydər Əliyevin siyasi kursunun son 18 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz iqtisadi və siyasi müstəqilliyini təmin etdi, etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirdi. Cənab İlham Əliyev qeyd etdiyimiz müsahibəsində bu məqamlara xüsusi diqqət çəkdi.
Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaət, ərazi bütövlüyümüzün təmin olunması Heydər Əliyev siyasətinin uğuru, Prezidentimizin Ulu Öndərin vəsiyyətini şərəflə yerinə yetirdiyinin təsdiqidir. Dövlətimizin başçısı İlham Əliyev noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından xalqımıza çatdırarkən bu məqamı xüsusi vurğulamışdır: «Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!»
Son illərdə Azərbaycan bütövlükdə regionun iqtisadi mənzərəsinə ciddi təsir göstərən, dünyada əsl söz sahibinə çevrilən bir dövlət kimi adını müasir tariximizə yazıb. Regional əməkdaşlığın aparıcı qüvvəsi kimi Azərbaycanın töhfələri davamlılığı ilə diqqət çəkir. Azərbaycan sözün həqiqi mənasında ciddi regional faktora çevrilib. Hər zaman çıxışlarında «Bizim xarici siyasətimiz də birmənalıdır, açıqdır, aydındır və müstəqildir» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə əlaqələrimiz qarşılıqlı hörmət və milli maraqlar prinsipi əsasında qurulur. Beynəlxalq aləmdə xoşbəxt, islahatçı ölkə kimi tanınan Azərbaycan növbəti uğurları ilə bu xoşbəxtliyinə yeni əlavələr edir. 2020-ci ilin Zəfəri xoşbəxtliyimizin ən böyük göstəricisidir. Ölkəmizin sözünün imzası qədər dəyərinin artması, beynəlxalq hüquqa əsaslanan siyasəti Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurdu. Dövlətimizin, cənab İlham Əliyevin qətiyyəti, dəyişməz mövqeyi sayəsində Azərbaycan Ordusu tarix yazdı. Bu tarix çoxəsrlik tariximizin ən parlaq səhifəsi kimi yaddaşlarda əbədi yaşayacaq.
Bu uğurumuzu şərtləndirən amillərdən biri də beynəlxalq qurumların Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdikləri qərar və qətnamələridə, həmçinin imzalanan sənədlərdə Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi, qeyd etdiyimiz kimi, iqtisadi uğurlarımız fonunda ordumuzun artan gücü və qüdrətidir. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın iqtisadi imkanlarından bəhs edərkən bu mühüm məqamı da xüsusi qeyd edir ki, ölkəmiz nəqliyyat mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Keçməyə də bilərdi, əgər biz bu coğrafiyaya böyük sərmayə qoymasaydıq, əgər qonşu ölkələrlə çox yaxşı münasibətlərimiz olmasaydı. Əgər onun qonşularla münasibətləri yaxşı deyilsə, ölkə necə tranzit ölkəyə çevrilə bilər, bu, mümkün deyil. Ona görə də xarici siyasətimiz daxili vəziyyətimizin daha da yaxşı olmasına hesablanıb. Bu fakt da inkaredilməzdir ki, Azərbaycanın yerləşdiyi region geosiyasi, strateji və iqtisadi baxımdan dünyanın siyasi xəritəsində əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan həm qonşuluq siyasətində, həm də digər region ölkələri ilə olan münasibətlərində balanslaşdırılmış siyasət yürütməkdədir.
Tarixi Zəfəri ilə yeni reallıqlar yaradan Azərbaycan diktə edən tərəf kimi yeni əməkdaşlıq formatlarının yaradılması təçəbbüsü ilə çıxış edir. Azərbaycan Ermənistana əməkdaşlıq yolunu təklif edərək sülh müqaviləsinin imzalanmasının qarşıdakı dövr üçün perspektivlərini açıqlayır. Cənab İlham Əliyev sözügedən müsahibəsində də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyindən bəhs edərək region ölkələrindən gözləntilərini diqqətə çatdırmışdır.
Qeyd edək ki, 10 noyabr Bəyanatının 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Zəngəzur dəhlizinin açılması regiona yeni ab-hava gətirəcək.
Azərbaycanın tarixi Qələbəsini şərtləndirən amillər sırasında diplomatik müstəvidə uğurlarımızdan bəhs edərkən Qoşulmama Hərəkatına sədrliyini xüsusi qeyd etməliyik. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı müasir dünyada öz aktuallığını daha da artırır. Azərbaycan Qoşulmama Hərəkatının Zirvə görüşünə ev sahibliyi, 2019-2022-ci illərdə quruma sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verir və verəcək. O da məlumdur ki, Azərbaycanın quruma sədrlik dövrü üzvlərinin təşəbbüsü ilə bir il də uzadıldı. Təbii ki, bu, Azərbaycana olan inamın və etimadın göstəricisi olmaqla yanaşı, ölkəmizin üzərinə götürdüyü missiyanı yüksək səviyyədə yerinə yetirməsindən irəli gəlir.
44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsi qarşıdakı dövr üçün yeni imkanların, üfüqlərin açılmasını təmin etdi. Dövlət başçısı İlham Əliyevin müsahibəsində söylədiyi “Müharibənin ilk günlərində, bilirəm, bəziləri düşünürdü ki, görəsən dayanacaqlarmı, dayanmayacaqlarmı, dayandıracaqlarmı, dayandırmayacaqlarmı, İlham Əliyev sona qədər gedəcəkmi, getməyəcəkmi. Amma müharibə davam etdikcə hər kəs gördü ki, öldü var, döndü yoxdur, sona qədər gedəcəyik” fikirləri Azərbaycan xalqının iradəsinin, yenilməzliyinin, Prezidentinin ətrafında sıx birləşməsinin təqdimatıdır. İkinci Qarabağ savaşı Azərbaycan xalqının tarixində əbədi qalacaq. Bu baxımdan son 18 ilin mühüm uğurlarından biri kimi düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində məğrur, yenilməz xalq olmağımızla fəxr edirik. İşğal altında olan torpaqlarımız azad olunub, öz tarixi sahibinə qayıdıb. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nail olduğu möhtəşəm uğurlar ulu öndər Heydər Əliyevin arzularının həyata vəsiqə almasının təsdiqidir. Cənab İlham Əliyev daim bildirirdi ki, mən nəyi nə zaman etmək lazım olduğunu bilirəm. Ölkə Prezidenti bütün təzyiqlərə baxmayaraq qətiyyətli mövqeyindən bir addım da belə geri çəkilmədi, işğalçı Ermənistanın baş nazirinin irəli sürdüyü 7 şərtə cavab olaraq yalnız bir şərti qoydu ki, o da işğalçıların torpaqlarımızdan çıxmaları idi. 300-ə qədər yaşayış məntəqəsi, 6 şəhər, 5 qəsəbə, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildikdən sonra diz çökən Ermənistan çıxılmaz vəziyyətdə qaldı. Ya tamamilə məhv olmalı idi, ya da Bəyanatı imzalamaqla məğlubiyyətini etiraf etməli idi. Noyabrın 10-da imzalanan Bəyanat Azərbaycanın 30 ilə yaxın dövrdə gözlədiyi anın, siyasi Qələbəmizin dünyaya təqdimatı oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi, azərbaycanlı qardaşlarımızın mübarizəsi nəticəsində artıq bu gün Qarabağ səmalarını köhnə bir bez parçası deyil, ay və ulduz bəzəyir. Azərbaycan bayrağı Qarabağda qürurla dalğalanır.
Cənab İlham Əliyev sözügedən müsahibədə dünyaya səs salan Azərbaycan-Türkiyə münasibətlərindən, Qarabağımızda imzalanan Şuşa Bəyannaməsinin perspektivlərindən də geniş bəhs etdi. “Biz bütün bu illər ərzində Türkiyə-Azərbaycan birliyini möhkəmləndirmək üçün çox böyük səylər göstərdik” söyləyən dövlət başçısı bildirmişdir ki, dünyada oxşar tarixə, mədəniyyətə, etnik köklərə malik olan ölkələr çoxdur. Bizim ətrafımızda elə ölkələr var ki, onların dili də bir-birinə bənzəyir, etnik kökləri də bir-birinə yaxındır. Amma baxın, görün, bu ölkələr arasında əlaqələr necədir? Bəziləri bir-birinə düşməndir. Yəni, ortaq tarix və ortaq etnik köklər hələ o demək deyil ki, ölkələr də qardaş ölkələr olsunlar, xalqlar da qardaş xalqlar olsunlar. Yəni, bu, böyük bir siyasətin təzahürüdür.
Dövlət başçısı bu məqamı da xüsusi qeyd etmişdir ki, son 18 il ərzində həm Türkiyə, həm Azərbaycan tərəfindən vahid siyasət formalaşdırılıb: “Ondan daha əvvəl atamın dönəmində onun məşhur kəlamı var: “Bir millət, iki dövlət”. Bunu indi bilməyən yoxdur. Amma bəziləri bəlkə də bilmir ki, bunun müəllifi Heydər Əliyev olmuşdur. Bu sözləri o demişdi. Bu sözlər bizim üçün işıqlı bir yoldur. Bu vəsiyyətə, bu sözlərə sadiq olaraq biz hər istiqamət üzrə əlaqələrimizi gücləndirdik, yüksək səviyyəyə qaldırdıq. Siz burada insanlarla təmaslar əsnasında görürsünüz ki, Türkiyəyə nə qədər böyük sevgi və məhəbbət var. Bu, hər zaman belə idi. Amma İkinci Qarabağ müharibəsində bu, daha da artdı. Çünki Azərbaycan xalqı çox gözəl gördü ki, onun əsl dostu, qardaşı kimdir.” Türkiyə və Azərbaycan bayraqlarının birgə dalğalanmasını böyük qürur hissi ilə vurğulayan dövlət başçısı İlham Əliyev bildirdi ki,
yeni nəsil, gənc nəsil gərək bizim yolumuzu davam etdirsin. Çünki biz bu təməli qoyduq, çox güclü müttəfiqlik, sarsılmaz birlik yaratdıq: “Ancaq siyasət elə bir sahədir ki, bunun üzərində hər gün çalışmalısan. Boşluq olmamalıdır, ara olmamalıdır ki, kimsə bu araya girə bilsin. Çünki elələri də var. Türkiyə-Azərbaycan birliyi artıq bölgəsəl amildir. Bəlkə də nə vaxtsa qlobal amilə çevriləcək, ola bilər. Çünki indi bizim artıq başqa ölkələrlə də müttəfiqlik əlaqələrimiz formalaşmaqdadır. Bu, bəzilərini narahat edir. Çalışacaqlar ki, aramıza girsinlər, çalışacaqlar ki, provokasiyalar, təxribatlar, uydurmalar ortaya atılsın. Ona görə bizdən sonra gələn nəsil bu yolla getməlidir. Bu yol əbədi olmalıdır”.
Ümumilikdə dövlət başçısı İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi Azərbaycanın daxili və xarici siyasətinin uğurlarının aydın mənzərəsini yaradır. Artıq bu gün işğaldan azad edilmiş ərazilərimizin cənnətə çevrilməsi üçün bütün işlər sistemli şəkildə həyata keçirilir. Dövlət başçısı bir daha qeyd etdi ki, bizim rəqibimiz zamandır. Ermənilərin bu torpaqlarda hansı dağıntıları törətdikləri məlumdur. Onları yenidən bərpa etmək, quruculuq işlərini həyata keçirmək zaman tələb edir. Hazırda Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması ilə bağlı gərgin iş aparılır.
Şanlı Qələbəmizin reallıqlarından bəhs edərkən yuxarıda qeyd etdiyimiz bu məqamla ümumiləşdirmə aparmaq istərdik ki, xalq öz Prezidentini daha da yaxından tanıdı, Müzəffər Ali Baş Komandan isə xalqın böyüklüyünün, yenilməzliyinin, məğrurluğunun, dəmir yumruq kimi birliyinin, Vətən, torpaq sevgisinin, vətənpərvərlik hissinin bir daha şahidi oldu. Məğrur, qüdrətli xalqına arxalanan Müzəffər Ali Baş Komandan isə Qələbə naminə əzmlə, qətiyyətlə davrandı, bütün siyasi-diplomatik təzyiqlərə baxmayaraq qalib Sərkərdə oldu və özünə xalqın etimadını, sevgisini, dəstəyini daha da artırdı, ətrafında sıx birləşdirərək Azərbaycan tarixinə Zəfərimizi yazdı. Dövlət başçısı İlham Əliyevin sözügedən müsahibəsində də xalqına, dövlətinə bağlılığı bir daha özünü nümayiş etdirdi. Dövlətinin, xalqının gələcəyini düşünən, qalib ölkənin qalib Liderinə milyonların sevgisi şəksizdir. Bu gün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları qalib Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur, Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna təşəkkürünü bildirir, torpaqlarımızın azadlığı yolunda canlarından keçın şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahda şəfa diləyirlər.
Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir. Möhkəm təmələ əsaslanan siyasət, ölkə Prezidentinin qətiyyəti, təkmil islahatları, torpaqlarımızın tarixi sahiblərinə qovuşması və bu ərazilərdə yeni həyatın başlaması, Azərbaycan xalqının ruh yüksəkliyi gələcəyə daha böyük inamla irəliləməyə əsas verir.

