Sosial 

Sosial şəbəkədə “patı”nı təbliğ edənlər necə cəzalandırılacaq? – AÇIQLAMA

Son zamanlar sosial şəbəkələrdə pis vərdişlərin təbliği və bununla bağlı saxlanılan şəxsləri sayı artır. Bəs sosial şəbəkələrə nəzarət necə olur? Bunu kim həyata keçirir?

Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən media eksperti Ələsgər Məmmədli bildirib ki, sosial şəbəkələrə nəzarət prinsipi deyəndə totalitar yanaşma olur:

“Mütləq şəkildə kimlərsə nəyəsə nəzarət etməlidirmi? Belə bir zarurət varmı? Bu suallar sorğulanmalıdır. Nəzarət sadəcə hüququn tətbiqi baxımından yanaşıla bilər. Bu da o deməkdir ki, konkret olaraq hüquqa uyğun davranışlar və hüquqa zidd davranışlar var. Kimlər hüquqa zidd hərəkət edirsə, bunu biz 3 şəxsə zərər verən zaman və yaxud da hansısa kütləvi şəkildə toplumu təhdid edən bir məsələ olduqda biləcəyik. Bu məsələlər də qanunvericiliyə uyğun şəkildə çox yaxşı müəyyən edilib.

İfadə azadlığının çərçivəsi var. İfadə azadlığı var, amma ifadə azadlığı başqasının hüquqlarına, özəlinə, müdaxilə etməmək və yaxud da dövlətin qorunan sirlərini açmamaq, terrorizmi təbliğ etməmək, nifrət dilindən istifadə etməmək kimi məhdudiyyətlərlə bir aradadır. İfadə azadlığı var deyə, bu çərçivələri qorumadan hər şey sərbəst olmur. Belə yanaşanda, sosial şəbəkələrdə də bu keçərlidir. İstər sosial media, istərsə də onlayn media olsun, bunların hər birinin kontentini yaradarkən, yəni hansısa formada informasiya yayarkən, bütün hallarda informasiyalara baxılmalıdır. Orada informasiyanın mövcud kontentə nə qədər uyğun olub-olmaması yoxlanılmalıdır. Yoxlanış zamanı insanın kiməsə və yaxud da topluma zərər verdiyi üzə çıxdıqda, bunun aradan qaldırılması üçün hüquqi yollar mövcuddur. Bununla bağlı Azərbaycan qanunvericiliyində çox imkanlar var. Əgər kimsə sosial şəbəkələrdən digər şəxsləri təhqir edirsə, həmin insanlar məsələni cinayət məcəlləsinin 147 və 148-ci böhtan və təhqir maddələri ilə mübahisələndirə bilər. Bunu anonim etmək istəyirsə, o zaman 148-1.-ci maddə ilə məsələni qaldıra bilər. Nifrət, milli, dini, irqi ayrıseçkiliyə çağırışlar varsa, o zaman cinayət məcələssinin 283-cü maddəsi bu çərçivədə onların köməyinə çatacaq”.

Ekspert, həmçinin, vurğulayıb ki, sosial şəbəkələrə prokurorluq nəzarət edir:
“Sosial şəbəkələrə nəzarət prinsipi onsuz da var. Sosial şəbəkələrə prokurorluq nəzarət edir. İctimai aspektdən baxanda alkoqolik olmaq da pis vərdiş hesab olunur. Televiziyalarda saat 11-dən sonra alkoqolik maddələri reklam edə bilmirlər. Siqaret də tibbi baxımdan pis vərdiş sayılır. Buna baxmayaraq, tütün məhsulları bütün iaşə obyektlərində açıq şəkildə satıla bilir. Çünki onların satışı legitimdir.

Narkotik vasitələrin sosial şəbəkələrdə və yaxud da digər yerlərdə təbliği cinayətdir. Narkotik vasitələri harada yaymaqlarından asılı olmayaraq, bunu yayanlar hüquqi məsuliyyətə cəlb olunacaqlar.

Digər pis vərdiş isə insanların əxlaqına təsir edəcək dərəcədə olan əxlaqsızlıqdır ki, o da hüquqi yollarla təmin olunur”.

Daha çox xəbərlər