Azərbaycan Gorus-Qafan yolunu bağlamaqla sübut etdi ki…
Bir neçə gün bağlı saxlanılan Görus-Qafan yolu açılıb. Ermənistan rəsmilərinin sözlərinə görə, Azərbaycan tərəfi müəyyən şərtlər irəli sürməklə yoldan istifadəyə icazə verib. Əslində Gorus-Qafan yolunu bağlamaqla Azərbaycan dövləti bir neçə məsələni eyni vaxtda həll etmiş oldu. Yəni rəsmi Bakı Paşinyan hakimiyyətinə anlatdı ki, Azərbaycan Ermənistanın hərbi-siyasi təxribatlarını cavabsız qoymayacaq və düşmən hər dəfə cəzalandırılacaq.
Xüsusilə Gorus-Qafan yolunun bağlanmasını da rəsmi Bakı elə iki erməni hərbçinin Azərbaycan sərhədçisinə hücum edib xəsarət yetirməsinə cavab olaraq təşkil etmişdi. Bu yolun bağlanması ilə Azərbaycan Ermənistanın cənubu ilə şimalı arasında əsas nəqliyyat-kommunikasiya xəttini kəsmişdi. Nəticədə Ermənistan müəyyən mənada iki yerə parçalanmış oldu. Bu, Ermənistan üçün ağır zərbə xarakteri daşıyırdı.
Digər tərəfdən, dövlətimiz Ermənistana və onun himayədarlarına onu da anlatdı ki, Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibi məhz Azərbaycandır. Yəni, Paşinyan hakimiyyəti Ermənistanın himayədarlarının təlimatlarına deyil, məhz rəsmi Bakının təkliflərinə daha həssas yanaşmalıdır. Əks halda, Azərbaycan daha sərt addımlar atmaqla rəsmi İrəvan üçün ciddi problemlər yarada bilər. Eyni zamanda, Gorus-Qafan yolunun bağlanması həm də müəyyən mənada Laçın dəhlizi ilə bağlı Ermənistana və onun himayədarlarına ciddi xəbərdarlıq mesajı sayıla bilər. Çünki bu yoldan və Laçın dəhlizindən keçməklə, Azərbaycan ərazilərinə – Xankəndi və ətraf bölgəyə ölkəmizi məmnun etməyən yüklər daşınırdı. İndi bu proses böyük ölçüdə bizim Silahlı Qüvvələrimizin nəzarəti altına düşdü və birmənalı olaraq ölkəmiz öz ərazilərinə qeyri-humanitar yüklərin daşınacağı təqdirdə, Laçın dəhlizini də nəzarətə götürə biləcəyini anlatmış oldu.
Həmçinin yolun bağlanması Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesini sürətləndirəcəkdir. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi Bakının tələbi üzrə həmin ərazilərin Azərbaycana məxsus olduğunu etiraf etdi. O, Eyvazlı və Çayzəmi kəndlərinin adlarını Azərbaycan toponimi ilə səsləndirərək, ölkəmizin sərhədlərini Gorus-Qafan yolu istiqamətində rəsmən tanımış oldu. Bu baxımdan Gorus-Qafan yolunun bağlanmasını həm də Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesinə başlanması kimi də dəyərləndirmək olar. Bu hadisə Azərbaycan üçün olduqca böyük əhəmiyyət daşıyır.
Burada bir məsələni də vurğulamaq lazımdır ki, Rusiya başda olmaqla Minsk qrupunun həmsədri olan ölkələr Ermənistanı yenidən Azərbaycanla müharibəyə təhrik etmək istəyirlər. Bu təxribatlar Ermənistanın əli ilə Azərbaycana qarşı təşkil edilən «əsəb müharibələri»dir. Beynəlxalq hüququn qorunması üçün məsuliyyət daşıyan bu ölkələr Ermənistanın ardıcıl olaraq Azərbaycana qarşı həyata keçirdiyi təxribatlar nəticəsində beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də 10 noyabr razılaşmasının şərtlərinin kobudcasına pozulmasına göz yumurlar.
Bu da bir gerçəklikdir ki, qüdrətli Azərbaycan dövləti Ermənistan kimi vassal ölkələrin təxribatlarına necə cavab verməyin yollarını yaxşı bilir. Təbii ki, Ermənistanı təxribatlara təhrik edən havadarları təkcə Paşinyan iqtidarının yox, bütün Ermənistanın taleyi ilə oynayırlar. Əgər Paşinyan sonda İrəvanın mərkəzi meydanında erməni xalqı tərəfindən linç olunmaq istəmirsə, o işğalçının havadarları rolunda çıxış edən həmsədr ölkələrin təhriklərinə uymaq əvəzinə üçtərəfli Bəyanatın bütün bəndlərinin qeyd-şərtsiz yerinə yetirilməsi üçün təcili hərəkətə keçməlidir. Axı, Ermənistanın başqa yolu da yoxdur.

