Əsas səhifə 

Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı…

Dövlət başçısı İlham Əliyev Vaqif Poeziya Günlərinin açılışı mərasimindəki çıxışında tarixin təkrarlandığını əsaslı şəkildə diqqətə çatdırdı

«Təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq.» Dövlət başçısı İlham Əliyev Vaqif Poeziya Günlərinin açılışı mərasimində çıxışında bir daha keçilən yolun təhlilini verərək torpaqlarımız işğaldan azad edildikdən sonra ilk dəfə Şuşaya səfərinin təsadüf etdiyi anları da diqqətə çatdırmışdır. «Müharibədən sonra mən ilk dəfə Şuşaya bu il yanvarın 14-də gəlmişdim» söyləyən cənab İlham Əliyev bu tarixin də təsadüfən seçilmədiyini bildirdi. Çünki o tarixdən 39 il əvvəl burada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdır. Şuşaya ilk səfəri zamanı cənab İlham Əliyevin tapşırıqlarından biri bu olmuşdur ki, Vaqifin məqbərəsi bərpa edilsin. Çünki vandallar bu məqbərəni dağıtmışdılar. Vaqifin içəridəki barelyefini, sinə daşını sökmüşdülər. Özlərinə xas olan vandalizm törətmişdilər.

44 günlük İkinci Qarabağ müharibəsi dövründə, eyni zamanda, ondan sonra, yəni 10 noyabr üçtərəfli Bəyanatına uyğun olaraq Kəlbəcərin, Ağdamın və Laçının boşaldıması zamanı bu vəhşiliklərin şahidi olduq. Bircə fakta diqqət yeirmək kifayətdir. Həmin sənədə əsasən, Kəlbəcərin boşaldılması noyabr ayının 15-i üçün nəzərdə tutulmuşdu. Amma ermənilər o zamana çatdıra bilməyəklərini bəhanə gətirərək Rusiya Prezidentinin vasitəsilə Azərbaycan tərəfindən əlavə vaxt istədilər. Azərbaycan yenə də humanizm prinsiplərinə sadiqlik nümayiş etdirərək onlara əlavə 10 gün verdi. Ermənilər noyabrın 25-də Kəlbəcəri boşaldana qədər nələr etdilər? Apara bildiklərini apardılar, apara bilmədiklərini dağıtdılar, yandırdılar, ekoloji terror törətdilər. Tikililəri sökdülər, ağacları kəsdilər, dəmir və taxta dirəkləri maşınlara yüklədilər. Hətta həmin ərəfədə ərazidə iri ölçülü borular daşıyan yük maşınlarının videogörüntüləri yayıldı. Od vurulmuş evlərin üzərindən qalxan tüstü onların nə qədər vəhşi olduqlarını bir daha ortaya qoydu. Dövlət başçısı İlham Əliyev istər Vətən müharibəsi, istərsə də postmüharibə dövründə xarici mətbuata müsahibələrində bu fikri daim bəyan edirdi ki, dünya görsün ki, biz bu illər ərzində hansı vəhşi ilə üz-üzə dayanmışıq. 30 ilə yaxın dövrdə onların bu ərazilərdə qurduqları istehkamlar açıq-aşkar torpaqlarımızı sülh yolu ilə vermək istəmədiklərini təsdiqlədi. Amma maraqlı olan budur ki, bununla yanaşı, ərazilərimizi darmadağın etmiş, bütün tikililəri dağıtmış, dini və tarixi abidələrimizi yerlə-yeksan etmişdilər. Görüntülər müxtəlif sualların yaranmasına səbəb olmaya bilməz. Əgər ermənilər torpaqlarımızdan çıxmaq istəmirdilərsə, nə üçün burada hər hansı tikinti aparmaq əvəzinə olanları dağıdır, yerlə-yeksan edirdilər? Bunun bir cavabı var. Çünki bilirdilər ki, himayədarları onlara nə qədər dəstək göstərib münaqişənin həlli prosesinin uzanmasında vaxt əldə etmələrinə imkan yaratsalar da gec-tez torpaqlarımız öz sahibinə qayıdacaq.

Cənab İlham Əliyev qeyd olunan çıxışında da Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını bildirməklə yanaşı, bu məqamı da xüsusi qeyd etmişdir ki, işğal dövründə bir çoxlarımız – həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik: «Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.»

Avqustun 16-da dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı tamamilə fərqli bir mənzərəni təqdim etməklə hər bir azərbaycanlıda böyük qürur hissi yaratdı. Təbii ki, ermənilərin törətdikləri vəhşilkləri, yaşadığımız faciələri unutmağa heç kimin haqqı yoxdur. Amma keçmişlə yaşamaqla gələcəyi düzgün müəyyənləşdirmək çətindir. Bu baxımdan Azərbaycan tərəfi Ermənistanı daim keçmişi unudub gələcəyə baxmağa çağırır.

Bunun müharibədən sonra Kəlbəcərə ilk səfəri olduğunu bildirən dövlət başçısı İlham Əliyev rayona gedərkən avtomobildən çəkilən videogörüntüdə bildirmişdir ki, Mehriban xanım Kəlbəcərin gözəl mənzərəsini çəkir və yol boyunca Azərbaycanın gözəl təbiətini seyr edirik: «Əminəm ki, bu, kadrlara baxanlar üçün də çox maraqlı olacaq. Artıq Kəlbəcərin meşələri də göründü. Bildiyimiz kimi, Kəlbəcərin çox füsunkar təbiəti var – dağlar, dərələr, meşələr.» Dövlət başçısının bu təsviri, eyni zamanda, Kəlbəcərin öz sahibinə qovuşduğu üçün yaşadığı sevincdən sanki qısa müddətdə dirçəldiyinin təqdimatı idi.

Bu gün işğaldan azad edilmiş ərazilərimizin hər biri bu ab-havanı yaşayır. Şuşanın sevinci hər gün qarşıladığı qonaqlardan, keçirdiyi tədbirlərdən daha aydın görünür. Cari ilin arxada qalan aylarında daim qonaqlı-qaralı olan Şuşa müxtəlif tədbirlərə, festivallara ev sahibliyi ilə düşmənə bir sıra mesajlarını ünvanlayır. Mədəniyyət paytaxtımız «Xarıbülbül» musiqi festivalının ardınca Şuşa Bəyannaməsinə şahidlik etdi. Cari ilin arxada qalan dövründə dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya 5 dəfə səfəri olub. Səfərlər yalnız görülən bərpa və quruculuq işləri ilə tanışlıqla bitməyib. Hər bir səfər mühüm hadisələrlə tarixə yazılıb. Belə ki, ötən yazılarımızda da qeyd etdiyimiz kimi, birinci səfər Zəfər Yolunun, Füzuli Beynəlxalq Hava Limanının təməlinin qoyulması ilə yadda qaldı. Xüsusilə Füzuli aeroportu Şuşaya gələcək xarici turistlər üçün olduqca önəmlidir. Onlar yola az vaxt sərf etməklə Şuşanın gözəlliklərini seyr etməyə daha çox vaxt qazanacaqlar.

Cənab İlham Əliyevin Şuşaya ikinci səfəri martın 16-da Novruz bayramı ərəfəsində oldu. Cıdır düzündə Novruz tonqalları qalandı, buradan düşmənə lazımi mesajlar ünvanlandı. Mayın 12-13-də yenidən mədəniyyət paytaxtımız qonaqlarını qarşıladı. «Xarıbülbül» musiqi festivalına ev sahibliyi edən Şuşadan, Cıdır düzündən muğamımız səsləndi. Bu festival Azərbaycanın tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkə olduğunu dünyaya nümayiş etdirən mühüm məqamlar yadda qaldı. Ölkəmizdə yaşayan müxtəlif xalqların, millətlərin musiqi yaradıcılığının təqdimatı Şuşadan dünyaya ünvanlanan birlik, həmrəylik mesajı oldu.

Milli Qurtuluş Günündə mədəniyyət paytaxtımız Azərbaycan və Türkiyənin müttəfiqliyini dünyaya bəyan edən Şuşa Bəyannaməsinə şahidlik etdi. Bu sənəd iki dost, qardaş ölkənin dostluğunun, qardaşlığının zirvəsi oldu.

Bütün bunları sadalmaqda məqsəd dövlətimizin başçısının və birinci xanımın 29 avqust Şuşa səfərinin əvvəlki səfərlərin məntiqi davamı olduğunu qeyd etməkdir. Bütün səfərlərdən ümumiləşdirilmiş nəticə budur ki, Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajlar ünvanlanır- Bütün hallarda dəmir yumruq yerindədir.

Daha çox xəbərlər