“Dövlətin ana ideologiyası azərbaycançılıq olmalıdır”
44 günlük vətən savaşında ölkədə yaşayan bütün millətlər, etnik azlıqlar Azərbaycan dövlətinin yanında oldu…
Azərbaycançılıq ideologiyasının təbliğinin genişləndirilməsi indi bizim qarşımızda dayanan əsas hədəflərdən olmalıdır. Səbəbi çox sadədir: ideoloji təbliğat ikinci cəbhə deməkdir və rəqibi öz meydanında sıxışdırmağa imkan yaradır.
Yəni bu da bir silahdır və istər siyasi-diplomatik, istər hərbi siyasətdə, istərsə diaspor fəaliyyətində hər kəsin bu ideoloji çətir altında birləşməsi labüddür. “Yeni Müsavat” yazır ki, azərbaycançılıq ideyası ötən əsrin 90-cı illərindən təbliğ olunan və günümüzə bir sütun kimi çıxan istinadgahlardandır. Ölkədə müxtəlif millətləri birləşdirən fikir məhz azərbaycançılıq olub və xalq heç bir yad təsirlərin altına düşməyib. Çünki azərbaycançılıq ideologiyasının mərkəzində bütün mənəvi keyfiyyətlər dayanır – vətənpərvərlik, çoxkonfensiyalılıq, dini tolerantlıq…
O baxımdan milli birliyimizin təməl daşı hesab etmək olar. Baxmayaraq ki, zaman-zaman ölkədə hansısa qarşıdurmaların olmasına, vətəndaş müharibəsinə, məzhəb toqquşmalarına rəvac verəcək xain toxumlar səpilib. Amma cücərə, tumurcuqlana bilməyib və xalq tərəfindən beşikdəcə boğulub. Məhz bunun nəticəsi idi ki, Vətən müharibəsində vəhdət ola bildik, bizi parçalamaq mümkün olmadı. Məsələn, döyüşlərin getdiyi ilk günlərdə erməni siyasətçilər sərsəm çağırışlar edirdilər ki, Azərbaycanda olan talışlarla “dost” millətdirlər, onlarla konflikt yoxdur, silahı yerə qoyub döyüşməsinlər. Amma bu axmaq erməni siyasilərinin fikirlərinə əhəmiyyət belə verən olmadı, əksinə, 44 günlük savaşda talışlar bu ölkədə yaşayan digər millətlər kimi Qarabağ üçün döyüşdülər, şəhid və qazi oldular, qələbə bayrağını ucaltdılar. Yəni bizi ayırmaq, bölmək istəyənlərin arzusu ürəyində qaldı.
Bu, azərbaycançılıq ideyasının göstəricisi idi. Postmüharibə dövrü də diktə edir ki, həmin ideyanı gücləndirək, inkişaf etdirək, bir mənəvi silah kimi yağıların, ölkəmizi gözü götürməyən qüvvələrin qarşısına çıxaq. Bu halda, düşmən qarşısında ilk növbədə xalqın birliyi baxımdan üstün çıxmış oluruq, ondan sonra hərbi və hibrid müharibəsi başlanır. Necə ki Tovuz hadisələrindən və general Polad Həşimovun şəhid olmasından sonra xalqda birlik yarandı, 14 iyulda millət meydana çıxdı. Halbuki elə ölkələr var ki, onlarda milli həmrəyliyə nail ola bilmirlər, geosiyasi mübarizədə dövlətçilik ideologiyasına söykənmirlər. Bəs bizi bu dərəcədə birləşdirən nədir?

Elşad Musayev
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan bizim vətənimizdir və bu torpaqda yaşayan, havasını, suyunu udan, bu ölkənin mənafeyini müdafiə edən hər kəs qardaşımızdır. Onun sözlərinə görə, etnik qrupundan asılı olmayaraq, Azərbaycan üçün çalışan hər kəs bu ideya ətrafında birləşib: “44 günlük müharibə bir başqa gözəllikdə təsdiqlədi ki, bu torpaqda yaşayanlar, ermənilər istisna olmaqla, Azərbaycanı öz vətəni sayırlar. Bizim dövlətin ana ideologiyası azərbaycançılıq olmalıdır. Təbii ki, say etibarı ilə türklərin üzərinə böyük iş düşür, həm vətəni qorumalı, həm millətlərarası münasibətləri ən yüksək səviyyədə saxlamaq üçün səylər göstərməliyik”.
E.Musayev dedi ki, Azərbaycanda heç bir milli ayrı-seçkilik qoyulmur: “Eyni sözləri dini tolerantlıqla da bağlı söyləmək olar. Ona görə azərbaycançılıq ideyasını inkişaf etdirməliyik və dünyaya nümayiş etdirməliyik ki, Ermənistanda necədir, bizdə necə… Yeri gəlmişkən, bizim partiyanın əsas ideoloji prinsiplərindən biri də azərbaycançılıqdır”.

Xəyal Bəşirov
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ciddi problemlərlə üzləşmişdi: “İşğal və düşmənçiliklə qarşılaşmışdıq. Lakin bilirdik ki, dövlətin və onun başçısının ətrafında sıx birləşməklə bu çətinliklərə son qoymaq olar. Bunun üçün tarixə hadisə baş verməliydi və 44 günlük müharibə həmin tarixi an oldu. Bu qələbə sübut etdi ki, xalq Ali Baş Komandanın yanında olarsa, 30 il süni yaradılmış məsələni həll edə bilərik”.
Politoloq qeyd etdi ki, bu ölkədə yaşayan bütün millətlər, etnik azlıqlar Azərbaycan dövlətinin yanında oldu: “Ali Baş Komandanın bir çağırışı kifayət etdi ki, ölkənin hər yerindən insanlar hərbi səfərbərliyə hazır olduqlarını nümayiş etdirdilər, hərbi komissarlıqların önündə izdiham yaşandı. Bu göstərdi ki, hər kəs azərbaycançılıq ideologiyasını əldə şüar tutaraq vətən üçün döyüşməyə hazırdır”.
X.Bəşirov hesab edir ki, bu birliyi möhkəmləndirmək və gələcək nəsillərə daşımaq qarşımızda dayanan əsas məsələlərdən biridir: “Vətən müharibəsində verdiyimiz 3 min şəhidimizin içində ölkənin hər yerindən qəhrəman oğullar var idi. Bu göstərir ki, xalqda dövlətlə birgə həmrəylik var, heç bir milli mənsubiyyətə fərq qoymadan azərbaycançılıq ideologiyasına sarılıb bir yumruq ola bilirik”.

