Azərbaycan-Türkiyə birgə təlimləri: Dosta güvən, düşmənə göz dağı
Regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə iki qardaş ölkənin mühüm töhfəsi
Türkiyə və Azərbaycan dövlətləri daima bir-birinə dəstək olaraq bütün dünyaya əsl qardaşlıq, dostluq, müttəfiqlik və “bir millət, iki dövlət” necə olmalıdır nümunəsi göstərirlər. Bunun ən gözəl nümunəsi kimi istər İkinci Qarabağ savaşına qədər, istər 44 günlük Vətən müharibəsi dövrü, istərsə də tarixi Zəfəri qazanmağımızdan ötən müddətdə türk qardaşlarımızdan gördüyümüz əvəzsiz mənəvi dəstəyi xüsusi olaraq vurğulamaq lazımdır.
Azərbaycanla Türkiyə arasında münasibətlər digər sahələrdə olduğu kimi, hərbi sahədə də yüksək səviyyədədir. Azərbaycan və Türkiyə hərbçiləri arasında müntəzəm keçirilən hərbi təlimlər də bunun sübutudur. İki ölkə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq , ölkəmizdə quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilir.

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimləri də sözügedən hərbi təlimlər sırasında mühüm yer tutur. Belə ki, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən birgə taktiki-uçuş təlimlərinin planına uyğun olaraq, Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri gündüz döyüş uçuşları həyata keçiriblər. Plana uyğun olaraq, Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri birgə əməliyyat çərçivəsində havadan hücumla şərti düşmənin hava hücumundan müdafiə vasitələrini, strateji obyektlərini və bu obyektləri müdafiə edən təyyarələrini məhv etmək tapşırığını uğurla icra ediblər.
Qeyd edək ki, Azərbaycan hərbi təyyarəçiləri təlimə Su-25 hücum və MİQ-29 qırıcı təyyarələri ilə qatılıblar. Qeyd edək ki, təlimlər sentyabrın 17-dək davam edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətdindən verilən məlumata görə, təlimin növbəti mərhələsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları qardaş ölkənin hərbi qulluqçuları ilə birlikdə əməliyyatların planlaşdırılması, şərti düşmənin terror-diversiya qrupunun zərərsizləşdirilməsi və onların müvəqqəti bazasının məhv edilməsi üzrə döyüş atışlı təlim tapşırıqları yerinə yetiriblər. Katerlərin də iştirakı ilə keçirilən təlim-məşqlərdə şərti düşmənin hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.

Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb ki, qədim və köklü çinarın budaqları olan Türkiyə və Azərbaycan “Bir millət, iki dövlət!” anlayışı ilə bir yumruq olmağa davam edir: “Azərbaycanın Hərbi Dəniz Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları sentyabrın 6-dan Laçında “Birgə Komando Əməliyyatı” təlimi keçirir. Təlimlər sentyabrın 10-dək davam edəcək”.
Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib. Təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib.

Onu da vurğulayaq ki, ölkə arasında hərbi təlimlər region ölkələri tərəfindən də diqqətlə izlənilir. Belə təlimlər Türkiyə və Azərbaycanın hərbi sahədə güclərinin birləşdirilməsində, eyni zamanda, hərbçilərimizin döyüş qabiliyyətinin artırılmasında, bu sahədə daha böyük təcrübə toplamasında mühüm rol oynayır.
Qardaş ölkələr arasında bu cür birgə təlimlərin keçirilməsi ekspertlər tərəfindən də yüksək dəyərləndirilir.
Təlimlər artıq ənənəvi xarakter daşıyır

Ehtiyatda olan polkovnik Şair Ramaldanov məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə fəaliyyəti, təlimlər və digər döyüş hazırlığı növlərinə uyğun tədbirlər artıq ənənəvi xarakter daşıyır: “Nəzərə almaq lazımdır ki, iki qardaş ölkə arasında imzalanan müvafiq sazişlərlə hərbi sahədə əməkdaşlıqla bağlı hüquqi baza formalaşdırlılıb. Bunun əsasında da iki ölkənin Silahlı Qüvvələri hər an bir-birilərinin maraqlarına uyğun çıxış edə bilərlər. Ona görə də iki ölkə arasında hərbi sahədə sıx əməkdaşlığa ehtiyac var. İki ölkə mütəmadi olaraq birgə təlimlər keçirməli, həmçinin lazım olduqda həmin saziş əsasında birgə fəaliyyət göstərərək döyüş tapşırıqları, əmrləri yerinə yetirmək üçün hazır olmalıdırlar.”
Laçında keçirilən təlimlər: Relyef Qarabağa uyğundur
Polkovnik Laçında keçirilən təlimlərdən bəhs edərkən vurğuladı ki, Laçın mina cəhətdən daha az təhlükəlidir. İkinci bir tərəfdən, Laçın Qarabağın relyefini tamamilə özündə əks etdirir: “Laçın bizim üçün çox vacib bir ərazidir. Oradan dəhliz, Şuşaya yol keçir. Ümumiyyətlə Laçının yerləşdiyi ərazi strateji əhəmiyyət daşıyır. Bu, bir daha Azərbaycan və Türkiyənin arasında hərbi sahədə əməkdaşlığın nə qədər sıx olmasının göstəricisidir.”
Təlimlərin keçirilməsində məqsəd…
Ş.Ramaldanov təlimlərinin yüksək səviyyədə davam etdirildiyinin və qarşıya qoyulmuş tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyinin şahidi olduğumuzu qeyd etdi: “Müdafiə Nazirliyinin də bildiridiyi kimi, təlimlərin keçirilməsinin məqsədi iki ölkənin Silahlı Qüvvələrinin arasında qarşılıqlı əlaqələrin yaradılması və təlim iştirakçılarının qarşıya qoyulan tapşırıqları birgə fəaliyyət göstərərək yerinə yetirməsidir. Eyni zamanda təlimlər zamanı yeni texnikanın tətbiqi, həmin avadanlıqdan istifadə vərdişləri inkişaf etdirilir. Bildiyimiz kimi, bu təlimlər artıq Azərbaycan tərəfindən döyüşlərdən çıxmış, döyüş təcrübəsi qazanmış şəxsi heyətin cəlb olunması ilə keçirilir. Bu, irimiqyaslı deyil, taktiki təlimlərdir. Bu təlimlər müəyyən bir ssenari üzrə keçirilir. Təlimlər hər şeydən əvvəl ordumuzun döyüş qabiliyyətinin artırılmasına xidmət edir. Bu cür təlimlər həm də regionda sülh və təhlükəsizliyin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir.
Bu təlimlər Ermənistanda olan revanşistlərə xəbərdalıqdır

Müsahibimiz əlavə etdi ki, Azərbaycan-Türkiyə əlaqələrinin bu qədər yaxın olması bütün dünyaya bir ismarıcdır: “Təlimlər dostlarımızı sevindirir, düşmənlərimizi isə ciddi narahat edir. Bütün bunlar həm də düşmənə ciddi mesajdır ki, Azərbaycan tək deyil. İki qardaş ölkə bir-birinə arxalanaraq bir-birini dəstəkləyərək öz inkişaf yolunu keçirlər. Dünyada bir-birinə bu qədər sıx münasibətləri olan dövlətlər tapmaq çətindir. Odur ki, ermənilər revanşist niyyətlərindən əl çəkməlidirlər. Bu təlimlər Ermənistanda olan revanşist ideyalarla çıxış edən və indiyə qədər müəyyən planlar quran xaricdən idarə olunan qüvvələr üçün əlbəttə ki, ciddi xəbərdalıqdır. Bu, bir daha “Dəmir yumruğ”umuzun nə qədər möhkəm, təsirli olacağının, istənilən aqressiyanın, məkrli təxribatın qarşısını ala biləcək iqtidarda olmasını göstərir”.
Şair Ramaldanovun sözlərinə görə, böyüm maraqla izlənilən təlimlər hər iki dövlətin silahlı qüvvələrinin döyüş bacarığının artırılmasına və ölkələrarasındakı dostluq münasibətlərinin qüvvətləndirilməsinə xidmət edir.
Təhlükəsizliyə və sülhə iki qardaş ölkənin töhfəsi

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə”İctimai Birliyinin sədri Emin Həsənli “İki sahil”ə açıqlamasında qeyd etdi ki, iki ölkə prezidentinin qarşıya qoyduğu tələblər var ki, Azərbaycan və Türkiyənin bütün sahələr üzrə əməkdaşlığı ən yüksək səviyyədə olmalıdır: “Uzun müddətdir ki, iki dövlət quru qoşunları, hava hücumundan müdafiə sistemləri, artilleriya, xüsusi təyinatlı qüvvələr arasında birgə hərbi təlimlər keçirib. Sentyabrın 6-dan başlayan növbəti təlimlər də hərbi hava qüvvələrinin iştirakı ilə keçirilir. Təlim həm Azərbaycanda, həm də Türkiyədə keçirilir. Bu təlimlərin keçirilməsinin məqsədi regionda və dünyada təhlükəsizliyə, beynəlxalq aləmdə sülhə iki qardaş ölkənin töhfə verməsidir.”
Orta Asiyanın türkdilli dövlətləri də bu prosesə qoşulacaqlar
Müsahibimiz xatırlatdı ki, ordumuzun döyüş hazırlığının yüksəlməsi üçün qardaş Türkiyə ilə keçirilən təlimlər çox önəmlidir. Türkiyə dünyada hərbi baxımdan güclü dövlətlərdən biridir. Türkiyə ordusunun dünyada böyük nüfuzu, təcrübəsi, döyüş hazırlığı var. Azərbaycan ordusu da peşəkarlığını ilbəil artırır. 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan ordusunun çox böyük döyüş hazırlığı və gücü var. Bu təcrübənin əldə edilməsində qardaş Türkiyə ilə birgə keçirilən təlimlərin, aparılan qarşılıqlı təcrübənin müstəsna əhəmiyyəti var. Eyni zamanda, Azərbaycan hərbçilərinin Türkiyədə aldığı hərbi təhsil, keçdiyi kursun da böyük rolu var. Azərbaycan ordusunun Türkiyə ilə birgə təlimləri ordumuzun inkişafı baxımından önəmlidir. Hesab edirəm ki, gələcəkdə Orta Asiyanın türkdilli dövlətləri də bu prosesdə yaxından iştirak edəcəklər”.
Bu dünyaya növbəti mesajdır ki, “Dəmir yumruq” yerindədir.

E.Həsənli, eyni zamanda, Laçında keçirilən təlimlərin önəmindən də söz açdı: “İlk dəfə işğaldan azad edilmiş torpaqlarda birgə təlimlər keçirilir. Bu dünya növbəti mesajdır ki, Laçın Azərbaycanın ərazisidir. İki qardaş ölkənin Silahlı Qüvvələri Azərbaycanın işğaldan azad olunmuş digər bölgələrində də təlimlər keçirəcəklər. Azərbaycan və Türkiyə qardaş dövlətlər kimi regionda sülhün qorunmasına töhfə verirlər. Eyni zamanda, Ermənistan və onun havadarlarına göstərilir ki, “Dəmir yumruq” qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə hər zaman hazırdır. Azərbaycan ordusunun təhlükəni aradan qaldırmaq üçün istənilən relyefdə , hər cür hava şəraitinə uyğun yüksək döyüş hazırlığı və gücü var.”
Ekspert qeyd etdi ki, bu təlimlər dosta güvən, düşməni qorxu olmaqla yanaşı bərabər olduğumuz zaman gücümüzün necə artmasının nümayişi baxımından da olduqca önəmlidir. Bu təlimlər Türkiyə-Azərbaycan birliyinə, həmrəyliyinə işıq saldı. Bütün dünyaya nümayiş etdirdi ki, Silahlı Qüvvələrimiz hər bir vəzifəni tək və ya birgə icra etməyə hazırdır və qadirdir.

