Cıdır düzündən Xankəndinə baxan politoloqlar danışdılar
Ötən həftə 4 azərbaycanlı politoloq-sabiq xarici işlər naziri Tofiq Zülfüqarov, keçmiş dövlət müşaviri Eldar Namazov, deputat Rasim Musabəyov və Fikrət Sadıqov Şuşada olublar.
Onların bəzilərindən neçə ildən sonra tarixi şəhərimizlə bağlı səfər təəssüratlarını, keçirdikləri hissləri, orada nələri gördükləri, eləcə də, bölgədəki vəziyyət barədə fikirlərini öyrəndik.
Tofiq Zülfüqarov “Yeni Müsavat”a açıqlamasında öncəliklə səfərin təşkil olunmasında əməyi keçənlərə təşəkkür etdi: “Onu qeyd edim ki, bu işdə əməyi keçən Heydər Əliyev Fonduna, Prezidentin köməkçisi Anar Ələkbərova minnətdarlığımı bildirirəm. Onlar bizə imkan yaratdılar ki, 4 nəfər Şuşaya gedək. 30 ildən sonra oraya getmək çox təsirli idi. Həyəcanlı idim. Sonuncu dəfə 1991-ci ildə orada olmuşdum. 30 ildən sonra bir daha oraya qayıtdım, gözəl Şuşamızı öz gözlərimlə gördüm. Şuşadan daha çox qələbə yolu təsirli idi. Dağıntıları görmək çox ağır idisə, bu ağrının yerini Füzuli aeroportuna təyyarəmizin enməsi doldurdu. İnsan bunları görəndə hərbçilərimizlə bir daha qürur duyur.

Tofiq Zülfüqarov: “İndi bizə yalvarsınlar, bəlkə orada yaşamalarına imkan verək…”
O yerləri keçməyin nə qədər çətin olduğunu görənlər bilir. Daşaltını görəndə insan təəccüb edir ki, həmin yerləri necə Şuşaya qalxmaq olar? Mən o vaxt həmin yerlərdə olanda Daşaltı ermənilərin nəzarətində idi. Olduğumuz müddətdə çox şeylər xatırladıq. Balaca bir kinoteatr var idi. Taleyinin necə olduğunu soruşanda dedilər ki, sökülüb. Ən ağrılı mənzərələrdən biri Cıdır düzündən Xankəndinə baxmaq idi. Eldar Namazovla mərhum dostumuz Vəfa Quluzadəni yada saldıq. Təəssüf ki, bu günü görmədi. Amma ruhunun şad olduğuna əminik. Bu qələbəni bizə bəxş edən şəhidlərimizə Allah rəhmət eləsin. Bizə qürur verdilər. Artıq dünyaya açıq gözlə baxa bilirik. Dərdimizi içərimizdən çıxaran Müzəffər Ordumuza eşq olsun”.
Sabiq nazir kədərli tarixi də xatırlatdı: “Şuşa işğal olunan vaxt Xarici İşlər Nazirliyində çalışırdım. İşğal günü Tehranda İran prezidenti ilə görüşürdük. Ermənilərdən ibarət nümayəndə heyətinin bir-birinin qulağına nəsə pıçıldadığını görürdük. O tərəfdə canlanma müşahidə olunurdu. Sonra bizə xəbər çatdı ki, Şuşa işğal olunub. 20 gün sonra Minsk Qrupu Romada təşkil olunurdu. Görüşlər də elə orada başlamışdı. Həmin vaxt Şuşanın o zamankı icra başçısı, rəhmətlik Nizami Bəhmənov da orada idi. O insana Qarabağ erməniləri ilə, yəni günlər öncə Şuşanı işğal edənlərlə üzbəüz oturmaq çox ağır idi. Bunu açıq görürdük. Orada sənəd qəbul olundu. Amma ermənilər buna məhəl qoymadılar, işğalı davam etdirdilər. Minsk Qrupunun da fəaliyyəti məlumdur. O vaxt həm də danışıqlarda bizim təcrübə az idi. Amma indi belə baxanda səhvlərimiz olmadı. İndi vəziyyət bizim xeyrimizədir. Xankəndinə baxanda bu tarixi xatırlayıb, bu sual beynimdə dolaşırdı: ”Bəs müstəqil dövlət quracaqdınız, nə oldu?” \
Sizin o layihə iflasa uğradı. Münaqişədən öncə orada 127 min erməni yaşayırdı. I Qarabağ savaşından sonra 50-60 min idi. İndi isə 20-25 mindirlər. İndi hansı tərəfin uduzduğunu bu rəqəmlər də sübut edir. Xalqlarına nə qazandırdılar? Cəfəng şüarlar səsləndirirdilər, etnik təmizləmə cinayəti həyata keçirirdilər. İndi papaqlarını qabaqlarına qoyub fikirləşsinlər, bizə yalvarsınlar, xahiş etsinlər, bəlkə orada yaşamalarına imkan verək. Yuxarıdan aşağı baxanda bu fikirlər də beynimizdə dolaşırdı. Azərbaycan orada hər yöndən hücumda olan ölkədir. Güc orada bizik. Bir sözlə, bu yerlərin güc sahibiyik. Bir faktı da deyim. Şuşanın girəcəyində Azərbaycan və türk bayraqları dalğalanır. Biz tərəfdə haradasa həmin yerdə 10-15 hərbçi var. Qarşı tərəfdə heç kim yoxdur. Heç sülhməramlılardan da kimsə gözə dəymir. Hərbçilərimiz deyirdilər ki, qalmaq üçün hər cür avadanlıq qurublar. Amma xidmət etmirlər. Hiss olunur ki, həmin yerlərə PUA-lar da nəzarət edir. Hərbçilərimiz isə hər şeydən arxayındırlar. Bu da qürurlu mənzərə idi. Küçələrdə insanlar gəzir. Hərbçi ailələri Şuşada qürurla yaşayır. Evləri dağılmayan ailələrdən də orada gördüklərimiz var idi. Küçələrdə yerli əhali durmadan artmağa başlayıb. Qürurlu anlardan biri də o idi ki, küçədə bir-birini təbrik edən sakinlər görürdük. Bizə çox hörmətlə yanaşırdılar. İki avtobus gördük, hərəsində 50-60 nəfər var idi. Şuşalılar vətəni ziyarətə gəlmişdilər… Bunu ona görə deyirəm ki, ora gediş-gəliş aktivdir. Orada qalereya açılıb, oranı da gördük. Bir qürurverici andan da danışım. Bir yerdə stomatoloq yazısına rast gəldik. Maraqlananda gördük ki, həkimlər öz pulları ilə həmin yeri açıblar və pulsuz xidmət göstərirlər. Bir sözlə, Şuşamız qaynayır, canlanır”.

Rasim Musabəyov: “İnanmaq istərdim ki, bir gün Xankəndinə də belə bir səfər mənə nəsib olacaq…”
R.Musabəyov öncə taleyinə təşəkkür edir: “35 il keçdikdən sonra Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya ayaq basmaq mənə nəsib oldu. Bununla bağlı bir neçə şəkil öz facebook profilimdə paylaşmışam. Şuşanın küçələrində insanlarımız, avtomobillərimiz dolaşır. Şuşamız yaşayır, bərpa olunur. Ən vacibi budur. Bu şəhər azad olunandan sonra biz demək olar ki, evimizin açarlarını özümüzə qaytardıq. Bu olduqca vacibdir. Vaxtilə Şuşaya gedəndə Prezident Administrasiyasında müşavir idim və Qarabağ konfliktinin siyasi nizamlanma prosesləri tərəfimdən həyata keçirilirdi. Şuşanın işğalı mənə çox mənfi təsir göstərmişdi. Şadam ki, Şuşanın azad olunmasını öz gözlərimlə görə bildim. Şuşada yuxarıdan aşağı Xankəndinə baxmağın da bir başqa hissləri var. İnşallah, bütün torpaqlarımız Azərbaycanın tam nəzarətinə keçəcək. İnanmaq istərdim ki, bir gün Xankəndinə də belə bir səfər mənə nəsib olacaq…”
Cavanşir ABBASLI
“Yeni Müsavat”

