Region Xəbərləri 

Xalqımıza qarşı törədilmiş qanlı faciə. 

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixində ən qanlı və faciəli hadisələrdən biridir. XX əsrin əvvəllərində erməni millətçi təşkilatları tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğınlar, etnik təmizləmə siyasəti və terror aktları nəticəsində minlərlə günahsız insan öldürülmüş, yüzlərlə yaşayış məntəqəsi dağıdılmışdır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

XX əsrin əvvəlləri Cənubi Qafqaz üçün siyasi gərginlik dövrü idi. Çar Rusiyasının süqutu regionda hakimiyyət boşluğu yaratdı və erməni millətçi dairələri bundan istifadə edərək “Böyük Ermənistan” ideyasını həyata keçirməyə çalışdılar. Daşnak partiyasının silahlı dəstələri Azərbaycan əhalisinə qarşı genişmiqyaslı hücumlara başladılar.

1918-ci ilin martın 30-dan etibarən Bakıda və bölgələrdə erməni-bolşevik qüvvələri xüsusi qəddarlıqla kütləvi qırğınlar törətdi. Şamaxı, Quba, Qarabağ, Zəngəzur və Naxçıvanda onlarla kənd yandırıldı, minlərlə insan öldürüldü.

– Ümumilikdə 30 mindən çox azərbaycanlı qətlə yetirilmişdir.

– Bakıda 12 minə yaxın dinc sakin öldürülmüşdür.

– Şamaxıda 8 min nəfər, o cümlədən qadın və uşaqlar öldürülmüşdür.

– Qubada minlərlə insan qətlə yetirilmiş, kütləvi məzarlıqlar aşkar edilmişdir.

– On minlərlə insan ağır yaralanmış və ömürlük xəsarətlər almışdır.

– 100 mindən çox insan öz yurdlarını tərk etməyə məcbur olmuşdur.

– Minlərlə ev, onlarla məscid və yüzlərlə tarixi abidə dağıdılmışdır.

– Maddi zərər milyonlarla manatla ölçülürdü.

Şamaxıda törədilmiş cinayətlər ilə əlaqədar tədqiqat işləri hələ də davam edir. Şamaxıda baş vermiş hadisələr ilə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi Sovet dövründə bu ağır cinayəti ört-basdır etmək üçün məhv olunduğuna görə erməni cinayətlərinin tam mənzərəsi bu günə qədər formalaşmayıb. Ekspertlərin rəyinə əsasən Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Yerli tədqiqatçılar tərəfindən də Şamaxı hadisələri ilə bağlı müvafiq araşdırmalar aparılmışdır. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da Şamaxı hadisələri ilə bağlı bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub. Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev yandırılmışdır. Qubada aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb. Qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb.

1917-ci ilin noyabrında Rusiyada dövlət çevrilişindən sonra Şərqi Anadoludan və Qafqaz cəbhəsindən geri çəkilən rus qoşunlarının silahlarını ələ keçirən ermənilər türklərə və azərbaycanlılara qarşı soyqırımı həyata keçirdilər. İrəvan quberniyasında azərbaycanlılara qarşı erməni silahlı dəstələrinin törətdikləri kütləvi qırğınların ilk mərhələsi 1918-ci ilin əvvəlindən başlamışdır. 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçimədzin qəzasında 85, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 199 kəndi darmadağın etmiş, orada yaşayan 135 min azərbaycanlı məhv edilmişdir. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.

Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.

Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir; “Ermənilər tərəfindən azərbaycanlıların qırılması çoxdan başlamış, dövlət siyasəti səviyyəsinə qaldırılmış və Azərbaycanın hüdudlarından kənara çıxmışdır. Onda təəccüblənməyə dəyərmi ki, ancaq Ermənistanda daşnak hökuməti ”özünün 30 aylıq hakimiyyəti dövründə (may 1918 – noyabr 1920) Azərbaycan əhalisinin 60 faizini qırmışdır” – tarixçi Yervand Aleksandroviç Lalayan (1864-1931).

“Daşnak nümayəndələri ətraflarına çoxlu könüllü dəstələr yığaraq müharibə gedən Türk ərazilərində qadın, uşaq, qoca və əlilləri amansızcasına doğrayıb tökürdülər” – tarixçi Yervand Aleksandroviç Lalayan (1864-1931).

“Bizim hökumətin gördüyü tədbirlər nəticəsində bu kəndlərin (Toxluca, Ağbulaq, Ardanış və b.) əhalisi Ermənistanın sərhədlərini tərk etmişdir. Mən sahibsiz qalan kəndləri gördüm, orda bir neçə pişik, habelə sarsıdıcı sakitlikdən heyrətlənən itlərin qəribə hürüşməsini gördüm. Bu kəndlərin əhalisi çox böyük sahələrdə kartof, buğda və arpa əkini qoyub getmişlər. Hökumət bu kəndlərdən iki milyon pud buğda və yarım milyon pud kartof götürə biləcək” – Daşnak partiyasının üzvü Qaregin Aristakesoviç Muradyan (vəfat edib).

1918-ci il hadisələri zamanı minlərlə azərbaycanlını qətlə yetirən Njdehin xatirəsinə 1989-cu ilin martında Qafanda ucaldılan abidənin açılış mərasimində çıxış edən Qafan Rayon Partiya Komitəsinin katibi Mkrtçyan deyib: “…Siz çox çalışdınız, amma azərbaycanlıları Ermənistandan çıxara bilmədiniz… Böyük arzularınızı nəvələriniz yerinə yetirdi. İndi Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb”; Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir. 31 Mart soyqırımı Azərbaycan xalqının yaşadığı ən böyük faciələrdən biridir. Bu gün bu hadisələr həm milli yaddaşın bir parçası, həm də gələcək nəsillərə ötürülməsi vacib olan tarixi həqiqətdir.

Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır.

Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir… Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.”

Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır Sərəncamda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi tapşırılmış, həmçinin Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdir.

Daha çox xəbərlər