Sosial 

Çox alıb az satırıq

Spirtli içkilər və tütün məmulatlarına tələbat niyə artır?

Sürətli internet dövrünün əksər insanı həm alkoqollu içkilərin, həm də tütün məmulatlarının insan orqanizminə zərərləri barədə kifayət qədər məlumatlıdır. Buna baxmayaraq, hər il dünyanın milyonlarla sakini məhz spirtli içki və siqaret səbəbindən sağlamlığını, hətta həyatını itirir, aludəçiliyin səbəb olduğu ölüm sayında dinamika müşahidə olunur. Təəssüf ki, bizdə də bu zərərli vərdişlərə meyllənmələr az deyil. Statistika ölkəmizə idxal olunan həm alkoqollu içkilərin, həm də tütün məmulatlarının artdığını göstərir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycan 51,408 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,779 milyon ABŞ dolları və ya 17,8 % çoxdur. Ötən səkkiz ay ərzində ölkəmizin alkoqollu və alkoqolsuz içkilər və sirkə ixracının dəyəri isə 8,902 milyon ABŞ dolları olub. Bu göstəricidə də artım var – əvvəlki il dövrünə nisbətən 0,531 milyon ABŞ dolları, yaxud 6,3 %.

Tütün və tütünün sənaye əvəzediciləri sahəsində isə vəziyyət daha acınacaqlıdır. Belə ki, hesabat dövründə Azərbaycan 62,533 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzedicilərini idxal edib.

Bu, 2020-ci ilin ilk səkkiz ayı ilə müqayisədə 16,2 %, yəni 8,72 milyon ABŞ dolları çoxdur. Bu ilin yanvar-avqust aylarında ölkəmizdən tütün və tütünün sənaye əvəzedicilərinin ixracında isə ciddi şəkildə azalma var. Cəmi 5,852 milyon ABŞ dolları həcmində ixrac 1 il əvvələ nisbətən 3,533 milyon ABŞ dolları azdır. Azalma məbləği ixracın 37,6 %-i həcmindədir.

Alkoqollu içkilərin və tütün məmulatlarının idxalındakı artım tələbin artması ilə əlaqədardır. Bu isə o deməkdir ki, ölkəmizdə həm siqaret çəkənlərin, həm də spirtli içki qəbul edənlərin sayında müəyyən artım var. Bəs insanların ziyanlı olduğunu bilə-bilə spirtli içki içməsinin, üzərindəki “Siqaret çəkmək sizin sağlamlığınız üçün zərərlidir” yazısını oxuya-oxuya tütün məmulatlarından istifadə etməsinin, bu kimi zərərli vərdişlərdən istifadə edənlərin sayının artmasının səbəbi nədir?

“Eros” psixologiya mərkəzinin psixoloqu Aygün Cəfərovanın fikrincə, alkoqollu içkilərə və siqaretə meylliliyin yaranma səbəbləri ilk öncə uşaqlıq yaş dövrlərindən başlayır. Necə? “Əgər bir ailədə ailədaxili münasibətlər, o cümlədən valideyn-övlad münasibəti düzgün qurulursa, ailə dəyərləri mövcuddursa və hər kəs bu dəyərlərə riayət edirsə, uşaqların emosiaonal hisslərinə anlayışla yanaşılırsa, belə mühitdə böyümüş uşaqlar siqareti, spirtli içkini davranış halına keçirmək, ondan istifadə edərək vərdişə çevirmə ehtiyacı duymurlar. Təcrübə göstərir ki, qeyd olunan zərərli vərdişlərə meyllilik əsasən böyüdüyü ailədə özünə qarşı daha az diqqət görmüş şəxslərdə yeniyetməlik dövründə baş qaldırır. Bu zaman onlar ətrafdakı insanlara sübut etməyə çalışırlar ki, bax, mən də varam, böyümüşəm, müstəqil insanam, sərbəstəm, hətta siqaret də çəkə, araq da içə bilərəm. Ancaq bir müddət sonra bu, onlarda vərdişə, həyat tərzinə çevrilir, psixoloji, fizioloji zərər verməyə başlayır.”

Bəs spirtli içki içənlərin, siqaret çəkənlərin sayının əvvəlki illərlə müqayisədə artmasının səbəbi nədir? A.Cəfərova bildirdi ki, bəzi insanlar problemlərlə qarşılaçanda onu həll etmək əvəzinə çıxış yolu kimi problemdən qaçıb uzaqlaşmağa üstünlük verirlər: “Əsas faktorlardan biri budur. Digər bir səbəb isə iradənin zəif olması, şəxsin tez təsir altına düşməsidir. Ümumiyyətlə, bunlar hamısı bir-biri ilə zəncirvari bağlıdır. Problemlə qarşılaşmış insanın iradə gücü yüksəkdirsə, psixoloji immuniteti güclüdürsə o, məsələni həll etməyə çalışacaq və həll edəcək. Yox, əgər problemlə baş-başa qalma, üzləşmə bacarığı zəifdirsə, bu zaman qarşılaşdığı çətinlikdən uzaqlaşmaq, müvəqqəti də olsa rahatlıq tapmaq üçün fərqli yollar axtaracaq. Həmin fərqli yollar isə adətən alkoqollu içki içmək, siqaret çəkmək, bəzən isə hətta narkotik vasitələr qəbul etməkdən ibarətdir. Görünür ki, zərərli vərdişlərə meylliliyin artması qeyd etdiyim kimi, psixoloji immuniteti zəif insanların artması ilə bağlıdır.”

Daha çox xəbərlər