Qüdrət Həsənquliyev: “Radikal qüvvələr şantaj yolu ilə islahatların dayandırılmasını istəyirlər”
Milli Məclisin plenar iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev ölkə prezidentinin islahatlarla bağlı atdığı addımları təqdir etdi. Deputat dedi ki, bu addımları öz adına çıxmağa çalışan radikal qüvvələrə baş qoşmağa dəyməz. “Məntiqlə, radikal qüvvələr ölkədəki islahatları təqdir etməlidirlər. Amma onlar şantaj yolu ilə bu islahatların dayandırılmasını istəyirlər”,- deputat bildirdi.
Q.Həsənquliyev prezidentin şəhid ailələri ilə görüşündən, həmçinin zəlzələ bölgəsində ağbirçək ananın əlini öpməsindən əhalinin duyğulandığını söylədi.
Bələdiyyələrlə bağlı hesabata münasibət bildirən Q.Həsənquliyev hesabatdakı bəzi məqamlara tənqidi yanaşdı. Deputat dedi ki, bələdiyyələrin tərəqqiyə nail olduğunu demək olmaz: “Bələdiyyələrlə bağlı “tərəqqi” sözünün işlədilməsi doğru deyil. Çünki qeyd olunur ki, bələdiyyə tərəfindən 50-dən artıq kommersiya qurumu yaradılıb, amma onların yarıdan çoxu artıq işləmir. Əgər yaradılan kommersiya təşkilatlarının böyük əksəriyyəti işləmirsə, onda bələdiyyə üzvlər üçün təşkil olunan seminarların nəticəsi harda qaldı?”
Deputat Çingiz Qənizadə isə hesabatdakı bəzi məqamlarla bağlı fikirlərini bölüşməklə yanaşı, hesabatı təqdir etdi. O, ölkə gənclərini ilin sonlarında keçiriləcək bələdiyyə seçkilərində iştirak etməyə çağırdı: “Mən bələdiyyələrin işinə yeni nəfəs gətirən gənclərin bu prosesdə iştirakını arzu edirəm”.
E.Paşasoy,
Musavat.com

