Siyasət 

“Tehranın anti-Azərbaycan fəaliyyətinə qarşı kifayət qədər rıçaqlarımız var” – politoloqdan şok açıqlama

Son günlərdə cənub qonşumuz İranın davranışları Azərbaycan tərəfin səbir kasasını növbəti dəfə daşırıb. Məlumdur ki, ölkəmizin əlində İrana qarşı çox ciddi resurs var. Cənubdakı 40 milyonluq azərbaycanlı faktoru bizim lehimizə, İranın əleyhinədir.

Vaxtaşırı bizə problem yaratmağa çalışan, Azərbaycanı təhdid edən, arxadan xəncərləyən Tehrana Azərbaycan nə zaman güc göstərəcək, layiqli cavab verəcək? Hökumətimiz İrandakı azərbaycanlılarla işləyirmi? Onların təşkilatlanması üçün nəsə işlər görülürmü?

İran öz agenturasını din adı altında ölkəmizə yeridib. Biz də milli kartdan yararlanıb, orda eyni formada şəbəkə yarada bilərikmi? Bu, deyildiyi qədər asan məsələdirmi? İranda yaşayan azərbaycanlıların Quzey Azərbaycana münasibəti, Vahid Azərbaycan ideyasına yanaşması necədir? Azərbaycan hökuməti bu məsələyə neçə illərdir soyuq baxır. Heç bir fəallıq və təşəbbüs göstərmir. Amma zamanında işlərə başlasaydı, bu gün İran qarşımızda bu cür səhvlər edə bilməzdi.

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli hesab edir ki, Azərbaycanın müqayisədə İran qarşısında üstünlükləri daha çoxdur: “Öncəliklə onu deyim ki, Azərbaycan-İran münasibətlərində kifayət qədər ciddi potensial var. Bilirsiniz ki, Azərbaycan müstəqillik əldə edəndən bu günə qədər özünü bərpa ilə məşğul olub. Xüsusilə bu bərpa torpaqlarının 20%-nin işğalı kontekstində baş verib. Bu baxımdan İranla Azərbaycan arasında qarşıdurmaya səbəb olacaq detallardan hər iki tərəf yan keçib. Amma təbii ki, İran dini dövlətdir. Əsasən xarici siyasətində bu elementdən istifadə edib. Azərbaycanın bəlli bir keçmişi var. İrandan fərqli bir sivilizasiyada özünü təsdiq edib. Rəsmi Bakı heç zaman anti-İran mövqeyi istiqamətində addım atmayıb. Amma maraqlı məqam odur ki, Azərbaycanın əlində İrana qarşı çoxlu sayda rıçaqlar var. Bizim qarşımızda duran əsas məsələ Qarabağ problemi idi ki, artıq onu həll edib. Bu, həll olunduqdan sonra İranın bəzi narahatlıqlarını başa düşmək olar. Çünki Azərbaycanın belə bir problemi olduğu sürəcdə gücünü tam ifadə edə bilmirdi. Qonşu ölkələr də bu məsələdən asılılıq kimi istifadə edirdilər. Amma indi Azərbaycanın əlində kifayət qədər geniş resurslar var. Əsas əlimizdə olan imkanlardan biri orada yaşayan soydaşlarımızdır. İranda millətçilik hissi kifayət qədər güclüdür, yəni Cənubi Azərbaycanda.

Əziz Əlibəyli: Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm  töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır - "İki  sahil"

Əziz Əlibəyli: “İran bu ritorikasına davam edərsə…”

Azərbaycan tərəfi onun ideoloji əsaslarını yarada bilər. Hansı ki, Vətən müharibəsi o ideoloji əsasları yaradıb. Cənab Prezident Qarabağ savaşındakı qələbəsi ilə bütün dünya azərbaycanlılarının rəhbərinə çevrildi. İrana qarşı əsas addımlardan biri Vahid Azərbaycan ideologiyasının dəstəklənməsi ola bilər. Digər tərəfdən, İranın şimala çıxışı Azərbaycan vasitəsilədir. Bununla bağlı da Azərbaycan addımlar ata bilər. İran sanksiyalar altında yaşayır. Azərbaycan tərəfdən də bu sanksiyalara məruz qalarsa, arzuolunmaz nəticələr doğura bilər. Bizim müttəfiqlərimiz var. Eyni zamanda Qoşulmama Hərəkatının sədriyik. Bunlar Azərbaycana bir sıra imkanlar yaradıb. Biz ölkəmizdə hansısa bir dövlətin hərbi bazasının yerləşdirilməsinə imkan verməmişik. İran bu ritorikasına davam edərsə, müttəfiqlərimizlə bağlı məsələyə yenidən baxa bilərik. Birmənalı şəkildə müqayisədə ciddi üstünlüklərimiz var və bu üstünlük artan xətlə gedəcək. Bu da ciddi üstünlüyü ortaya qoymağa kifayət edər”.

Tarif Şurası yenə də ənənəsinə sadiq qaldı

Rəşad Bayramov: “İran hətta öz ərazisində yaşayan 40 milyona yaxın Azərbaycan türkü amilini nəzərə almır”

AMİP Mərkəzi Şura sədri Rəşad Bayramov: “İranın Azərbaycanla bağlı siyasəti əvvəlcədən bəllidir. Dövlət müstəqilliyimizi əldə etdikdən bəri İran bizi özü üçün təhdid görür və bunu heç vaxt gizlətməyib. Azərbaycanın güclənməsinin Güneydə yaşayan 40 milyona yaxın Azərbaycan türkünün milli oyanışına təsirsiz ötüşməyəcəyini düşünərək hər imkanda Azərbaycana zərbə vurmağa, ökəmizin zəifləməsinə çalışır. Biz bunun dəfələrlə şahidi olmuşuq və ən bariz nümunə kimi də 44 günlük Vətən savaşında İranın Ermənistana dəstəyini göstərmək olar. Rəsmi Tehran hər nə qədər də bu faktları ört-basdır etməyə çalışsa da müharibə vaxtı İrandan Ermənistana və o cümlədən də separatçı rejimə gedən silah-sursat dolu maşın karvanlarının hər birimiz şahidiyik.

İranın işğal dövründə də Ermənistana və separatçı rejimə hərtərəfli yardım göstərdiyi ilə bağlı çoxlu sayda faktlar mövcuddur. Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olan və müttəfiqi Rusiya ilə quru sərhədləri olmayan Ermənistana qarşı təcrid siyasəti yürütdüyümüz dövrdə İranın təcavüzkar dövlət üçün nəfəslik rolunu oynadığını hər kəs yaxşı bilir. İndi də, yəni Ermənistanın kapitulyasiyasından sonra da İranın fars-molla rejimi eyni siyasəti yürütməkdə davam edir. Laçın koridoru vasitəsilə karvanlarla keçən İran maşınlarında separatçı rejim üçün daşınan yüklər faktdır və bununla bağlı hələ sentyabr ayının 11-də müvafiq nota təqdim olunmasına baxmayaraq İran bundan hər hansı bir nəticə çıxarmayıb. Əksinə, rəsmi Tehran din adamları, ayrı-ayrı millət vəkillərinin dili ilə Qarabağda bir ovuc erməniyə “status” verilməsinin vacibliyini dilə gətirir, Azərbaycanın öz ərazilərində nəzarəti ələ keçirərək Gorus-Qafan yolunda post qurmasına isə  SEPAH-ın Aslandüzdən İran Culfasınadək ərazilərdə təlim keçməsi ilə cavab verir.

Tehranı ən çox qıcıqlandıran məsələlərdən biri də 44 günlük Qarabağ savaşının gedişinə təsir edə bilməməsi ilə bağlıdır. Hazırda Rusiya ilə Türkiyə hərbçilərinin Cənubi Qafqazda mövcudluğu İranın bölgədəki güc yarışmasından kənarda qalmasına gətirib çıxarıb ki, o da bununla barışmaq istəmir.

Amma İranın nə etməsindən, hansı davranışı sərgiləməsindən asılı olmayaraq  onun anti-Azərbaycan fəaliyyətinin qarşısını almaq üçün Azərbaycanın əlində kifayət qədər rıçaqlar, təsir vasitələri mövcuddur və bunları işə salmağın zamanı gəlmişdir. Çünki yuxarıda da sadaladığım faktlar onu göstərir ki, İranın anti-Azərbaycan fəaliyyəti nə yaxın qonşuluğa, nə də müsəlmanlığa uyğun gəlmir. İran hətta öz ərazisində yaşayan 40 milyona yaxın Azərbaycan türkü amilini də nəzərə almır. Bu isə olduqca vacib amildir və əgər İran bu amili nəzərə almırsa, bizim dövlət olaraq üzərimizə düşən vəzifə İranı həmin amili nəzərə almağa məcbur etməkdən ibarət olmalıdır.

Başqa sözlə, həm hakimiyyət, həm müxalifət, həm də ayrı-ayrı ictimai təşkilatlar Güneydə yaşayan soydaşlarımızın fəallaşması istiqamətində konkret addımlar atmalıdırlar. İranda dəfələrlə olmuş biri olaraq deməliyəm ki, oradakı soydaşlarımızın ən böyük problemi təşkilatlanma ilə bağlıdır. Vahid liderin, vahid təşkilatın olmaması səbəbilə İranın 40 milyonluq bir toplumu orada nəinki söz sahibinə çevrilə bilmir, hətta doğma dilində təhsil almaq hüququndan belə məhrum edilir.

Güneydəki soydaşlarımızın elə İran Konstitusiyasına əsasən onlara verilmiş hüquqlardan məhrum olmalarını ən yüksək beynəlxalq tribunalardan səsləndirməklə İranın Azərbaycan türklərinə qarşı həyata keçirdiyi siyasəti beynəlxalq birliyin diqqətinə çatdırmağa nail olmalıyıq. İranda yaşayan soydaşlarımızla işin təşkili üçün xüsusi proqram hazırlanmalı, maliyyə vəsaiti ayrılmalıdır. Bir sözlə, İran özü üçün ən böyük təhdid olaraq Azərbaycan türklərini görürsə, elə biz də İranı öz siyasətində dəyişikliklər etməyə məcbur etmək üçün məhz onlardan istifadə etməliyik. İranda soydaşlarımızın təşkilatlanması ilə rəsmi Tehranı Azərbaycanla bağlı davranışına korrektələr etməyə məcbur edə bilərik”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Daha çox xəbərlər