Gündəm 

Azərbaycan hökuməti riskləri açıqlayır: yaxın gələcəyimizin mühüm məlumatları…

Büdcə zərfi oktyabrın 15-dən gec olmayaraq parlamentə çatmalıdır

Azərbaycanda 2022-ci ilin dövlət büdcəsi prosesi qanunvericiliyə uyğun olaraq həyata keçirilməkdədir. “Büdcə sistemi haqqında” Qanuna əsasən sentyabrın 15-dək Maliyyə Nazirliyi növbəti büdcə ili üzrə büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi, dövlət büdcəsinin və icmal büdcənin layihəsi, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri (büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi nəzərə alınmaqla) Nazirlər Kabineti və Hesablama Palatasına təqdim etməlidir. Nazirlik artıq bu prosesi yekunlaşdırıb.

Nazirlər Kabineti isə sentyabrın 25-dək növbəti büdcə ili üzrə büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi də daxil olmaqla, dövlət büdcəsinin və icmal büdcənin layihəsini, sonrakı üç il üçün icmal büdcənin göstəricilərini (büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi nəzərə alınmaqla) və qeyd olunan qanunla müəyyən edilən digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Nazirlər Kabinetindən verilən məlumata görə, sentyabrın 21-də baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib. İclasda 2022-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihələri, 2021-2025-ci illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, həmçinin Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondunun 2022-ci il üçün büdcə layihələri müzakirə olunub.

2022-ci il dövlət büdcəsinin ilkin parametrlərinə dair məlumatdan aydın olur ki, 2022-ci ildə dövlət büdcəsinin gəlirləri 26 milyard 407 milyon manat məbləğində proqnozlaşdırılır. Bu, ölkə üzrə Ümumi Daxili Məhsulun 32,5 faizini təşkil edəcək. Gəlirlərin proqnozlaşdırılan həcmi 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 3,8 faiz çoxdur. Gəlirlərin 52,4 faizi neft sektorunun, 47,6 faizi qeyri-neft sektorunun payına düşəcək. Neft sektoru üzrə büdcə gəlirlərinin 85,7 faizini Dövlət Neft Fondundan transfert, 14,3 faizini isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcək.

İlkin büdcə parametrlərinə görə, vergi və gömrük sistemində islahatların davam etdirilməsi və pandemiyanın təsirlərinin azalması 2022-ci ildə qeyri-neft sektoru üzrə müvafiq daxilolmaları 2021-ci ilin təsdiq olunmuş göstəricisinə (Mərkəzi Bankın mənfəətindən ayırmalar və Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert çıxılmaqla) nəzərən 1 milyard 844 milyon manat və ya 19,3 faiz artımla proqnozlaşdırmağa imkan verir.

2022-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 45 dollardan hesablanıb. Bu qiymətlə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 11 milyard 860 milyon manat, vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar 1 milyard 980 milyon manat, Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar (hasilatın pay bölgüsü sazişləri üzrə neft şirkətlərinin ödədiyi mənfəət vergisi xaric) 7 milyard 158 milyon manat,  Dövlət Gömrük Komitəsinin xəttilə daxilolmalar 4 milyard 260 milyon manat, digər gəlirlər isə 1 milyard 149 milyon manat təşkil edəcək.

Gələn il dövlət büdcəsinin xərcləri 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 1,5 faiz artıq olmaqla 28 milyard 974 milyon manat (ÜDM-in 35,6 faizi) proqnozlaşdırılıb. Xərclərin 68,7 faizini cari xərclər, 24,7 faizini əsaslı xərclər, 6,6 faizini isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir. Qeyd olunan dövrdə əsasən əməyin ödənişi və sosial ödənişlərin artması hesabına cari xərclərin əvvəlki ilin proqnoz göstəricisi ilə müqayisədə 10,5 faizlik artımı, əsaslı xərclərin 14,1 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin isə 13,0 faiz azalması proqnozlaşdırılır. Bu zaman cari xərclər 19 milyard 91 milyon, əsaslı xərclər 7 milyard 148 milyon,  dövlət borcuna xidmətlə bağlı xərclər isə 1 milyard 912 milyon manat həcmində olacaq.

Dövlət büdcəsi xərclərinin funksional təsnifat üzrə strukturunda ən çox paya iqtisadi fəaliyyət (18,64 faiz), müdafiə və milli təhlükəsizlik (15,5 faiz), ümumi dövlət xidmətləri (14,7 faiz), təhsil (12,9 faiz) və sosial müdafiə və sosial təminat (12,4 faiz) xərcləri malik olacaq.

2022-ci ildə dövlət büdcəsinin kəsirinin 2021-ci ilin təsdiq edilmiş göstəricisindən 17,6 faiz az olmaqla 2567,0 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da ÜDM-in 3,2 faizini təşkil edəcək. Kəsir vahid xəzinə hesabının qalığı (45,2 faiz), daxili və xarici borclanma (27,3 faiz), layihə maliyyələşdirilməsi əsasında cəlb edilən kreditlər (23,1 faiz) və özəlləşmədən daxilolmalar (4,4 faiz) hesabına maliyyələşdiriləcək. 2022-ci ildə icmal büdcənin gəlirləri 26967,7 milyon manat, xərcləri 32145,9 milyon manat, kəsiri isə 5178,2 milyon manat səviyyəsində proqnozlaşdırılır.

2022-ci ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 5 milyard 284,2 milyon manat, İşsizlikdən sığorta fondunun gəlirlərinin 180,3 milyon manat, Dövlət Neft Fondunun gəlirlərinin isə 9 milyard 276,7 milyon manat olacağı proqnozlaşdırılır. Bu fondların xərcləri isə müvafiq olaraq 5 milyard 284,2 milyon manat, 180,3 milyon manat və 11 milyard 887,8 milyon manat təşkil edəcək. Göründüyü kimi, ilk iki fondun gəliri ilə xərcləri bərabər olacaq, Neft Fondu isə gəlirindən çox xərcləyəcək.

Milli Məclisdə büdcə müzakirələri başladı | Banco.az

Onu da qeyd edək ki, Azərbaycan hökuməti Dövlət Sosial Müdafiə Fondunun büdcəsi ilə bağlı bəzi problemlərin ümumilikdə dövlət büdcəsinin dayanıqlığına risk yaratdığını bildirir. Qeyd olunur ki, pensiya təminatının dövlət büdcəsi hesabına balanslaşdırılması, Dövlət Sosial Müdafiə Fondunun büdcə gəlirlərinin bir hissəsinin dövlət  büdcəsinin xərclərindən asılı olması dövlət maliyyəsinin dayanıqlığına təsir edən amillərdəndir: “Qeyd etmək lazımdır ki, 2019-cu ildən etibarən məcburi dövlət sosial sığortası sahəsində inzibatçılıq və idarəetmə fəaliyyətinin vergi orqanlarına verilməsi, muzdlu işlə əlaqədar gəlir vergisi, məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları və icbari tibbi sığorta haqları üzrə vahid bəyannamənin tətbiqi, qeyri-formal məşğulluğun azalması və əmək münasibətlərinin şəffaflaşması istiqamətində nəzarət tədbirlərinin gücləndirilməsi məcburi dövlət sosial sığorta haqlarının hesablanılmasından və ödənilməsindən yayınma riskinin azalması ilə nəticələnmişdir. Belə ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2020-ci ildə 3 milyard 564 milyon manat təşkil etmişdir ki, bu da 2019-cu illə müqayisədə 21,6 faiz və ya 632,6 milyon manat çox, 2021-ci ilin 6 ayında isə 1 milyard 839,8 milyon manat olmuşdur ki, bu da əvvəki ilin analoji dövrü ilə müqayisədə 7,7 faiz və ya 131,2 milyon manat çoxdur. Bununla belə, hələ də Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığa nail olmaq mümkün olmamışdır və növbəti illərdə də Fondun büdcəsinin dövlət büdcəsi hesabına balanslaşdırılmasının davam etdirilməsi nəzərdə tutulur. Eyni zamanda dünya göstəriciləri ilə müqayisədə ölkəmizdə demoqrafik meyillər müsbət olsa da, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi nəticəsində artan sığorta kapitalına uyğun məcburi sosial sığorta üzrə maliyyə mənbələrinin olmaması, sığortaolunanlar və pensiyaçılar arasındakı say nisbətinin (2020-ci ildə 1,5 nəfər) qənaətbəxş olmaması (pensiya sisteminin dayanıqlılığı baxımından bu nisbətin ən azı 3/1 olması məqbul hesab olunur), uzunmüddətli dövrdə yaşlı əhalinin xüsusi çəkisinin və gözlənilən orta ömür müddətinin artması, həmçinin mövcud pensiya təyinatı şərtlərinin (sosial sığorta normativlərinin və sığorta stajına olan tələbin hazırkı səviyyəsinin) səmərəli əvəzetmə əmsalına və onun əməkhaqqı məbləğinin yüksəlməsinə mütənasib artımına imkan verməməsi pensiya sistemi qarşısında duran əsas çağırışlardır”.

Maliyyə Nazirliyinin “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sından aydın olur ki, növbəti 4 ildə Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən transfertlər artım dinamikası nümayiş etdirəcək. Sənədə əsasən 2022-ci ildə dövlət büdcəsindən Sosial Müdafiə Fonduna 1 milyard 156,6 milyon manat, 2023-cü ildə 1 milyard 371,9 milyon manat, 2024-cü ildə 1 milyard 455,7 milyon manat, 2025-ci ildə isə 1 milyard 519,5 milyon manat transfert olunacaq. Bundan əlavə, 2022-ci ildə fondun gəlirlərinin 1 milyard  285,2 milyon manatı, 2023-cü ildə 1 milyard 533,1 milyon manatı, 2024-cü ildə 1 milyard 586,7 milyon manatı, 2025-ci ildə isə 1 milyard 642,3 milyon manatı dövlət büdcəsindən maliyyələşən təşkilatların məcburi sosial sığorta haqları üzrə ayırmalarından ibarət olacaq. Bu isə dövlət büdcəsinin fondun gəlirlərində iştirakının çox yüksək olaraq qalması deməkdir.

Sonda onu da qeyd edək ki, qanunvericiliyə əsasən ölkə Prezidenti büdcə sənədlərini oktyabrın 15-dən gec olmayaraq Milli Məclisə göndərməlidir.

Dünya SAKİT,
“Yeni Müsavat”

Daha çox xəbərlər