26 sentyabr – bu gün Fəxri Xiyabanda nələr yaşandı?
-O qabı mənə ver.
– Qoy buranı silim, sonra oranı təmizləyərəm.
-Suyu tök görüm.
Hərə bir iş görür. Biri yeri təmizləyir, o biri çiçəklərə qulluq edir, digəri qəbir daşını silir…
Bəli, analar, bacılar, gəlinlər Anım Gününə hazırlıq görürlər. Sabah onların doğmalarını görməyə o qədər adam gələcək ki…
II Fəxri Xiyabanda Vətən müharibəsi qəhrəmanlarını ziyarət etməyə gəlmişik. Sağa baxırsan, dimdik baxan qoşa göz, sola baxırsan daşı dəlib keçən sərt baxış…
Daşlara həkk olunan onlarla mərd baxış… Qərənfillər, lalələr, qızılgüllər. Məzarlar elə süslüdür ki… Məzar daşındakı şeirlər, yazılar isə bu süsləri görünməz edir.
“Ata, narahat olmayın. 3 gündən sonra qayıdacam”.
Hə, bala, qayıtdın, amma atan səni quca bilmədi. Bağrına basıb: “xoş gəldin”, – deyə bilmədi. Sənin bayrağa bükülü nəşinə sarılıb: “Vətən sağ olsun”, – deyə bildi sadəcə. Sonra… Sonra da səni torpağa tapşırdı Bakıda, Fəxri Xiyabanda. İlk fürsətdə azadlığı uğrunda canından keçdiyin, şəhid olduğun torpaqdan bir ovuc gətirdib məzarına səpdi.

Arada qəhər bizi boğanda nəfəs ala bilmək üçün başımızı qaldırıb səmaya baxırıq. Çifayda. Daha da qəhərlənirik. Başımızı dikəldib düz baxanda bizə açıq səmaya baxmağı nəsib edən oğulların baxışları ilə üz-üzə qalırıq.
Məzarlıqda xeyli uşaq var idi. Valideynləri ilə ziyarətə gəlmişdilər. O uşaqlardan biri Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun məzarının yanında şəhidlərə həsr olunmuş şeirlərdən birini deməyə çalışırdı. O qədər həyəcanlı idi ki… Dönə-dönə şeiri təkrar etməyə çalışırdı. Onu şeiri ilə baş-başa qoyub irəli gedirik.
Bir ara səs gəldi: “Sədi, ay Sədi…”
Kimsə qarışıqlıqda uşağını itirmişdi. Onun övladını tapmaq şansı var, əlbət. Yeganə balasını torpağa tapşıran anaların isə yox…
Birdən şəhid balasının məzarı önündə ağlayan ananın səsi gəldi. Təsadüfmü, ya nə idi bu?
“Balam, gözəl bala idi. Hər yerdə fəxr olunası bala idin…”
Yanına getdik guya təsəlli etmək üçün. Yeganə övladını itirən ananı necə təsəlli etmək olar axı?
“Qızım, döyüşün ortasında zəng edirdi. Ana, sənə mane olmadım ki? (Qəhər boğur, danışa bilmir) Ona həmişə “sən mənim həyatımın mənasısan” deyirdim. Qəbul etmirdi bu fikri. “Bir insan bir insan üçün necə yaşaya bilər axı?” deyirdi…”
Onlarla rabitəsiz cümlə, özünü ovutma cəhdi… Sonra sakitcə durdu, övladının məzar daşındakı şəklini öpdü, getdi. Gedərkən bir də geriyə dönüb baxdı. Ana ürəyi… Balasını tək qoymağa məcbur olan ana ürəyi…

Digər şəhid anası dayanmadan daşları sürtürdü. Məzar daşını yox, yerə döşənmiş daşları. O qədər də çirkli deyildi, amma yenə də sürtürdü. Anadır axı. Övladının təmiz yerdə uyumasını istəyir.
Sakitcə məzar başında oturan ana da gördük. Gözünü bir nöqtəyə dikib, oturub. Nəyi gözləyir, görəsən? Yaxınlaşsan, söhbət etmək istəsən… Balasından danışacaq, əlbət. Yarasını deşməyə dəyərmi? Yox. Zatən övladı şəhid olduğu gündən hər gün qanayır o yara.
İndi siz hamımızın anasısınız. “İndi biz sizin balanızıq”, – deyirik. Deyirik, amma övlad, qardaş qoxusu, səsi başqadır… Şəhid yaxınları düz bir ildir, o doğma səsə, qoxuya həsrət qalıblar.
Bir il nə tez keçdi, ilahi! Sanki dünən idi. Bir gözümüz gülür, o biri ağlayırdı. “Füzuli işğaldan azad olundu”, ilahi, şükür bu günə. Ardından şəhid xəbərləri. Qələbənin belə ağır bədəli var.
Biz sadəcə ziyarətçiyik. Allahdan rəhmət diləyib, dualar oxuyub getdik. Qarşımıza çıxan analara, bacılara “Allah səbir versin”, – deyəcəyik. Lakin gəlin etiraf edək ki, onları həyatda heç nə təskin edə bilməz.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Nigar Həsənli,
“Yeni Müsavat”

