“Dağlıq Qarabağ və ətraf bölgələrin Azərbaycanın beynəlxalq tanınmış ərazisinin tərkib hissəsi olduğunu bütün beynəlxalq ictimaiyyət tanıyır”
ARANTV.AZ xəbər verir ki, “Dağlıq Qarabağ və ətraf bölgələrin Azərbaycanın beynəlxalq tanınmış ərazisinin tərkib hissəsi olduğunu, hazırda bu torpaqların Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldığını və bu ərazilərdə məskunlaşan erməni icmasının üzvlərinin Azərbaycan vətəndaşları olduğunu bütün beynəlxalq ictimaiyyət tanıyır”. Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın bəyanatına münasibət bildirərkən belə bir açıqlama ilə çıxış edib.
Xarici siyasət idarəsinin sözçüsü Leyla Abdullayeva qeyd edib ki, Ermənistan baş nazirinin çıxışında Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlarda iştirakı məsələsindən bəhs etməsi, dünən onun mətbuat katibinin Dağlıq Qarabağın erməni icmasını Azərbaycan vətəndaşları adlandırması düzgün yanaşmadır. Dağlıq Qarabağ və ətraf bölgələrin Azərbaycanın beynəlxalq tanınmış ərazisinin tərkib hissəsi olduğunu, hazırda bu torpaqların Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldığını və bu ərazilərdə məskunlaşan erməni icmasının üzvlərinin Azərbaycan vətəndaşları olduğunu bütün beynəlxalq ictimaiyyət tanıyır. “Baş nazir Paşinyanın səsləndirdiyi bəyanatlarla mövcud vəziyyəti daha da gərginləşdirməyə deyil, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də son bəyanatlarında vurğuladıqları kimi, münaqişənin həlli istiqamətində nəticəyə yönəlik danışıqlara zəmin yaratmalıdır. Ermənistan baş nazirinin bəyanatlarından onun mövqeyini anlamaq mümkün deyil. Bir tərəfdən münaqişənin həlli üçün sülh şəraitinin yaradılmasının önəmindən danışan Ermənistan rəsmisi, digər tərəfdən danışıqlar prosesinin formatının dəyişdirilməsinə cəhdlər edir, Azərbaycanı guya ki, əhalisini sülhə deyil müharibəyə hazırlamaqda, “aqressiv ritorikada” ittiham etməyə çalışır. Həqiqət bundan ibarətdir ki, söhbət Azərbaycanın “aqressiv ritorikası”ndan deyil, Ermənistanın aqressiv hərəkətlərindən gedir”.

