Soçi görüşündə mühüm detallar – “Bakı və İrəvan özləri razılığa gəlsin…”
Qabil Hüseynli: “Minsk Qrupunun əsas işi Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünü təşkil eləmək olmalıdır”
“Bunlar hər iki tərəf üçün çox faydalı, yerinə düşən və vacib təmaslar idi. Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçidə keçirilən danışıqlarda Suriya, Əfqanıstan, Liviya və Qarabağı müzakirə ediblər”. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. “Rusiya tərəfindən sərhədlərin delimitasiyası və nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı tərəflərin özlərinin kompromisli həllər axtarması lazım olduğu vurğulandı”, – deyə Peskov Qarabağ mövzusunda, 10 noyabr anlaşması mövzusunda müzakirələr barədə danışarkən qeyd edib.
Rusiya XİN rəsmisi Aleksey Zaytsev isə görüş barədə danışarkən bildirib ki, Rusiya tərəfi sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı təkliflərini Bakıya və İrəvana təqdim edib və cavab gözləyir.
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a şərhində bildirdi ki, əslində bütün bunlar İrəvana Rusiyadan ermənipərəst mövqe gözləməsin mesajı sayıla bilər. Aydındır ki, Azərbaycan güclü və diktə edən tərəfdir, üstəlik də yanında güclü müttəfiqi, superdövlət Türkiyə var. O müttəfiq ki, onun Cənubi Qafqazda varlığını, söz sahibi olduğunu Rusiya da artıq qəbul edir: “Təsadüfi deyil ki, Putin Ankaranın Güney Qafqazda güclənməsini Qarabağ məsələsi üçün də pozitiv amil saydığını dedi. Ərdoğan isə deyib ki, Putin bölgədə ”altılıq” formatında əməkdaşlıq platformasının yaradılmasını dəstəkləyir.
Yəni iş-anlaşma özümüzə qalsa, Moskva əngəl olmasa, Bakı İrəvanı necə ram eləməyi çox yaxşı bilir.
“Kimlərin nə söyləməsindən asılı olmayaraq Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin Soçi görüşü məhsuldar olub. Demək olar ki, həm Rusiyanı, həm Türkiyəni, eləcə də Azərbaycanı maraqlandıran bir çox suallar ətrafında fikir mübadiləsi aparılıb və razılaşmalar əldə olunduğu sezilir. Putinin dediyi kimi, polemikalar çətin olsa da sonda hər iki tərəfi qane edə biləcək razılığa gələ biliblər”.

Qabil Hüseynli
Bunu politoloq Qabil Hüseynli “Yeni Müsavat”a deyib. Onun sözlərinə görə, bizim üçün ən əhəmiyyətlisi kommunikasiya xətlərinin açılması və onun tərkibində də Zəngəzur dəhlizinin tikilib istifadəyə verilməsi məsələləridir: “Bu məsələlər gündəmdədir. Bu məsələdə bəlkə də Rusiya hamıdan çox maraqlıdır. Son dövrlərdə məsələyə Ermənistanın fərqli münasibəti və 10 noyabr üçtərəfli bəyanatının müddəalarına əngəl ola biləcək fikirlər ortaya atması əlbəttə ki, müəyyən tərəddüdlər yarada bildi. Amma Ərdoğanın Soçiyə səfərindən sonra jurnalistlərə təyyarədə verdiyi cavablarda bildirdi ki, Zəngəzur dəhlizi-Mehri dəhlizi mütləq işə düşəcək və Azərbaycanın Türkiyə və bütün türk dünyası ilə əlaqələri daha intensiv xarakter alacaq. Əgər belə razılığa gəlinməsəydi, mənim zənnimcə, Türkiyə lideri həm belə bir açıqlama verməzdi, həm də Füzuli Beynəlxalq hava limanının açılışında iştirak etməyə razı olmazdı. Ərdoğanın bu açılış mərasiminə qoşulması həm onun Putinlə görüşdən sonra xoş əhval-ruhiyyədə olması ilə, həm də Füzuli Beynəlxalq hava limanının açılması Zəngəzur dəhlizinin açılması arasında prinsipial əlaqənin olduğunu söyləmək mümkün olmazdı. Cənab Ərdoğanın sözügedən hava limanının açılşında iştirakı sözsüz ki, bölgədəki bir çox proseslərə, o cümlədən komunikasiyaların açılacağına ümidləri daha da artırır. Ermənistan bütün bunları nəzərə almalı və irəli sürülən təklifləri qəbul etməlidir”.
Politoloq qeyd etdi ki, istər Putinin, istər yuxarıda adıçəkilən Rusiya rəsmilərinin açıqlamaları Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində irəli sürülən təklifin tezliklə qəbul edilməsinin vacibliyinin xatırladılması sayıla bilər: “Çünki Azərbaycan bu məsələdə münasibətini müsbət yöndə çoxdan bəyan edib və konstruktivliyini nümayiş etdirib. Məsələnin həllinə mane olan Ermənistanın davranışıdır. Rusiyanın söylədiyi kimi, onlar hər iki ölkəyə təkliflər göndəriblər. Bəli, belə bir təkliflər var. Rusiya sərhədlərin sovet dövründəki xəritələrə əsaslanaraq müəyyənləşdirilməsinin məqbul olduğunu xeyli əvvəl bəyan etmişdi. Məncə təklif də bu nəzərdə tutulur. Sərhədlərin delimitasiyası məsələsində Azərbaycanın mövqeyi aydındır və eyni zamanda realistdir, Azərbaycan Prezidentinin ”bizim kimsənin torpağında gözümüz yoxdur” söyləməsinə ciddi surətdə uyğun gəlir. Üstəlik də sərhədlərin dəqiqləşdirilməsi prosesində həm Qazaxın 7 kəndinin, həm də Naxçıvanın Kərki kəndinin məsələsi məncə avtomatik olaraq həll olunacaq. Sərhəd bütövlüyünün tanınması məsələsində də Ərdoğan bu məsələyə eyham vuraraq bildirib ki, Ermənistan Türkiyə ilə əlaqələri yaxşılaşdırmaq istəyir, amma buna qədər Azərbaycanla münasibətlərindəki bütün problemləri həll etməlidir və buraya Azərbaycanın ərazi bütövlüyünün tanınması da daxildir. Yəni əslində həm Rusiya, həm Türkiyə cavabı Ermənistandan gözləyirlər. Ermənistanın cavabı ləngitməsi onun zərərinə işləyir və işləyəcək.

Fikrimcə, Putinin bu və digər məsələlərdə daha çox Türkiyə ilə əməkdaşlığa üstünlük verməsi Rusiyanın bu məsələlərdə Minsk Qrupunun at oynatmasında maraqlı olmadığını da göstərir. Putin Cənubi Qafqazda öz təsirini, əsas rıçaqları əlində saxlamağa və ABŞ-a verməməyə çalışır. Ölkə Prezidenti İlham Əliyevin söylədiyi kimi, ATƏT-in Minsk Qrupunun işi isə yalnız və yalnız Ermənistan baş naziri ilə Azərbaycan Prezidentinin görüşünü təşkil etməkdən ibarət olmalıdır. Yəni bu məsələlərin bütün mexanizmləri, belə demək olar ki, artıq razılaşdlırıb. Status məsələsində isə Azərbaycan tərəfinin mövqeyi tam qətidir. Hər hansı bir statusdan söhbət gedə bilməz. Bölgələr üzrə iqtisadi rayonların yaradılması haqqında Prezidentin verdiyi fərman da bu məsələlərin həllində önəmli rol oynayacaq. Mənə belə gəlir ki, Ərdoğan-Putin görüşməsi bölgənin problemlərində əsaslı irəliləyişlər yarada bilib. Bu irəliləyişlərə cənab Ərdoğan ciddi surətdə nəzarət etməkdədir və Putinin Qarabağda Rusiya ilə Türkiyənin birgə monitorinq mərkəzinin işini tərifləməsi və eyni zamanda deməsi ki, Türkiyə Cənubi Qafqazda sülhyaratma prosesində önəmli rol oynayır, bütün bunlar hamısı Türkiyə ilə Rusiya arasında qarşılıqlı etimada söykənən möhkəm əlaqələrin yaranmasına işarədir”.
Q.Hüseynli hesab edir ki, üstəlik də bu ilin sonuna qədər Türkiyə Prezidenti ilə Rusiya Prezidentinin yenidən görüşəcəyinin elan olunması çox sürətli və ciddi proseslərin gedişinin sübutudur: “Bu görüş yəqin ki, Putinin Türkiyə səfəri ilə reallaşdırılacaq. Bu səfərdə bir sıra mühüm məsələlər ciddi surətdə bir daha nəzərdən keçiriləcək və yəqin ki, razılaşmalar əldə olunacaq. Rusiyanın müəyyən mətbu orqanlarının bu ilin sonuna qədər Qarabağ məsələsinin çözülə biləcəyini söyləməsi, Ermənistan mediasının bu məsələ ilə bağlı pessimist rəylər yazması onu göstərir ki, həqiqətən də Türkiyənin də dəstəyi ilə Azərbaycan diplomatiyası ciddi uğurlar qazanmaqdadır. Bu uğurlar, nəhayət, bölgədə sabitliyə, əmin-amanlığa gətirib çıxara bilər”.

