Cəbhədən Xəbər 

Müharibə iştirakçısı: Yarım litrlik suyu 25 nəfərə qurtum-qurtum içirdik ki, hamıya çatsın MÜSAHİBƏ

Dövlət, ordu və xalq olaraq hər kəs Zəfərə köklənmişdi

“Vətəni sevmək azdır, onu qorumaq gərək. Vətənim demək azdır, Vətənin olmaq gərək” müqəddəs şüarını dilində əzbər edən, İkinci Qarabağ müharibəsində Vətənin müdafiəsinə qalxan, 44 gün ərzində yağış, boran, qar demədən savaş meydanında düşmənə qan uddaran, 30 ilin ədalətsizliyini haqq ünvanına çatdıran igidlərimizdən biri olan Kənan Qabil oğlu İsmayılovdur.

Savaş iştirakçısı Kənan İsmayılov ilə söhbət zamanı müharibənin başladığı günə qiyabi ekskursiya etdik, qəhrəmanımızın şərəfli döyüş yolunun oxunmamış kitaba bənzəyən səhifələrini birlikdə vərəqlədik, onun xatirələri ilə keçən ilin bu günlərində cəbhədə baş verənləri yada saldıq:

Vətən müharibəsi iştirakçısı  haqqında qısa məlumatı oxucularımızın diqqətinə çatdırırıq: Kənan Qabil oğlu İsmayılov 29 avqust 1997-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb.  Əslən Qəbələ rayonun Mıxlıqovaq kəndindəndir. 2003-2014-cü  illərdə 98 nömrəli tam orta məktəbi bitirib. 2014-2018-ci illərdə Azərbaycan Universitetində “Sosial iş” ixtisası üzrə ali təhsil alıb. 2018-2019 cu illərdə Gəncədəki “N” saylı hərbi hissədə baş sürücü kimi hərbi xidmətdə olub. Ailədə bir bacı, bir qardaşdırlar.

Özümə söz vermişdim ki, dayımın timsalında bütün şəhidlərimizin qisasını alacağam

24 yaşlı qəhrəmanımız Vətəni insanı kimliyi adlandırıb: “Çünki qürbətdə olduqda birinci adını, sonra isə kimliyini yəni, haralı olduğunu soruşurlar. Vətən dədə-babalarımızın mirası, əcdadlarımızın ən ali  və müqəddəs əmanətidir.”

Həmsöhbətimiz bir gün müharibənin olacağından əmin olduğunu, amma həmin tarixin belə tez olacağını gözləmədiyini bildirib: “Mənim dayım Fəzail  Yaşar oğlu Həmidov könüllü olaraq  Birinci Qarabağ müharibəsində iştirak edib.  Ağdərənin Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə minaya düşüb, şəhid olub.  Özümü dərk edəndən dayımın timsalında bütün şəhidlərimizin qanını yerdə qoymamağa söz vermişdim. Birinci Qarabağ müharibəsindən, Aprel döyüşlərindən olan savaş kadrlarını izləyirdim, içimdən keçirdi ki,  düşməni məhv edim, ona qan uddurum, 30 ildir gözləyən qisasımızı alım. 2020-ci ilin Tovuz döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimov şəhid olandan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü olaraq müraciət etdim.”

Ən yaxın dosta mesaj: “Qardaşım, haqqınızı halal edin..”

K.İsmayılov sentyabrın 21-dən Bakıdakı “N” saylı hərbi hissədə təlimlərə qatılıb: “Təlim yoldaşlarımdan biri şəhid baş leytenant Muxtar Qasımlı, digəri isə Birinci Qarabağ müharibəsinin veteranı Mehman İsmayılovun oğlu, uşaqlıq dostum Raqub idi. Briqada komandirimiz Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Anar Mirzəyev bizdə ruh yüksəkliyi yaradırdı, beləcə bir müddət güclü təlimlər keçdik. Sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda Füzuli istiqamətində irəlilədik. Yol boyu  yaşından, peşəsindən, varlı-kasıb olmasından asılı olmayaraq kimin əlindən nə gəlir, gücü nəyə çatır yemək, su, geyimlə bizə kömək edirdi, dəstək göstərirdi. Bu cür fədakar xalqımız olduğu üçün qürur duyrdum. Yolda ən yaxın dostlarıma belə bir mesaj yazdım: “Qardaşım, haqqınızı halal edin”

Füzulidən başlanan savaş yolu

Həmsöhbətimiz müharibədə hərbi hissənin baş sürücüsü olub: “İlk olaraq, Füzulinin Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu  kəndlərində yerləşdik. Sonra Horadiz  və digər istiqamətlərdə irəliləyərək mövqelərimizi qurduq. Savaş mənim üçün Füzulidən başladı. Düşmən artileriyadan atəşə başladı. Artilleriyalarımız onları cavab atəşi ilə susdurdu.”

Daha sonra “Beton post” adlanan ərazidə şiddətli döyüş barədə danışan Kənan düşmənin artilleriya vasitələrinin atəşinə məruz qaldıqlarını, xüsusən də çoxlu sayda minaatan mərmisinin atıldığını deyir: “Ən çətin döyüşlərimiz “Beton post”da oldu. “Beton post”un ətrafına kameralar quraşdırmışdılar. Biz hansı tərəfdən gəlirdiksə, kameralarla baxıb görə bilirdilər”.

Mülki həyatda qazandığım 50 dost, hərbidəki bir dostu əvəz etmir

K.İsmayılov savaşın çətinliklərindən söz açdı: “Vətən müharibəsinin hər anı xatirədir. Müharibə həm çətin, həm də maraqlıdı.  Hər gözəl anın dalınca kədər gəlirdi.  Cəbrayılın azad olunduğu gün sevinirdik, yemək yeməyə hazırlaşırdıq. Bu vaxt yaralı və şəhid gətirirdilər. Tez yaralılara kömək edirdik. Ondan sonra yeməyə iştah qalmırdı, heç su da istəmirdik. Müharibədə insan hər şeyin qədrini bilməyi öyrənir. Bir tikə quru çörəyi də yarı bölürdük və doyurduq. Ən azından elə hiss edirdik. Yarım litrlik suyu 25 nəfərə qurtum-qurtum içirdik ki, hamıya çatsın. Torpağın üstündə yatmışıq. Yağışdan islanan geyimlərimiz elə əynimizdə quruyurdu. Mülki həyatda qazandığım 50 dost, hərbidə qazandığım bir dostu əvəz etmir. Müharibə yoldaşınla ölümün içində olursan, hər an istənilən hadisə baş verə bilər. O səni qoruyur ki, ehtiyatlı ol, orada mina ola bilər, sən onu  qoruyursan. Eyni vaxtda kədərlənir, bərabər sevinirdik. Yaralılara yardım edirdik, bilmədiyimizi öyrədirdik, vəziyyətdən çıxış yolu tapırdıq. Təki amalımızı gerçəkləşdirək, torpaqlarımızı yağı tapdağından azad edək.”

Anamı sakitləşdirirdim ki, heç nə hiss etməsin

Müsahibimiz müharibəyə yollanmasından təkcə atasının xəbəri olduğunu vurğulayıb: “Atama bərk tapşırdım ki,  həm evdəkilərə, həm də məni kim soruşsa desin ki, Bakıda təlimlərdəyəm. İstəyirdim heç kim mənə görə narahat qalmasın. Xüsusilə də anamı düşünürdüm ki, döyüşdə olduğumu bilsə, ağlayacaq. Onun mənim üçün pis olmasını istəmirdim. Müharibə vaxtı ara sakit olduqda anamla danışırdım ki, guya təlimdəyəm. O da soruşurdu ki, “bala, nə oldu? Necəsən? Yemək yeyirsənmi? Sizi cəbhəyə aparıblarmı?” Deyirdim ki, “yox hələ, ehtiyac olanda  aparacaqlar”. Bu vaxt minamyotun səsi gəlirdi, tez adboy verirdim. Bir az keçəndən sonra zəng edib, bəhanələrlə anamı sakitləşdirirdim ki, heç nə hiss etməsin.”

Sağ qayıtmağı düşünmürdük

Müharibə iştirakçısının sözlərinə görə, hər an şəhid olcağını düşünüb: “Bilirdik  ki,  ölməyə yox, öldürməyə gəlmişik. Müharibədə hər an diqqətli  və hazır olmalısan. Özünü heç zaman itirməməlisən. Çünki hər anımız təhlükədə idi. Mərmi, artilleriya, silah, tank atəş səsləri bitmək bilmirdi. Adətən gecə vaxtı atəş sakitləşirdi. Bir dəfə gecə vaxtı gördük ki, düşmən koordinatı öyrənib bizim olduğumuz ərazini vurur. Şükür ki, düşmən tərəfi koordinatımızı tam düzgün qeyd edə bilməmişdi deyə itkimiz olmadı. Hər dəfə gedib-gəldiyimiz yol var idi. Başqa bölükdən olan dostlarımız  həmin yolda  minaya düşdülər. Onların yerində biz də ola bilərdik… Hər an ölüm təhlükəmiz var idi. Sağ qayıtmağı heç cür düşünmürdük. Düşünürdüm ki, nə vaxtsa şəhid olacağam. Əfsuslar olsun ki o şərəf mənə qismət olmadı … ”

Həmin gecə Xocavənddə idik

Qəhrəmanımız ordumuzun döyüş əzmindən də bəhs etdi: “Ordumuzun döyüş əzmi, şücaəti yüksək səviyyədə idi. Azərbaycan əsgəri mərd, əzmkar, dözümlü, qorxmaz, cəsur və vətənpərvərlik hissi ilə döyüşürdü. Bütün əsgərlərin gözündə sevinc, içində fərəh, dilində “Qarabağa Azərbaycandır” şüarı var idi. Hamı sevinirdi ki, nəhayət ki, həsrətində olduğumuz İkinci Qarabağ müharibəsi başladı. Allahın izni ilə şəhidlərimizin qisasını alacaq, alnımızdakı qara ləkəni siləcək, Qarabağımızı əsl sahiblərinə qovuşduracağıq. Bu müharibənin başqa nəticəsi ola bilməzdi. Dövlət, ordu və xalq olaraq hər kəs Zəfərə köklənmişdi.”

Müharibənin ən kədərli anlarını xatırlayan Kənan kövrəldiyi incə məqamlara toxundu: “Həm təlim yoldaşım, həm də uzaqdan tanışım olan Muxtar Qasımlının şəhid olması xəbərini eşidəndə çox pis oldum. Təlim vaxtı onunla olan xatirələrimizi, dərdləşməyimizi yada saldım. Allah Muxtarın timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Ən təsirli anlardan biri də Gəncə terrorunda anası itirən uşağın videosunu izləməyim oldu. Çox kövrəldim, ağladım. Bir tərəfdən də əsəbdən partlayırdım ki, bu şərəfsizlərdən qisas alınmaldır.”

Müharibə iştirakçısı Qələbə xəbərini aldığı gecəni xatırladı: “Həmin gecə Xocavənddə idik. Gecənin bir yarısı gördük səs-küy var. Silahlandıq ki, ya basqındır, ya da… Gördük ki, atəş səsləri gəlir, baxdıq ki, atəş biz tərəfdən atılır. Sonra bölük komandirimizi yaxınlaşdı ki, müharibə bitdi. Qələbə bizimdir. Biz də başladıq göyə yaylım atəş  açmağa. Əsgərlərimiz bir-birini qucaqlayır, gözaydınlığı verirdilər. Ordumuz ön cəbhədən alnıaçıq, üzüağ qayıtmağın, Zəfərin, Qarabağın azadlığının, doğmalarına qovuşacaqlarının xoşbəxtliyini yaşayırdılar. Tək kədərimiz o idi ki, şəhidlərimiz həmin günü görmədi. Amma bilirdik ki, onlar cismən olmasa da, ruhən bizimlədir. İndi onların ruhu şaddır.”

Sonda qeyd edək ki, Prezident İlham Əliyevin  müvafiq Sərəncamına əsasən, Kənan Qabil oğlu İsmayılov Füzulinin və Xocavəndin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə  “Füzulinin azad olunmasına görə” və  “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Daha çox xəbərlər