Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır
Azərbaycan 44 günlük Vətən müharibəsində Qələbə qazandı. Bu Qələbə xalqın birliyinin, əzminin, ölkəmizin iqtisadi gücünün və hərbi qüdrətinin bir daha təsdiqi oldu. Vərən müharibəsinin gedişi və nəticəsi bütün dünyaya sübut etdi ki, Azərbaycan öz taleyinin və öz torpağının sahibi olmağı yaxşı bacarır. Dövlət başçımız cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində gündən günə güclənən, inkişaf edən ölkəmiz tarixi ədaləti bərpa etdi, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı işğaldan azad etdi.
Artıq Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Bütövlükdə postmünaqişə dövrü sakit keçir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib.
2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli Bəyanatı imzalandı. Bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu və hər iki tərəfdən minlərlə insanın ölümündən qaçmağa imkan verdi. Üçtərəfli Bəyanata müvafiq olaraq, Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxardı. Bəyanatdan əvvəl Azərbaycan Silahlı Qüvvələri 300-dən çox şəhəri və kəndi döyüş meydanında azad etmişdi. Üçtərəfli Bəyanata müvafiq olaraq Azərbaycanın Qarabağ regionuna Rusiya sülhməramlıları yerləşdirildi. Nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlərin həll edilməsi üçün Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradıldı. Azərbaycanın Ağdam rayonunun ərazisində Azərbaycan tərəfi Rusiya-Türkiyə monitorinq mərkəzi yaratdı.
Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasınavə sülh sazişinin təfərrüatlarının müəyyən edilməsi üçün Ermənistanla danışıqların aparılmasına hazırdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək.
Özgə torpaqlarına göz dikən, saxtakarlıq və riyakarlığa adət etmiş, terror və vandalizmi əməllərində təbliğ edən ermənilər tarixən xalqımıza qarşı qətlyamlar, faciələr törətmişlər.Torpaqlarımız işğaldan azad edildikdən sonra bu torpaqlara ayaq basan hər kəs erməni xislətinin acı nəticələrinin canlı şahidinə çevrildi.
Azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə demək olar ki, bütün binalar və tarixi abidələr dağıdılıb. Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qismən dağıdılmış qalan iki məsciddə işğalçılar donuz və inək saxlayır, müsəlmanların heysiyyətini qəsdən təhqir edirdilər. Füzuli şəhərində və Füzuli rayonunun bütün kəndlərində binalar və evlər 100 faiz dağıdılıb. Ağdam şəhərində və Ağdam rayonunda da eyni vəziyyətdir. Ağdam şəhəri “Qafqazın Hirosiması” adlandırılır. Cəbrayıl rayonunda cəmi 2 bina salamat qalıb, orada Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yerləşirdi. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında da oxşar vəziyyətdir. Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb. Bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin köməyi ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib. Evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb. Təbiətə çox böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, Ermənistana və İrana satılıb. Qızıl yataqları və digər təbii ehtiyatlar qanunsuz istismar edilib. Transsərhəd Oxçuçay çayı bir Avropa şirkətinin iştirakı ilə sistematik olaraq çirkləndirilirdi, bu da artıq nüfuzlu beynəlxalq ekspertlər tərəfindən təsdiq edilmiş ekoloji fəlakətə gətirib çıxarıb. Təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş Azərbaycan ərazisi narkotrafik üçün istifadə olunmuşdur.
Vətən müharibəsi zamanı Azərbaycan ordusu öz missiyasını şərəf və ləyaqətlə yerinə yetirib. Ordumuz mülki əhaliyə, mülki obyektlərin olduğu ərazilərə atəş açmayıb, mülki insanların ərazidən sərbəst və təhlükəsiz çıxmasına şərait yaradıb. Amma hər zaman cinayətlərə əl atan Ermənistan ordusu, uşaq və qadın qatili olan erməni terrorçuları Gəncə, Tərtər, Bərdə, Ağdam, Füzuli və digər ərazilərdə mülki insanlara, əhalinin sıx yaşadığı ərazilərə qadağan olunmuş silahlardan atəş açdılar.
Erməni terrorunun acı nəticələri ilə üzləşən ərazilərimizdən biri də Füzuli rayonudur. Müharibə zamanı ermənilər tərəfindən rayonumuzun mülki insanlar yaşayan ərazilərinə 300-ə yaxın raket atılmış, nəticədə 343 evə ziyan dəymiş, onlardan 12 ev tamamilə dağılmışdır. Bu atəşlər nəticəsində 4 nəfər mülki Füzuli sakini həyatını itirdi.
Hazırda dövlətimiz tərəfindən işğaldan azad edilmiş digər ərazilərimiz kimi Füzuli rayonunda da geniş tikinti- quruculuq işləri aparılır. Azad olunanda bayraq asmağa bir salamat bina tapılmayan Füzuli şəhərində indi iri infrastruktur layihələr reallaşmaqdadır. Füzuli Beynəlxalq Hava Limanı artıq ilk sərnişinlərini qəbul etməyə hazırlaşır. Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Füzuli şəhərinin işğaldan azad edilməsini birinci ildönümündə füzulilərlə birlikdə oldular. Bu tarixi səfər zamanı Füzuli ictimaiyyətinin nümayəndələri ilə görüşən dövlət başçımız bir sıra mühüm obyektlərin təməlini qoydu. Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə davamlı səfərlər etməsi, təməlqoymalar həyata keçirməsi və ümumilikdə görülən işlərin sürəti, miqyası bizləri əmin edir ki, tezliklə Qarabağımız cənnətə çevriləcəkdir.
Natiq Ağayev,
Füzuli RİH-nin memarlıq və tikinti şöbəsinin müdiri, baş memar

