Region Xəbərləri 

Qəbələ rayon Mərkəzi Xəstəxanasına və Diaqnostika Mərkəzinə media-tur keçirildi / FOTOLAR

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına və Qəbələ rayon Diaqnostika Mərkəzinə media-tur təşkil edilib.

ARANTV.AZ-ın məlumatına görə, jurnalistlər və media nümayəndələri əvvəlcə Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanış olublar. Xəstəxananın baş həkimi Sabir Bayramov bildirib ki, 160 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasında 120 həkim, 365 orta tibb işçisi çalışır. Ümumilikdə rayonda 12 həkim məntəqəsi, 1 qəsəbə xəstəxanasıfəaliyyət göstərir: “Xəstəxana binasının inşasına 1985-ci ildə başlanılıb. 1998-ci ildə isə tam olaraq istifadəyə verilib. Son zamanlarda Xəstəxana binasında əsaslı təmir işləri aparılıb və kifayət qədər gözəl şərait yaradılıb. Xəstəxanada ən son müasir avadanlıqlarla pasiyentlər xidmət göstərilir”.

Baş həkimin sözlərinə görə, ay ərzində poliklinika şöbəsinə 700-ə yaxın xəstə müraciət edir: “Müraciət edənlərin əksəriyyəti hamilə qadınlardır. Uşaq poliklinikasına isə 300-400-ə yaxın müraciət daxil olur”. Sabir Bayramov deyir ki, Qəbələdə suda yod çatışmazlığı ilə bağlı daha çox endokrinoloji xəstəliklər, stomotoloji və revmatizm problemləri daha çox olur: “Bütün dünyada xəstələrin daha çox ambulator müalicəsinə üstünlük verirlər. Stasionar müalicə maksimum 2-3 gün təyin edilir. Bu gün xəstəxanamızda Bakıdan gələn 4-5 gənc kadr çalışır. Hazırda Xəstəxanamızın Cərrahiyə şöbənin müdiri də Bakıdan gələn gənc xanımdır. Bakıdan gələn kadrların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün hər cür şərait yaradılıb. Xəstəxanada fitozeatr (vərəm xəstəliyi) üzrə həkimə ehtiyacımız var idi, artıq bu sahə üzrə həkimimiz var”.

Baş həkim deyir ki, xəstəxanaya dövlət tərəfindən 577 min manat dəyərində dərman preparatları verilir: “Yüksək keyfiyyətli dərmanlar müalicə proseslərində istifadə olunur. Səhiyyə Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada verilən dərman preparatlarının böyük hissəsi, təxminən 344 min manat dəyərində olan hissəsi pulsuz reseptlə yalnız imtiyazlı şəxslər üçün nəzərdə tutulub. Eyni zamanda 270 min manat dəyərində olan dərman preparatları isə şəkərli diabet xəstələri üçün nəzərdə tutulub. Şəkər xəstələrinin sayı dünya üzrə artmaqdadır. Bu günə qədər 1780 nəfərə yaxın şəkərli diabet xəstəsi qeydiyyata almışıq”.

Sabir Bayramov nikahdan əvvəl tibbi yoxlanışlardan keçmək üçün müraciət edən cütlüklərin sayında artım olduğunu da qeyd edib: “İl ərzində rayon üzrə müraciət edən 300 nəfərə yaxın cütlükdən 5-də Hepatit B, Hepatit C, bir-iki nəfərdə isə siflis aşkarlanır. Əsas məsələ talassemiya daşıyıcılarının müəyyənləşdirilməsidir ki, bu da bizim region üzrə müşahidə edilən xəstəliklərdəndir. Qəbələdə 300-ə yaxın talassemiya xəstəsi var. Bu xəstəliyin erkən aşkarlanması və müdaxiləsi önəmlidir. Ümid edirik ki, səhiyyəyə göstərilən qayğı nəticəsində yaxın 10 il ərzində Azərbaycan polimeritsiz ölkə statusu qazandığı kimi, talassemiyasız ölkə statusu da qazanacaq”. Baş həkim deyir ki, Qəbələ rayonu turistik ərazi olduğuna görə, Mərkəzi Xəstəxananın yeni binası tikilir. 5 hektara yaxın sahədə yeni tikilən 6 mərtəbəli xəstəxana binasının 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Daha sonra media nümayəndələrinə xəstəxananın şöbələri barədə məlumat verən Baş həkimin müalicə işləri üzrə müavini Fikrət Cəfərov bildirib ki, xəstəxana 8 şöbədən ibarətdir: “Xəstəxanamız cərrahiyyə şöbəsi, ginekoloji şöbə, doğum şöbəsi, təcili yardım, qəbul şöbəsi, reanimasiya şöbəsi, laboratoriya, Qadın məsləhətxanası və terapiya şöbəsindən ibarətdir. Reanimasiya şöbəsi 3 hissədən ibarətdir. Ümumi 9-10 nəfər xəstə qəbul etmək mümkündür. Doğuş otaqlarının sayı 3-dür, bunlardan ikisi fərdi doğuş otaqlarıdır, biri isə ümumi doğuş otağıdır”.

Doğum şöbəsi barədə məlumat verən şöbə müdiri Səxavət Kərimovanın sözlərinə görə, ay ərzində 98-100, bəzən isə 130-a qədər doğuş həyata keçirilir: “Doğuşa yardımla bağlı xidmətlər müxtəlif səviyyələrə bölünür. Bizim xəstəxana birinci dərəcəli olduğumuza görə ağır xəstələri götürmürük. Bu səbəbdən hamiləliyin 20-25-ci həftəsində hər hansı xəstəliklər və ya ağlaşmalar müşahidə olunursa, ağır pataloji problemli xəstə Şəki rayon Regional Perinetal mərkəzə göndərilir. Ekstrim vəziyyətdə daxil olan hamilələri əməliyyat etmək üçün isə əməliyyat blokumuz fəaliyyət göstərir. Eyni zamanda 8 çarpayılıq 1 doğuş palatası var”.

Şöbə müdiri deyir ki, bir ay ərzində gerçəkləşdirilən 100 doğuşdan təxminən 52-53-ü oğlan uşaqları olur, qalanları qız: “Təbii doğuşa üstünlük verilir, amma tibbi göstərişlər təbii doğuşu riskə atırsa, qeysəriyyə əməliyyatı həyata keçirilir. Bu isə hər 25-30 doğuşdan biri deməkdir. Hazırda xəstəxanamızda 665 hamilə qeydiyyata alınıb. Son iki il ərzində yeni ana olmağa hazırlaşan xanımların Qadın məsləhət xanasına müraciətində artım müşahidə edilir. Bundan başqa doğuş zamanı tək olmaq istəməyən qadınlar üçün fərdi doğum otaqları da mövcuddur”. Şöbə müdiri deyir ki, fərdi doğuş otağında hamilə qadının istədiyi bir doğması yanında ola bilər. Son zamanlar bu cür doğuşların sayı daha da çox olub.

Qadın məsləhətxanasına müraciət edən hamilələrdə ən çox rast gəlinən xəstəliklər arasında uşaqlıq boyunun eroziyaları, fibroma, yumurtalıqlarda kista və sonsuzluq problemləri çoxdur. Son illərdə ana ölümləri qeydə alınmır və doğulan 1000 uşaqdan təxminən 5-i dünyasını dəyişir. Bu isə dünya ölkələrinin statistik göstəricilərinə bərabər nəticədir.

Fikrət Cəfərov bildirib ki, xəstəxananın Cərrahiyə şöbəsi 25 çarpayılıqdır. Eyni zamanda sarğı otağı var. Əməliyyat olunan xəstələr reanimasiya şöbəsində müşahidə altında saxlanılır. 1-2 gündən sonra vəziyyəti normallaşarsa, müalicəsi stasionar şəkildə davam etdirilir.

F.Cəfərov deyir ki, xəstələr ilk olaraq Qəbul şöbəsində qəbul edilirlər. 4 otaqdan ibarət laboratoriya şöbəsində isə bütün laborator analizlər aparılır. Xəstəxananın funksional müayinə otağında həm ultrasanoqrafik müayinə, həm də exokardioqrafiya icra olunur. Avadanlıqlar da müasirdir.

Şüa-diaqnostika şöbəsinin müdiri Rahib Manafov deyir ki, gün ərzində təxminən 80-100, bəzən 110 pasiyent qəbul olunur. Ən az müraciət şənbə günü olur, təxminən 50-60.

Xəstəxananın Poliklinika şöbəsində müxtəlif ixtisaslı həkimlər xəstələri qəbul edirlər. Xəstələr ilk olaraq qeydiyyat otağında qeydiyyata alınırlar. Xəstələrin hamısının xəstəlik vərəqələri ayrı-ayrı kəndlər üzrə yerləşdirilir. Xəstələr həkimə müraciət edəndə əvvəldən müraciət edibsə, ona aid xəstəlik vərəqəsini alır, həkiminə müraciət edir. Əks halda yeni xəstəlik vərəqəsi açılır. Gün ərzində poliklinika şöbəsinə təxminən 100-150 xəstə müraciət edir. F.Cəfərov deyir ki, xəstəlik vərəqələri kompüterdə də qeyd olunur. Tibbi sığorta tam icra olunduqdan sonra mərkəzləşmiş sistemdə olacaq. Hazırda xəstələrin məlumatı komptürerə qeyd olunur.

F.Cəfərov deyir ki, xəstəxananın Stomotoloji otağı da müasir avadanlıqlarla təchiz olunub, sterilizasiya, dezinfeksiya işləri həyata keçirilir. Həkim-stomatoloq Rəsul Hacıyev deyir ki, xəstəxananın stomotoji şöbəsi pulsuz xidmət göstərir və gün ərzində təxminən 8 xəstə qəbul edilir. Ən çox kariyer, damaq, diş əti xəstəlikləri müşahidə olunur. Həkim deyir ki, xəstə müraciət edən zaman birinci onun qan analizi müayinə olunur və Hepatitləri yoxlanılır. Əgər xəstədə Hepatit aşkar olunarsa, onun üçün ayrı avadanlıq dəsti seçilir və bu avadanlığın sterlizasiyası da tamam başqa cür olur.

Daha sonra media nümayəndələri Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinin fəaliyyəti ilə də tanış olublar. Daha sonra Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov açıqlama verərək bildirib ki, media-turların məqsədi regionlarda səhiyyənin təşkilinin media nümayəndələri vasitəsilə Azərbaycan vətəndaşlarına çatdırmaqdır: “Qeyd edim ki, Qəbələ rayon Mərkəzi Xəstəxanası əsaslı təmir olunub, Diaqnostika Mərkəzi isə yeni tikilib. Qəbələ turistik ərazi olduğunundan ölkə başçısının tapşırığına uyğun olaraq yeni xəstəxana binasının inşasına başlanılıb. Yeni xəstəxanada artıq stasionar xəstələr üçün çarpayıların sayı daha artıq olacaq və müasir avadanlıqlarla xidmət göstəriləcək. Bildiyiniz kimi, növbəti ildən xəstəxanalar icbari tibbi sığortaya keçəcək. Bu isə xəstəxanaların imkanlarını artıracaq. Çünki xəstəxanalar publik hüquqi şəxs olacaq. Bundan sonra isə artıq xəstəxanalar müstəqil müqavilələr bağlamaq imkanına malik olacaqlar. Yəni ibari tibbi sığorta o deməkdir ki, səhiyyə sistemində maliyyələşmə mexanizmi dəyişəcək”.

Mərkəzin baş həkimi Ceyhun Əhmədov deyir ki, Mərkəz 2008-ci ildə istifadəyə verilib: “Mərkəzimizdə 253 işçi fəaliyyət göstərir. Onlardan 51 nəfəri müxtəlif ixtisas qruplarına malik həkim, 106-ı isə orta tibb işçiləridir. Mərkəz gün ərzində 80-100 ambulator müraciət qəbul edir. Ay ərzində 100-ə yaxın il ərzində isə 1200 müxtəlif cərrahi əməliyyatlar həyata keçirilir”.

Baş həkimin sözlərinə görə, Mərkəzdə ümumilikdə 7 şöbə fəaliyyət göstərir. Bununla yanaşı Mərkəzdə hemodializ şöbəsi fəaliyyət göstərir: “Təəssüf ki, ötən illə müqayisədə hemodializ xəstələrinin sayı artıb. Ötən il təxminən 30 xəstə hemodializ alırdısa, bu il bu rəqəm 51-ə çatıb”.

Baş həkim deyir ki, Mərkəzdə 4 cərrahi əməliyyat bloku mövcuddur: “Onlardan biri yalnız hepatitli xəstələr üçün ayrılıb, biri lor xəstəlikləri üçün, digər ikisi isə ümumi cərrahi prosedurların gerçəkləşdirilməsi üçün nəzərdə tutulub”. Ümumi cərrah Zahir Tahirov deyir ki, gün ərzində təxminən 6-7 əməliyyat keçirilir, ay ərzində isə 100-ə qədər əməliyyat həyata keçirilir. Ən çox öd, ginekoloji problemlər və qarın boşluğu əməliyyatları olur.

Qan laboratoriyasının həkimi Kəmalə Alıyeva deyir ki, gün ərzində təxminən 30-40 nəfər müraciət edir, bəzən 50-60-a çatır: “Fevralın 12-dən əhalinin profilaktik müayinəsinə başlanıldığına görə, müraciət sayı artıb. Ən çox qalxanvari vəzin hormonları, talassemiya ilə bağlı, eyni zamanda qanın-sidiyin ümumi analizlərinə görə müraciətlər çox olur”.

Şüa diaqnostika şöbəsinin müdiri Mürsəddin Abdurrəhmanov deyir ki, gün ərzində 4-5 nəfər müraciət edir: “Ən çox onkoloji xəstəliklərlə bağlı müraciətlər olur. Mədə-bağırsaq və ağciyərin onkoloji xəstəliklərinə daha çox rast gəlinir”.

Reanimasiya şöbəsinə 5-6 əməliyyat olunmuş şəxs gətirilir. Vəziyyətləri stabilləşəndən sonra stasionar şöbəyə köçürülür. Bütün ağırlaşmalarla bağlı ilkin müdaxilələri edirik, yəni qəzalar, qanaxmalar, ginekoloji problemlər, insult, infarkt və s. ilkin yardım edirik. İxtisaslaşmış müalicəyə ehtiyacı olan xəstələri ixtisaslaşmış xəstəxanalara göndəririk. Reanimasiya şöbəsində 6 çarpayı var, 6 reanimatoloq, 13 nəfər tibb bacıları, 7 nəfər isə kiçik tibb bacıları fəaliyyət göstərir. Hazırda iki xəstəmiz var, biri infarkt olub, digəri isə öd əməliyyatı keçirib. Bir xəstə də hazırda cərrahiyə şöbəsində öd əməliyyatı keçirir, o da daha sonra reanimasiya şöbəsinə gətiriləcək”.

Jurnalistlər, media nümayəndələri sonda xəstəxanada həyata keçirilən əməliyyatı müşahidə ediblər, eyni zamanda stasionar şəraitdə müalicə olunan xəstələrin şəraiti ilə tanış olublar.

metbuat.az

Daha çox xəbərlər