Ordu quruculuğu: Böyük Qələbəyə aparan yol
Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Bu qalibiyyət Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan, ötən 17 ildə isə Prezident İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun mühüm nəticəsi kimi tarixə yazıldı. Ötən illər ərzində həyata keçirilmiş layihələr, ordu quruculuğu istiqamətində atılmış addımlar nəticəsində bu gün Azərbaycan Ordusu regionda dünyada ən güclü ordu sırasındadır. Ölkənin döyüş hazırlıqlı, modern silahlar və döyüş vasitələri ilə təchiz olunmuş ordusunun yaradılması, saxlanması böyük həcmdə vəsaitlər etdiyi üçün bu hədəfə Azərbaycanın sürətli iqtisadi inkişafı sayəsində çatmaq mümkün olmuşdur. Prezident İlham Əliyevin ötən 18 illik hakimiyyəti dövründə Azərbaycanın hərbi xərcləri 24 dəfədən çox artmış, bu göstəricilərə görə ölkəmiz dünya ölkələri arasında hərbi xərclərin artım tempinə görə ilk yerlərdə qərarlaşmışdır.
Ermənistanın sentyabrın 27-dən törətdiyi növbəti hərbi təxribat Azərbaycanın öz torpaqlarının azad edilməsi uğrunda əks hərbi-əməliyyatlara başlamasına səbəb oldu. Əməliyyatların ilk günü Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndi işğaldan azad edildi. Tezliklə Ermənistanla dövlət sərhədinə qədər torpaqlarımızın işğaldan azad olunması ilə bütün dünya Azərbaycanın gücünü, işğalçı Ermənistanı ən qısa müddətdə məğlub etmək əzmini gördü. Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın, Xocavənd, Xocalı, Laçın, Tərtər rayonlarının kəndlərinin azad olunması, Xudafərində Azərbaycan bayrağının ucaldılması, İranla dövlət sərhədinə nəzarətin tam təmin edilməsi Azərbaycan Ordusunun möhtəşəm zəfərləri kimi tarixə düşdü. Cəbhənin elə bir sahəsi olmadı ki, əsgərlərimiz hücum əməliyyatında ləngisinlər. Elə bir istiqamət olmadı ki, düşmənin müdafiə mövqeləri yarılmasın. Bununla yanaşı, əsas olan odur ki, bu şanlı Qələbəni Azərbaycan Ordusunun şəxsi heyəti, əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz qazandılar. Bu qələbə sevincini xalqımıza hərbçilərimiz yaşatdılar.
Şuşanın azad olunması isə döyüşlərin kulminasiya nöqtəsi oldu. Bütün Azərbaycan xalqı ordumuzdan Qarabağın tacı olan Şuşanın azad edilməsini gözləyirdi. Ali Baş Komandan İlham Əliyevin noyabrın 8-də Şuşanın azad edilməsini bəyan etməsi Vətən müharibəsində Azərbaycan Ordusunun müzəffər yürüşünün pik nöqtəsi oldu. Şuşanın azad edilməsi ilə Ermənistan Prezident İlham Əliyevin şərtlərinə uyğun olaraq kapitulyasiya, məğlubiyyət aktına imza atdı.
Dekabrın 10-da keçirilən Azərbaycan Ordusunun Zəfər paradında Prezident, Ali Baş Komandan bununla bağlı deyib: “Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi”.
Azərbaycan Ordusu döyüş meydanında böyük rəşadət və şücaət nümayiş etdirdi. Beləliklə, cənab İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında bir amal uğrunda səfərbərliyi Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsini şərtləndirən əsas amillər oldu. Bu Qələbə həqiqətlərə də yeni işıq saldı. Belə ki, ordumuz döyüş meydanındakı əməliyyatları ilə dünyanın hərb tarixində yeni nümunələr yaratdı. Bir çox ölkələr bu gün ordumuzun döyüş təcrübəsi ilə yaxından maraqlanmağa başlayıblar. Bununla da Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 18 ildə Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqəti altında həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı. Vətən müharibəsi onu da təsdiq etdi ki, işğalçı dövlət Azərbaycanla hərb meydanında mübarizə aparmağa qadir deyil. İşğal siyasətinin qurbanı olan Ermənistan 30 il əvvəl necə idisə, elə də qalıb və inkişaf baxımından bir addım belə addımlaya bilməyib. Ermənistanın məğlubedilməz ordusunun olması barədə deyilənlər tamamilə əfsanə imiş. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi ilk gündən dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi.
Ölkəmiz bu gün də hərbi qüdrəti durmadan artırır. 2022-ci il üçün icmal büdcənin proqnozuna əsasən, gələn il müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 499 milyon 238,9 min manat olacaq. Bu, yenə də Azərbaycanın müdafiə və təhlükəsizlik istiqamətində böyük həcmdə vəsait sərf edəcəyinin göstəricisidir. Azərbaycan ötən il də müdafiə və təhlükəsizlik istiqamətində bu qədər vəsait sərf etmişdi. Amma nəzərə alınmalıdır ki, ötən il İkinci Qarabağ müharibəsi yaşanıb. Bu il müharibə yoxdur. Amma hərbi xərclər yenə yüksəkdir. Bunun əsas səbəbi Azərbayacan Ordusunun yenə maddi-texniki və digər təminatının yüksək səviyyədə olmasını təmin etməkdir.

