Əsas səhifə 

Azadlığına qovuşan Qubadlının həyatında yeni dövr başlayır

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qubadlı rayonuna səfərləri çərçivəsində açılışı və təməlqoyma mərasimləri keçirilən sosial obyektlər bu reallığın təsdiqidir

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin başladığı əks-hücum əməliyyatı nəticəsində 25 oktyabr 2020-ci ildə qədim tarixə malik Qubadlı şəhərinin 27 illik işğalına son qoyuldu.

Qubadlının Ermənistan tərəfindən işğalına, yəni 1993-cü ilin 31 avqustuna qədər həmin bölgədə baş verən hadisələrin qısa xronikası

1988-ci ildə Ermənistandan azərbaycanlıların deportasiyasına başlanıldı. Qafandan, Gorusdan, Sisiandan didərgin salınan həmvətənlərimizi qubadlılar qarşıladılar. Qarabağla Ermənistan arasında yerləşən Qubadlı ermənilər üçün çox böyük strateji əhəmiyyət kəsb edirdi. Erməni quldurları rayonun ələ keçirilməsi üçün çoxsaylı “taktikalar” hazırlayırdılar.

1991-1993-cü illər artıq məlum münaqişə zirehli texnikanın, ağır artilleriyanın, aviasiyanın və s. tətbiqi ilə müharibəyə çevrildi. Həmin illər işğalçı Ermənistan ərazisindən Qubadlı da daxil olmaqla ətraf rayonlar, yaşayış məntəqələri intensiv surətdə hücuma məruz qalır, atəşə tutulurdu. Qüvvələrin qeyri-bərabər nisbətdə olması səbəbindən bir-birinin ardınca Ağdam, Füzuli və Cəbrayıl rayonları işğal edildi. Sözügedən rayonların boşalması Qubadlını faktiki olaraq mühasirə vəziyyətinə saldı.

Qeyd edək ki, işğal ərəfəsində Qubadlı rayonunun əhalisi 29 903 nəfər idi. Birinci Qarabağ müharibəsində ata-baba torpaqlarını, yurd-yuvalarını qəhrəmancasına müdafiə edərək, əliyalın şəkildə tankın, topun qarşısına keçən, canını Vətənin müdafiəsi naminə sipər edən qubadlılar beş il düşmənlə mübarizə apardılar. Birinci Qarabağ müharibəsində 238 Qubadlı sakini şəhid oldu.

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük İkinci Qarabağ savaşında da Qubadlının azadlığı uğrunda şiddətli döyüşlər getdi. Çünki erməni hərbi birləşmələri şəhərdə güclü istehkamlar qurmuşdular. Strateji yüksəkliklər düşmənin nəzarətində idi. Azərbaycan Ordusunun yüksək peşəkarlığı nəticəsində  ilk növbədə yüksəkliklər  ələ keçirildi, ətrafda yerləşən kəndlər azad olundu. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15 189 hərbi qulluqçusu 2020-ci il noyabrın 26-da təsis edilmiş “Qubadlının azad olunmasına görə” medalı ilə təltif ediliblər

Qubadlının işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Həmçinin  Ermənistanın saysız cinayətlərinin aşkar edilməsinə yardımçı oldu. Təcavüzdən sonra sübut olundu ki, ermənilər Xanlıqda hərbi istehkam, hərbi baza qurublar. Eyni zamanda, xaricdən gələn ermənilər üçün elə xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salıblar. Bununla belə Xanlıq kəndində qanunsuz məskunlaşma aparılmış, xaricdən gətirilən erməniləri burada qanunsuz yollarla yerləşdirilmişdi. Bu da əlbəttə ki, hərbi cinayətdir. Belə ki, Cenevrə Konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Ermənistan bu cür cinayət əməllərinə görə də beynəlxalq hüquq qarşısında cavab verməlidir.

Xatırladaq ki, oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsinin birinci ildönümü günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə olublar. Dövlət başçısı  İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Göründüyü kimi, dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər səfəri Böyük Qayıdışı daha da yaxınlaşdırır. Bu baxımdan ki, görülən işlərin miqyası daha da genişləndirilir, insanların rahat yaşayışı üçün bütün zəruri addımlar atılır. Bu səfərlər, eyni zamanda, Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajdır ki, torpaqlar əsl sahibindədir. Bu ərazilər yenidən qurulur, bərpa edilir, əsl cənnətməkana çevriləcək. Artıq istifadəyə tam hazır olan Füzuli Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan ilk layihə olaraq dünyanın diqqətindədir. Beynəlxalq status alan bu hava limanı strateji və iqtisadi əhəmiyyəti baxımından geniş təhlil olunur. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, artıq torpaqlarımızın işğaldan azad edildikləri tarixləri qeyd edirik.

İyirmi yeddi illik işğaldan sonra azadlığına qovuşan Qubadlının həyatında yeni dövr başlayır.

Daha çox xəbərlər