Gündəm 

Dostluğun, qardaşlığın növbəti təqdimatı: Azərbaycan Qarabağın hava qapısını qardaş Türkiyə ilə birgə dünyaya açacaq

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının mediaforumu çərçivəsində keçirilən Türkiyə-Azərbaycan Ortaq Media Platformasının ilk iclası bir daha iki dost, qardaş ölkə arasında əlaqələrin hazırkı inkişafına işıq saldı

Azərbaycan dünyaya səs salan tarixi Qələbəsinin birinci ildönümü ərəfəsindədir. Arxada qalan bir il bu Zəfəri şərtləndirən amillərin geniş təhlili, ölkə və dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması, ən əsası yeni reallıqlar fonunda perspektivlərin müəyyənləşdirilməsi ilə yadda qaldı. Dövlət başçısı İlham Əliyevin istər 44 günlük Vətən müharibəsi dövründə 30-dan artıq xarici KİV-lərə müsahibəsi, istərsə də postmünaqişə dövründə həmin mətbu orqanların əksəriyyətinə hazırkı dövrlə bağlı müsahibələri özlüyündə bir təbliğat, həqiqətlərə həqiqət gözü, ədalət prinsipindən yanaşmağa bir çağırışdır.

Azərbaycanın döyüş meydanında Qələbəsi təbii ki, diplomatik, informasiya müharibəsində Qələbəsinə əsaslandı. Münaqişənin həllində möhkəm hüquqi bazanın mövcudluğu döyüş meydanında qələbəyə geniş yol açdı. Azərbaycan dünyaya göstərdi ki, işğal altında olan torpaqlarda beynəlxalq hüquq bərpa olundu, ərazi bütövlüyümüz təmin edilib, artıq «Dağlıq Qarabağ münaqişəsi» ifadəsi yoxdur, münasibətlərdə yeni səhifənin açılmasında maraqlı olan ölkəmiz işğalçı Ermənistana təkmil sülh modelini təklif edərək regionda davamlı sülhün, təhlükəsizliyin yaradılmasında maraqlıdır. Tarixə, həmçinin həqiqət anı kimi daxil olan 44 günlük Vətən müharibəsi kimin haqqın-ədalətin, kimin şərin, kimin də dostun və düşmənin yanında olduğunu bir daha nümayiş etdirdi. Daim Azərbaycanın yanında olan dost, qardaş Türkiyə bir daha bu birliyi, həmrəyliyi nümayiş etdirdi, dünyaya «Azərbaycan tək deyil» mesajını ünvanladı.

Tarixi Zəfərimizdən ötən bir ildə hadisələrin xronologiyasına diqqət yetirdikdə hər bir önəmli məqamda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçısı İlham Əliyevin yanında olduğunu böyük qürur hissi ilə qeyd edirik. 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasından sonra Azərbaycanın Qələbəsinin, hərbi qüdrətinin, eyni zamanda, ermənilərin illərdir apardıqları «yenilməz erməni odusu» mifinin dağılmasının dünyaya təqdimatı olan Zəfər paradında da Türkiyə-Azərbaycan birliyi bir daha dünyaya nümayiş olundu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirak etmək üçün ölkəmizə səfəri çərçivəsində dövlət başçısı İlham Əliyev ilə keçirdikləri görüşdən sonra mətbuata bəyanatında səsləndiridyi fikirləri bir daha yada salmaq istərdik: «Bu gün tarixi gündür. Ona görə ki, bu Zəfər paradında türk və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanından keçdilər. Bizim təkcə Bakı şəhəri yox, bütün şəhərlərimiz indi Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilib. Əvvəllər də belə olub. Təbii ki, müharibə dövründə bu, daha da geniş vüsət almışdır. Bu, insanların ürəyindən gələn duyğulardır. Bu, əsrlərboyu qoruduğumuz sərvətdir. Bizim üstünlüyümüz ondadır ki, həm xalqlar, həm liderlər bir yerdədir, bir-birinə qardaş deyir. Eyni zamanda, biz bütün məsələlərdə bir yerdəyik. Ağır günlərdə də bir yerdə olmuşuq, gözəl günlərdə, sevincli günlərdə, bugünkü kimi gündə də biz birlikdəyik və bu, təbiidir.»

O da vurğulanmışdır ki, bu gün Türkiyə ilə Azərbaycan birliyi təkcə xalqlarımız üçün deyil, bölgə üçün, dünya üçün çox böyük önəm daşıyır. Çünki siyasətimiz əməkdaşlığa, ölkələr arasındakı işbirliyinə hesablanıb: «Bu tarixi Zəfərdən sonra başlanan yeni dövr üçün də biz tam hazırlıqlıyıq. Bu gün əziz Qardaşımla söhbət əsnasında, eyni zamanda, bundan sonrakı dövr haqqında da fikir mübadiləsi apardıq. Bizim fikirlərimiz üst-üstə düşür. Biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq. Artıq ilkin bəyanatlar verildi. Bu, çoxtərəfli platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər.»

Hər bir məsələdə, xüsusilə tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllində dəyişməz mövqeyi ilə Azərbaycanın yanında olan rəsmi Ankara bəyanatlarında ərazi bütövlüyü prinsipinin əsas olduğunu önə çəkərək, bütün münaqişəli məsələlərin bu prinsiplər əsasında həll olunmasında maraqlı olduğunu bildirirdi. Türkiyə Prezidenti R.T.Ərdoğan bu mühüm məqamı da hər zaman bəyan edirdi ki, Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir: “Əvvəla, bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir milyon qardaşımızın qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik. Amma Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir.”

Ölkə Prezidenti İlham Əliyev iki dost, qardaş ölkənin dərin tarixi köklərə malik olduğunu önə çəkərək bildirir ki, bu möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmişdir. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sayəsində birgə həyata keçirdiyimiz layihələr regionun inkişafında, Avropa və Asiya arasında mühüm enerji, kommunikasiya dəhlizinin yaradılmasında böyük rol oynayır. Birgə gerçəkləşdirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP layihəsi uğurlu əməkdaşlığımızın parlaq nümunələridir. Bu inam da ifadə edilir ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bundan sonra da bütün birgə təşəbbüslərimizin gerçəkləşməsində mühüm rol oynayaraq, ölkələrimizin inkişafına, xalqlarımızın rifahına töhfələr verəcək. Azərbaycan-Türkiyə müttəfiqliyinin təqdimatı olan Şuşa Bəyannaməsi Qarabağımızın tacı Şuşadan dünyaya ünvanlanan birlik, həmrəylik mesajı oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilmiş ərazilərimizə, xüsusilə Şuşamıza ilk rəsmi səfər edən dövlət başçısı olub. Bu faktın özü münasibətlərimizin aydın mənzərəsini yaradır.

Bugünümüzün tarixə yazılacaq ən önəmli hadisəsi Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi olacaq. Oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək tədbir dostluğumuzun, qardaşlığımızın dünyaya növbəti mesajı olacaq. Bu mühüm layihə də birgə səylərimizin nəticəsidir. Füzuli şəhərində hava limanı türk və azərbaycanlı mühəndislərin ortaq fəaliyyətləri ilə inşa edilib. Bu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi ilk böyük layihədir.

Hər bir uğurlu addım, mühüm əhəmiyyət kəsb edən tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoymaqla yanaşı, qarşıdakı dövrün konturlarının cızılmasında stimulverici amil rolunu oynayır. Türkiyə-Azərbaycan birliyinin təzahürlərindən olan Qələbə Günümüz, Zəfər paradı, Türkiyə Prezidentinin ölkəmizə səfəri çərçivəsində imzalanan sənədlər, 15 iyun-Milli Qurtuluş Günündə Şuşa Bəyannaməsi də deyilənlərin təsdiqidir. Bu inam da ifadə edilir ki, bundan sonra da Türkiyə-Azərbaycan birliyinin təcəssümü kimi yeni-yeni layihələr gündəmə gətiriləcək və uğurlu icrası ilə tariximizə mühüm səhifələr yazılacaq. Hər iki dövlətin siyasi iradəsi əsasında reallaşan layihələr Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmlənməsinə qoyulan sərmayələr kimi dəyərləndirilir. Nəzərə alsaq ki, ölkəmiz yeni inkişaf mərhələsini- işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərinin həyata keçirilməsi dövrünü yaşayır, bu layihələr saysız-hesabsız olacaq.

Bu gün informasiya müharibəsi dövrü olduğunu nəzərə alsaq, həqiqətlərimizin təbliğində diaspor təşkilatları ilə yanaşı, mətbuatın da üzərinə düşən məsuliyyət özünü qabarıq şəkildə büruzə verdi. 44 günlük müharibə dövründə ölkə mətbuatı həqiqətlərin təbliğində nə qədər fədakarlıq göstərdisə, Türkiyə mətbuatı da eyni qayda üzrə hərəkət etdi. Mətbuat səhifələrində yer alan qələbə xəbərləri televiziya kanalları vasitəsilə də dünya ictimaiyyətinə çatdırıldı. Türkiyə mediasını izlədikcə birliyimizdən, həmrəyliyimizdən daha da qürurlanırdıq. Eyni ab-hava Zəfər paradının, Şuşa Bəyannaməsinin görüntülərinin təqdimatında da özünü qabarıq şəkildə büruzə verirdi. Qarabağımızda Azərbaycan və Türkiyə bayraqları birgə dalğalandı və dünya bu birliyin bir daha şahidi oldu.

İki ölkə arasında bütün sahələrdə əməkdaşlıq media istiqamətində də bir zərurətə çevrildi. Ötən il Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Cümhuriyyətinə səfəri zamanı Azərbaycanla Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsi həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılmasını genişləndirmək kimi məsələlər müzakirə olundu. Aparılan müzakirələrdə Türkiyə ilə Azərbaycan arasında media əlaqələri və ictimai diplomatiya sahəsində əməkdaşlığın genişləndirilməsinin, bu sahələrdəki imkanların birləşdirilməsinin hər iki ölkə üçün mühüm rol oynadığı xüsusi qeyd edildi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən ilin dekabrında Azərbaycana səfəri zamanı imzalanan sənədlər arasında Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu xüsusi diqqət çəkdi. Bu ilin fevralında Azərbaycan Prezidenti, martında Türkiyə Prezidenti Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq sənədini təsdiqlədilər.

Azərbaycana və Türkiyəyə qarşı əsassız iddiaların geniş vüsət aldığı indiki zamanda belə bir platformanın yaradılması vacib idi. Mətbuatın ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alaraq, hazırkı zamanda müasir dövrün yaratdığı imkanlardan maksimum istifadə etməklə qərəzi, əsassız təbliğatları tutarlı faktlarla cavablandırmaq, yalanın həqiqət üzərində qələbəsinin mümkünsüzlüyünü bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq mümkündür. Türkiyə-Azərbaycan media əlaqələrinin inkişafı ilə iki ölkə mediasının inteqrasiya olunmuş şəkildə hərəkət etməsi, xalqların məlumatlandırılması məsələsində səmərəli fəaliyyət göstərilməsi, xüsusilə sosial mediada yayılan dezinformasiyalar və ölkə xaricindən gələn qara piarlara qarşı mübarizədə vahid strategiyaların yaradılması prioritet məsələyə çevrildi. Media əməkdaşlığı Azərbaycan-Türkiyə birliyinə, həmrəyliyinə böyük töhfə olmaqla yanaşı, mövcud əlaqələrin inkişafında yeni bir səhifə açacaq. Şuşa Bəyannaməsində əksini tapan müddəalarda da bu məqam öz əksini tapır ki, yeni müqaviləyə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü dövlət tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Təbii ki, burada informasiya sahəsində əməkdaşlıq öz sözünü deyəcək. Dövlət başçısı İlham Əliyev jurnalistlərə açıqlamasında bildirmişdir ki, aramızdakı əməkdaşlığın adı müttəfiqlikdir və bu, özü hər şeyi deyir.

Oktyabrın 22-də İstanbulda işə başlayan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının mediaforumu çərçivəsində Türkiyə-Azərbaycan Ortaq Media Platformasının ilk iclası keçirildi. “Bir millət, iki dövlət!” şüarı ilə keçirilən iclasda iki qardaş ölkənin kommunikasiya sahəsində əlaqələrinin yaxşılaşdırılması məqsədilə ənənəvi və rəqəmsal media, strateji kommunikasiya, eləcə də ictimai diplomatiya sahələrində əməkdaşlıq və koordinasiyanın gücləndirilməsi, dezinformasiyaya qarşı birgə mübarizə kimi məsələlər müzakirə olundu. Türkiyə-Azərbaycan Ortaq Media Platformasının strukturu ilə bağlı məsələlərin də müzakirə edildiyi tədbirdə “ictimai diplomatiya”, “beynəlxalq media”, “strateji kommunikasiya”, “təhsil”, “qanunvericilik və tənzimləmə”, “rəqəmsallaşma və beynəlmiləlləşmə” komitələrinin yaradılması ilə bağlı qərar qəbul edildi. İclasda bir daha vurğulandı ki, 2020-ci il dekabrın 10-da prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu” ilə rəsmiləşdirilən Ortaq Media Platforması iki ölkə arasında son illər daha da inkişaf edən əlaqələrin media və rabitə sahələrində də tətbiqində çox dəyərli bir addım oldu. Qarabağın işğaldan azad edilməsi zamanı kommunikasiya və media sahələrində sıx əməkdaşlıq əhəmiyyətli rol oynadı. Media, kommunikasiya, xalq diplomatiyası, həmçinin dezinformasiya ilə mübarizə istiqamətləri Türkiyə-Azərbaycan əməkdaşlığında önəmli yer tutur.

Qeyd olunanlar fonunda bu reallıq bir daha təsdiqlənir ki, Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi dünyaya nümunədir.

Daha çox xəbərlər