Gündəm 

Ermənilərə gözdağı olan alınmaz qala – Naxçıvan

«Artsax» qəhrəmanları»nın Naxçıvan iddiaları işğalçıların mifik sərsəmləmələridir

Sosial şəbəkələrdə rast gəldiyimiz «Ermənistan silahlı qüvvələrinin bölmələri Vedibasar rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub» kimi informasiyalar belə bir sual yaradır: Niyə məhz Naxçıvan hər gün atəşə məruz qalır?

Respublikamızın ayrılmaz tərkib hissəsi olan və Şərqə açılan qapısı adlandırılan Naxçıvan qədim Azərbaycan torpağıdır. Bu həqiqəti bildikləri halda başqalarının əraziləri hesabına özlərinə dövlət quran, Zəngəzuru qoparmaqla Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasındakı birbaşa əlaqəni kəsən daşnakların bir planı da muxtar respublikanı Ermənistana birləşdirmək idi. Arzuladıqları torpaqlarda «tarixlərini təsdiqləyən mənbələri yerləşdirməkdə» mahir olan, Naxçıvanın güya ermənilərə məxsusluğunu sübuta yetirmək üçün dəridən- qabıqdan çıxan ermənilər heç nəyə nail ola bilməmişlər. Saxtakarlığı qəbul etməyən tarixi həqiqətlər ermənilərin bu niyyətlərini ürəklərində qoydu. Havadarlarının dəstəyi ilə Naxçıvan vilayətinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi ilə bağlı iddialar qaldıran ermənilərin istəkləri ürəklərində qalıb. Daşnaklar muxtariyyət statusu Moskva və Qars beynəlxalq müqavilələri ilə müəyyənləşdirilən Naxçıvanı özününküləşdirə bilməmişlər. Ermənilərin İrandan Naxçıvana köçürülməsinin şahidi olan rus yazıçısı və diplomatı A.S. Qriboyedov bu qədim odlar diyarını «müsəlman ölkəsi» adlandırmışdır. ABŞ-da «Naxçıvanı Ermənistana birləşdirmək» hərəkatı yaradan ermənilər bu istəklərini beynəlxalq səviyyədə ictimailəşdirməyə də çalışmışlar. Ermənilərin «Qarabağı başlayan adam» adlandırdıqları, «Naxçıvan və Qarabağ-bir medalın iki üzü» adlı yazının müəllifi, Qars müqaviləsinə qarşı çıxan Zori Balayanın «Qarabağ hərəkatı bizi qətrə-qətrə kölə olmaqdan xilas etdi. Tarixi məğrurluğumuzu, tarixi qeyrətimizi özümüzə qaytardı. Başlıcası isə bizi Naxçıvan haqqında düşünməyə məcbur etdi. O Naxçıvan ki, onsuz Ermənistanın gələcəyi yoxdur» sözləri ermənilərin mifik təfəkküründə xəyal kimi qalacaqdır. «Mən bu işi başladığıma görə yox, öz xalqımı gec ayağa qaldırdığıma görə günahkaram. Görünür, məsələni Naxçıvandan başlamağa cəsarətim çatmadı» söyləyən Balayanın etirafı Naxçıvanı arzulayan daşnakların qulaqlarında sırğa olmalıdır.

İşğalçı ölkənin sabiq prezidenti Serj Sarkisyanın hakimiyyətdə olduğu dövrdə səsləndirdiyi «Əlbəttə ki, Tavuşda silahlı qüvvələrimiz ən yaxşı tərəflərini göstərdi və son dərəcə vacib bir məsələni (söhbət görəsən hansı məsələdən gedir?) həll etdi. Silahlı Qüvvələrimiz təbrik edilməlidir. Ancaq eyni şey 2018-ci ilin may-iyun aylarında Naxçıvan istiqamətində aparılmalı idi. Bu, zərurət idi»” sayıqlaması Xocalıda günahsız insanları qətlə yetirdiyini etiraf edən uşaq qatilinin mifoloji sərsəmləməsidir. 2011-ci ildə erməni tələbələri ilə görüşündə gənclərin «Ağrı dağının nə zaman Ermənistana birləşdiriləcəyi» ilə bağlı sualını « Bu sizin və sizin kimi gənc nəslin əlindədir» sözləri ilə cavablandıran Serj Sarkisyanın ermənilərlə bağlı «ali irq» təsəvvürü 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun arsenalında olan PUA-larla göyə sovruldu. Daşnakların həmişə həsrətində olduqları Naxçıvanı müntəzəm atəşə tutmaları həsəddən yanan ürəklərinə su səpmələridir. Həqiqət isə budur ki, Sarkisyanın «gələcəyi parlaq erməni gənclərinin» leşləri hələ də işğaldan azad olunmuş Azərbaycan torpaqlarında çürüməkdədir. O gənclərin idarə etdikləri «qüdrətli ordunun müasir silah -sursatları» Bakıdakı Hərbi Qənimətlər Parkında növbəti sınıq-salxaq «hərbi avadanlıqlarını» gözləyir.

Naxçıvanda yaradılan Ümumqoşun Əlahiddə Ordunun qüdrətini Günnüt əməliyyatı zamanı görən ermənilərin deyəsən babaları Andronik kimi qulaqlarının hər ikisinin, özü də dibindən kəsilməsinin vaxtıdır. Naxçıvanı erməni təcavüzündən xilas edən ümummilli lider Heydər Əliyevin muxtar respublikada yaratdığı Milli Ordunun, ilk sərhəd dəstələrinin bazası əsasında təkmilləşən Ümumqoşun Əlahiddə Ordunun təchizatı, döyüş qabiliyyəti Ermənistanın mifik ordusundan qat-qat güclüdür.

Erməniləri qıcıqlandıran əsas məsələlərdən biri də Zəngəzur dəhlizinin bərpası ilə bağlı Prezident İlham Əliyevin göstərdiyi qətiyyət, siyasi iradə və region dövlətləri arasındakı əməkdaşlığın genişləndirilməsi naminə atdığı inamlı addımlardır. «Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq» söyləyən Prezident İlham Əliyevin Zəngilanda olarkən söylədiyi «Çünki Zəngəzur dəhlizi buradan keçir, dəmir yolu, Horadiz-Ağbənd avtomobil yolu tikilir. Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq. Birinci mərhələdə Ermənistan tərəfi müqavimət göstərsə də, indi özləri artıq buna razılaşıblar. Burada, əlbəttə ki, yumşaq desək, bizim rolumuz az deyil» sözləri, ötən ilin noyabrın 10-da Ermənistanın baş naziri Nikol Paşinyanın imza atdığı kapitulyasiya aktı da təsdiqləyir ki, məğlub Ermənistanın Naxçıvanla bağlı sərsəmləmələri boş xəyaldır. Artıq Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidinin olmadığı kimi, Naxçıvanın da Ermənistana aidiyyəti ola bilməz . Bu reallıqla barışmaq istəməyənlərə xəbərdarlıq edən Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistan və havadarları nə qədər çalışsalar da , Zəngəzur dəhlizinin bərpasına mane ola bilməyəcəklər. Muxtar respublikanın sərhədlərində təxribatlar törədib, atəşkəsi pozan ermənilər çox yaxşı bilirlər ki, onların «müzəffər və güclü” orduları» yoxdur. Ermənistan rəhbərliyi qüdrətli Azərbaycan qarşısında dayanacaq gücə, iradəyə, hüquqi və mənəvi haqqa malik deyil. Dırnaqarası «sərkərdələri”» ilə bağlı mifləri də boşboğazlıqdır. «Onların sərkərdələri də qorxaqdırlar, fəraridirlər. Xocalı cəlladları Koçaryan, Sarkisyan, Ohanyan müharibə zamanı Qarabağa soxulmuşdular, orada idilər. Amma görəndə ki, müzəffər Azərbaycan Ordusu öz torpaqlarını qəhrəmancasına azad edir, qaçdılar gizləndilər. Soruşmaq lazımdır onlardan, oradan nəyə görə çıxdılar? Onlar Xankəndidə idilər, üçü də. Niyə qaçmısınız? Niyə gizlənmisiniz? Mən demişəm, bir daha deyirəm, o dəmir-dümürləri çıxarın, onları atın zibil yeşiyinə. Siz fərarisiniz, qorxaqsınız. Biz sizi məhv etmişik. Xocalı soyqırımında ən fəal rollardan birini oynayan keçmiş müdafiə naziri Şuşadan güclə canını qurtardı, son anda canını qurtardı. Dovşan kimi qaçmışdılar. Biz onları məhv etmişik. Onların dırnaqarası «qəhrəmanlarını”», «Artsax»”, olmayan «Artsax»” qəhrəmanlarını məhv etmişik» söyləyən Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, fərarilərdən, satqınlardan, cəlladlardan, qorxaqlardan ibarət erməni terrorçularının sərkərdələr yetirmiş Naxçıvanla bağlı iddiaları boşboğazlıqdır: « Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, – zərrə qədər, – onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir.»

Günnüt əməliyyatı Naxçıvan Əlahiddə Ordunun potensialını göstərdi. İkinci Qarabağ müharibəsində də cəsarət göstərən, şəhid verən Naxçıvan hərbçilərinin, xüsusi təyinatlıların rəşadətləri əsl qəhrəmanlıq idi. Ölkəmizdə ordu potensialının güclənməsində Naxçıvan hərbçilərinin çox böyük rolunun olduğunu bildirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin muxtar respublikanın müdafiə qüdrətinin möhkəmlənməsinə göstərdiyi diqqət o deməkdir ki, alınmaz qala olan Naxçıvan bu qədim diyara göz dikənlər üçün məzar olacaq.

Daha çox xəbərlər