Siyasət 

Şərq-Qərb nəqliyyat dəhlizinin əsas əhəmiyyəti, üstünlükləri və ekoloji aspektləri

Əlverişli coğrafi mövqeyə, zəngin təbii sərvətlərə və enerji ehtiyatlarına malik Azərbaycan bu gün artıq özünü qlobal əhəmiyyətli enerji layihələrinin müəllifi kimi tanıtmış, coğrafi üstünlüyündən faydalanaraq Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat qovşağı və logistik mərkəzə çevrilmişdir. Ölkənin əlverişli geostrateji mövqeyi keçən 20 ilə yaxın dövr ərzində irimiqyaslı layihələrin həyata keçirilməsinə, nəqliyyat-kommunikasiya infrastrukturunun müasir tələblərə cavab verən səviyyəyə çatmasına imkan vermişdir.

Azərbaycanın təşəbbüskarı və birbaşa iştirakçısı olduğu regional və qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi enerji və yük daşımaları sahəsində səmərəliliyi artırmaqla yanaşı, bütövlükdə regionun inkişafına müsbət töhfə verməkdədir. Azərbaycan Böyük İpək Yolu regionunun, o cümlədən Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, TANAP və TAP qaz boru kəmərlərinin qurulmasında fəal iştirakçılardan olmuş, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində qaz kəmərləri vasitəsilə bu dəhlizin enerji komponenti təmin edilmişdir.

Regionun əsas nəqliyyat və logistika mərkəzlərindən biri kimi Azərbaycan ərazisindən keçən Şərq-Qərb nəqliyyat dəhlizi Avropa və Asiya qitəsini birləşdirən ən qısa nəqliyyat marşrutudur və Çin-Qazaxıstan sərhədindən Avropa arasında yükdaşımalarda mühüm əhəmiyyətə malikdir. Bu marşrut xətti yükdaşımaların vaxtına, həmçinin yükdaşımalara çəkilən xərclərə qənaət etməyə imkan verir.

Marşrutun ölkəmiz üçün üstünlüklərinə gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycanın tranzit potensialından maksimum istifadə olunmaqla tranzit imkanlarını artırmaq, xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə daşınacaq yükün həcminin artırılması və bu sahədə öz rəqabətqabiliyyətliliyini yüksəltmək üçün mühüm addımdır. Dəhlizin ölkəmizin ərazisindən keçməsi tranzit yüklərinin həcminin artması ilə müşahidə edilməkdədir. Belə ki, 2021-ci ilin birinci yarısında dəhliz vasitəsilə Azərbaycan ərazisindən 4,7 milyon ton tranzit yük daşınmışdır ki, bu da daşınmış yüklərin 22,9%-ni təşkil etmişdir.

TransXəzər Şərq-Qərb Orta koridor və ya qısaca Orta koridor Çin-Azərbaycan münasibətlərinin inkişafında, iki ölkə arasında ticarət dövriyyəsinin artmasında da özünü göstərməkdədir. Bunun nəticəsidir ki, bu gün Çin Azərbaycanın dörd ən böyük ticarət tərəfdaşından biridir.

Orta koridor, həmçinin Türkiyə və Rusiya üçün də böyük tranzit imkanları açmış oldu. Rusiyadan Türkiyəyə yükdaşımaların böyük hissəsi dəniz, bir qismi isə avtomobil yolları ilə həyata keçirilirdi ki, bu da həm xərc, həm də müddət baxımından əlverişli deyildir.

Şərq-Qərb nəqliyyat dəhlizi layihəsinin aktuallaşmasını şərtləndirən bir sıra amillər vardır. Dünyanın ən mühüm su yollarından biri, dünya ticarət yüklərinin 12%-indən çoxunun daşınması Süveyş kanalının payına düşür. Son zamanlar kanalın darlığı səbəbindən böyük gəmilərin kanalda ilişib qalması kanal yolunun bağlanmasına, bu da öz növbəsində qlobal ticarətdə ciddi pozulmalara gətirib çıxarır ki, bu da enerji əmtəələrinin qiymət artımına və qlobal inflyasiyaya səbəb olur. Ötən ilin mart ayında kanalda baş vermiş bu tipli hadisə dünyanın bu marşruta etibar etməsi risklərini artırır ki, bu da öz növbəsində alternativ marşrutların inkişaf etdirilməsi məsələsini gündəmə gətirmiş oldu.

Orta koridor bu alternativlərdən biridir. Orta koridor həm Böyük İpək Yolunun bərpası prosesinin sürətlənməsi istiqamətində atılmış mühüm addımdır, həm də təklif edilən alternativlər ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Məsələn, Çindən birbaşa Avropa ölkələrinə əsas yük daşıma Rusiya ərazisindən keçməklə Trans-Sibir tranzit xətti ilə həyata keçirilir. Trans-Sibir dəmir yolu ilə müqayisədə Orta koridor 2000 km daha qısadır və daha əlverişli coğrafi-iqlimə malik ərazilərdən keçir. 5400 km-lik Şərq-Qərb nəqliyyat dəhlizi boyunca orta tranzit müddəti 15 gündür. Ənənəvi dəniz yolu ilə müqayisədə isə bu marşurtla yükləri Çindən Avropaya 3 dəfə daha az müddətə çatdırmaq mümkündür. Bir sözlə, Şərq-Qərb nəqliyyat dəhlizi Çin və Avropa arasında ən qısa marşrutdur.

Azərbaycanın tranzit sahəsində potensialının reallaşdırılması baxımından Çinin “Bir kəmər, bir yol” təşəbbüsü də ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu strategiyanı dəstəkləyən ilk ölkələrdəndir. Azərbaycanın məqsədi TransXəzər Tranzit Dəhlizini “Bir kəmər, bir yol” layihəsinə inteqrasiya etmək və bütün iştirakçı ölkələrin ümumi iqtisadi maraqlarına uyğun fayda əldə etməkdir. Bu təşəbbüs, eyni zamanda, Azərbaycanın qeyri-neft sektorunun inkişafı və qeyri-neft məhsullarının ixracı üçün geniş bazarların açılmasında əhəmiyyətli addımdır.

TransXəzər Boru Kəməri Azərbaycan və Türkmənistanı yaxınlaşdıran və Türkmənistan qazını Avropaya çatdıracaq ən mühüm xəttdir. Bu kəmər Türkmənistana geniş qaz ehtiyatlarını ilk dəfə olaraq Azərbaycan üzərindən Avropa bazarına çıxarmaq imkanı verəcək. Türkmənistan indiyədək təbii ehtiyatlarını əsasən Çin və Rusiyaya ixrac edirdi. Transxəzər boru kəməri Türkmənistan bazarını əhəmiyyətli dərəcədə genişləndirməyə və hazırkı tərəfdaşlarından daha az asılılığa imkan verəcəkdir. Həmçinin boru kəməri gələcəkdə Türkmənistan qazının Avropa istiqamətində asanlıqla şaxələndirilməsini təmin etmək imkanı verir.

“Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizində yüklərin 50 faizi dəmir yolu nəqliyyatı ilə həyata keçirilir. Bu koridor vasitəsilə yüklər Avropaya iki istiqamət üzrə nəql edilir: Gürcüstanın Poti və Batumi limanları vasitəsi ilə və Bakı-Tbilisi-Qars dəmir yolu ilə. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Uzunluğu təxminən 850 kilometr olan yolun 504 kilometri Azərbaycan ərazisindən keçir. Bu da Azərbaycanın dəmir yolu nəqliyyatının təkmilləşdirilməsi və inkişafı sahəsində mühüm rol oynamaqdadır.

Aparılan təhlillərə əsasən Azərbaycanda nəqliyyat sektorunda yük daşınması son 20 ildə hər il müntəzəm olaraq artmışdır. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin istifadəyə verilməsi həmin dövrdə boru kəməri ilə daşınmaları kəskin artırmış və bu da onun cəmi yükdaşınmalarda payını 2007-ci ildə əvvəlki illə müqayisədə 10% bəndi artırmışdır. 2020-ci ildə COVID-19 pandemiyasının neqativ təsirləri nəqliyyat sektorunda da yükdaşınmaların həcminin azalmasına səbəb olmuş, buna baxmayaraq boru kəməri ilə yük daşınmaların payı cəmi yükdaşınmalarda artmışdır.

Bakı-Tbilisi-Qars dəmir yolu istismara verildikdən sonra bu sahədə əhəmiyyətli canlanma müşahidə edilməkdədir. Təkcə Şərq istiqamətindən deyil, həmçinin Rusiya və Azərbaycan ərazisindən Türkiyə və Avropa istiqamətinə yüklərin daşınmasında əhəmiyyətli artım müşahidə olunur və ildən-ilə bu yüklərin həcmi daha da artacaqdır. Beləliklə, açıq dənizlərə birbaşa çıxışı olmadığına baxmayaraq, hazırda ölkəmiz beynəlxalq Avrasiya nəqliyyat mərkəzlərindən birinə çevrilmişdir.

Dünyanın qlobal ekoloji problemlərlə üzləşdiyi bir dövrdə iri infrastruktur layihələri həyata keçirərkən ətraf mühit məsələlərini də diqqətdə saxlamaq lazımdır. Bu baxımdan istər TransXəzər, istər Bakı-Tbilisi-Qars, istərsə də Bakı Beynəlxalq Dəniz Ticarət limanının tikintisi və istifadəsi zamanı bu layihələrin ekoloji təsirləri qaçılmazdır.

Hələ bir neçə il əvvəl, TransXəzər layihəsi çərçivəsində aparılan danışıqlara üçüncü dövlətlər ekoloji problemləri əsas gətirərək mane olmağa çalışırdılar. Şübhəsizdir ki, TransXəzər nəqliyyat dəhlizi ilə daşınmaların həcminin artması, eyni zamanda, Xəzər dənizinin çirklənməsinin da artması ilə nəticələnə bilər. Lakin bu kimi ekoloji problemlərin qarşısının alınması üçün də addımlar atılıb. Belə ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisində “yaşıl liman” konsepsiyasının tələblərinə uyğun olaraq tikinti zamanı ən yüksək ekoloji tələblər nəzərə alınıb, çirkab suların təmizlənməsi üçün qurğular inşa olunub. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizindəki Avropa Dəniz Limanları Təşkilatının (ESPO) Liman Ətraf Mühitə Nəzarət Sistemi (PERS) -EcoPorts sertifikatına  layiq görülən ilk liman olmuşdur.

Eyni zamanda, limana daxil olan yüklərin buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Qərb və Şərq istiqamətinə nəqlini təmin edən səmərəli və dayanıqlı logistik zəncirin formalaşdırılması üçün zəmin yaranmışdır. Liman ərazisində və ətraf ərazilərdə azad iqtisadi zonanın və ya sənaye məhəllələrinin mövcudluğu məsələləri vardır ki, bu da mühüm nəqliyyat qovşağı kimi limanın, həmçinin qeyd edilən dəmir yolu xəttinin daha geniş tranzit və daşıma imkanlarının yaranmasına səbəb olacaq, bu da öz növbəsində ətraf mühit məsələlərini bundan sonra da aktuallaşdıracaq. Bu transmilli layihənin icrası zamanı ekoloji tarazılığın və ətraf mühitin qorunması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bir məqamı da qeyd etmək istərdim ki,  Şərq-Qərb nəqliyyat dəhlizi ilə yüklərin daşınması prosesində 4-cü Sənaye inqilabının imkanlarını nəzərə almaqla, rəqəmsal texnologiya və rəqəmsal iqtisadiyyatın tətbiqi , eyni zamanda  tranzit və yükdaşıma xətlərinin qısaldılması ümumilikdə dünya ekologiyası üçün bir töhfədir.

Sonda onu da qeyd etmək yerinə düşər ki, Vətən müharibəsindəki Qələbədən sonra Zəngəzur nəqliyyat dəhlizi layihəsi də aktuallaşmış oldu. Zəngəzur nəqliyyat dəhlizi  Azərbaycan ərazisindən keçməklə Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin bir hissəsinə çevriləcək, Azərbaycan Avropa iqtisadi halqasını Şərqi Asiya ilə birləşdirən yeni bir nöqtədir. Zəngəzur dəhlizinin aktuallaşması üzrə fəal işlər aparılır, nəqliyyat-kommunikasiya layihələri nəzərdən keçirilir. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu reallaşdıracaq. Şübhəsiz ki, bu da, öz növbəsində, ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək.

Azərbaycanın apardığı regional ticarət siyasətinin başlıca xüsusiyyəti regionda ölkənin tranzit mövqeyinin möhkəmləndirməsi və geoiqtisadi mövqeyinin daha da gücləndirilməsindən ibarətdir. Həm Orta koridor, həm də haqqında danışdığımız digər tranzit marşrutlar arasında sinergiya yaradılması ilə gələcəkdə yükdaşımaların diversifikasiyası təmin oluna bilər. Bu da öz növbəsində dəniz və dəmir yolu nəqliyyatı üçün  uzunmüddətli etibarlı bazarın formalaşması, ticarət əlaqələrinin genişlənməsi,  yük  daşımaları ilə  əlaqəli  infrastruktur  sahələrin  daha da  inkişafına  fayda qatacaqdır. Nəqliyyat dəhlizlərinin potensialından    səmərəli        istifadə,    həmçinin gələcəkdə  bu  sahənin  qeyri-neft  sektorunda  xüsusi  çəkisinin  artmasına  da öz təsirini  göstərəcəkdir. Çox sevindirici haldır ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra qısa bir zamanda Sərq-Qərb dəhlizinə müsbət töhfəsini verməkdə davam edir. Belə ki, oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Fizuli Beynəlxalq Hava Limanının açılışını etdilər.

Füzulidə açılan hava limanı həm də Qarabağda istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından olduqca vacibdir.

Ümumiyyətlə, Füzuli Beynəlxalq Hava Limanının inşası işğaldan azad edilmiş ərazilərimizdə müasir kommunikasiyaların qurulması sahəsində həyata keçirilən, iqtisadi, strateji baxımdan dəyərli olan yeganə layihə deyil. Zəngilan və Laçında da tikilən hava limanları Azərbaycanın tarixi torpaqlarına Böyük Qayıdış üçün vacib sayılan çox mühüm strateji layihələrdir, eyni zamanda, Sərq-Qərb dəhlizinə öz müsbət töhfəsini verəcəkdir.

Sadiq Qurbanov,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Daha çox xəbərlər