“Quş qripi” ilə bağlı monitorinq keçiriləcək
ARANTV.AZ xəbər verir ki, “Quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalı daim diqqət mərkəzində saxlanılır. Köçəri quşların miqrasiyasını nəzərə alaraq fevralın 25-dən martın 1-dək növbəti monitorinq keçiriləcək. Dövlət Baytarlıq Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə iştirakı ilə monitorinqin Pirallahı adasındakı Abşeron Milli Parkında, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatında, Salyan rayonundakı Şirvan Milli Parkında, Ağcabədi rayonundakı Ağ göl Milli Parkında və Lənkəran rayonundakı Qızılağac Dövlət Təbiət Qoruğunda həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək. Ölkə ərazisində köçəri və ev quşları arasında aparılacaq monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyət üçün açıqlanacaq. Dövlət Baytarlıq Xidmətinin verdiyi məlumata görə isə hazırda quş qripi” və digər iti yoluxucu xəstəliklərlə bağlı ölkə ərazisindəki vəziyyət sabitdir.

