Siyasət 

Biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dövründə xarici mətbuata müsahibələrində böyük inamla söylədiyi fikirlər hazırda işğaldan azad edilmiş torpaqlarımızın bərpasında özünün aydın ifadəsini tapır

Birinci ildönümünü qeyd etməyə hazırlaşdığımız Vətən müharibəsində möhtəşəm Qələbəmiz 30 ilin reallıqlarına işıq salaraq perspektivləri açıqladı. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev haqq mübarizəmizin Azərbaycanın Qələbəsi ilə başa çatacağına tam əmin idi. Çünki ölkəmiz bu illər ərzində bütün sahələrdə güclənmişdi, ən əsası münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşmışdı. BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalıb saralan qətnamələri icrasını gözləyirdi.

Azərbaycan bütün hallarda ruhdan düşmədi, bütün istiqamətlərdə üstünlüyü ələ aldı. Ona görə cənab İlham Əliyev Vətən müharibəsi dövründə hər bir müsahibəsində müharibədən sonrakı dövrdə görüləcək işlərdən bəhs edir, Azərbaycanın gələcəyini necə gördüyünü açıqlayırdı. Onun “BBC News”a müsahibəsini yada salaq. Jurnalistin qərəzli, ermənipərəst mövqeyini özündə əks etdirən suallarını təmkinlə, diplomatik səviyyədə, Azərbaycan reallıqlarının faktlar əsasında dünya ictimaiyyətinə çatdırılması fonunda cavablandıraraq sonda ünvanlanan «Əgər münaqişə bitərsə, Siz sülhün dividend gətirəcəyini görürsünüzmü? Düşünürsünüzmü ki, cəmiyyət onları düşündürən Dağlıq Qarabağ məsələsini geridə qoyacaq? Burada hansı gələcəyi görürsünüz» sualına cavabı ilə həm işğalçı Ermənistana, həm də ona havadarlıq edən, hətta 44 günlük müharibə dövründə qərəzli, ermənipərəst mövqelərini gizlətməkdə çətinlik çəkən dövlətlərə mesajlarını çatdırdı. Dövlət başçısı qeyd olunan sualı belə cavablandırmışdı ki, ölkəmizin gələcəyi çox parlaq olacaq. Biz son illər ərzində çox böyük uğurlara imza atmışıq. Ölkəmizin həm siyasi, həm iqtisadi sahələrdə uğurları bu gün beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilir. Beynəlxalq arenada böyük uğurlar əldə edilib. Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib. Ölkə daxilindəki bütün məsələlər öz həllini tapır. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək. İnsanlar, ilk növbədə, öz dədə-baba torpaqlarına qayıdacaq, öz yaxınlarının qəbirlərini ziyarət edə biləcəklər. Azərbaycan dövləti mütləq bu işlərdə onlara maksimum kömək göstərəcək. Biz işğaldan azad edilmiş torpaqları yenidən quracağıq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Beləliklə, ölkəmiz üçün yeni bir dövr başlanacaq: «Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda, siyasi münasibətlər sahəsində hesab edirəm ki, müsbət meyillər daha da güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq. Azərbaycana olan hörmət daha da artacaq ki, biz güclü dövlət kimi öz ərazi bütövlüyümüzü, ədaləti və beynəlxalq hüququ bərpa edirik. Beləliklə, ölkəmizin gələcək inkişafı əminəm ki, çox uğurlu olacaq.»

Ölkə Prezidenti bu məqamı da xüsusi qeyd etmişdir ki, biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması Prezident kimi başlıca vəzifəm idi. Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdirmişik və bu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcək.

44 günlük müharibədən ötən bir ildə Azərbaycanın bu əraziləri tikinti meydanına çevrilib. Oktyabrın 26-da iki qardaş ölkənin- Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu. Cənab İlham Əliyevin işğaldan azad edilmiş bölgələrə ilk səfəri zamanı Füzuli-Şuşa yolunun- Zəfər yolunun təməli qoyuldu. Dövlət başçısı İlham Əliyevin bu ərazilərin müasir tələblərə uyğun şəkildə bərpa və yenidən qurulması üçün «ağıllı şəhər» və «ağıllı kənd» strategiyasına uyğun olaraq Zəngilanın Ağalı kəndlərində ilk «ağıllı kənd» layihsinə start verildi. Azərbaycan və Türkiyə prezidentlərinin Zəngilana səfəri zamanı bu layihə çərçivəsində görülən işlərlə tanış oldular”, həmçinin «Dost Aqropark»ın təməli qoyuldu.

Görülən işlərə diqqət yetirdikdə bir daha Azərbaycan və Ermənistan arasında fərq, ən əsası torpağın sahibi ilə əsassız iddia ilə bu torpağa sahib olmağa çalışan arasında fərq özünü qabarıq şəkildə büruzə verir. Biz nə qədər qurucu, yaradıcı xalqıqsa, erməni faşistəri də bir o qədər müharibələrin və barbarlığın sadiq qullarıdır.

Bu müharibədə biz təkcə torpaqlarımızı işğaldan azad etmədik, həm də mədəniyyətimizi beşiyinə qaytardıq və muğamı yenidən Qarabağın səmalarında qanadlandırdıq, “Xarıbülbül”ü düşmən caynağından aldıq, payızda Şuşaya yenidən bahar gətirdik. Prezident İlham Əliyev Vaqif Poeziya Günlərinin açılış mərasimində həm erməni faşizminin mahiyyətini açıqladı, həm də Şuşanın Azərbaycan üçün hansı fəlsəfi məzmun daşıdığını izah etdi: “Əfsuslar olsun ki, Şuşa işğala məruz qalandan sonra bütün tarixi abidələr, mədəni abidələr, o cümlədən Vaqifin məqbərəsi vandallar tərəfindən dağıdılmışdır. Şuşanın işğalı xalqımızın böyük faciəsi idi. Çünki Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır”.

Şuşanı erməniləşdirməyə çalışan ermənilərin bu torpağımızı hansı vəziyyətə saldıqlarını təsəvvür etmək belə çətindir. Hər daşı, qayası tarix olan Qarabağın döyünən ürəyi Şuşa dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, 28 il əsarətdə olsa da, əyilmədi, qürurunu sındırmadı. Gec-tez gələcəyimizi, əvvəlki simasına qaytaracağımızı bilirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqımıza çatdırarkən «Şuşa, sən azadsan!», «Şuşa, biz səni dirçəldəcəyik!» bəyanatını çox qısa zamanda reallığa çevirdi. Buna əmin olmaq üçün arxada qalan dövrdə Şuşanın yaşadığı xoş günlərə qısa nəzər salmaq kifayətdir. Milli bayramımız olan Novruzda Cıdır düzündə bayram tonqalları alovlandırıldı. Şuşada mayın 13-14-də «Xarıbülbül» musiqi festivalı keçirildi, iyun ayının 15-də Azərbaycan və Türkiyənin müttəfiqliyini təsdiqləyən sənəd Şuşada imzalandı, avqustun 29-da Vaqif Poeziya Günləri baş tutdu. Dövlət başçısı həmin tədbirdəki çıxışında bildirmişdir: “44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik. Bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli addımlar atılır”. Dövlət başçısının dediyi bu əməli addımlar bizim mədəniyyətimiz, tariximiz, bugünümüzlə bağlıdır. Avqustun 29-da Şuşa şəhərində, həmçinin görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin heykəlinin, Xalq artisti Bülbülün ev-muzeyinin, dahi Azərbaycan şairi və ictimaixadimi Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılış mərasimləri də keçirildi. Bundan başqa, “Hotel və Konfrans Mərkəzinin” təməli qoyuldu, yenidənqurma işləri yekunlaşan “Qarabağ” hoteli açıldı. Bu tədbirlərdə iştirak edən dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həm də Üzeyir bəy Hacıbəylinin ev-muzeyində və Şuşada xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada görüləsi bərpa işləri ilə tanış oldular. Diqqətə çatdırdığımız bu işlər Şuşanın dirçəlməsinin təqdimatlarıdır.

Bütün bunlar bizə onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərdə gedən quruculuq işləri dərin məna kəsb edir və zahirən göründüyü qədər də təkcə iqtisadi tədbirlər, işğaldan azad edilmiş ərazilərin bərpası kimi qiymətləndirilməli deyil. Bu, həm də işğalçı Ermənistanın əsl xislətinin təqdimatıdır. Düşmən nə qədər qaniçən və qəddar olduğunu ortaya qoyursa, biz də gördüyümüz işlərin miqyası və sürəti ilə sülhə və əmin-amanlığa sədaqətimizi sübut edirik.

Tarixi Zəfərimiz ilk gündən yeni Dövlət proqramlarına, inkişaf konsepsiyalarına yol açdı, ən əsası iqtisadi rayonların bölgüsünə yenidən baxılmasını zərurətə çevirdi. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj oldu. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması nəzərdə tutulur: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Bu Milli Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

Ölkə Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə 2021-ci il üçün planlarını və tapşırıqlarını açıqlayarkən bildirmişdir ki, planlarımız böyükdür. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur: «Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin. Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir.»

Daha çox xəbərlər