Əsas səhifə 

Zəfərimizin baş memarı

Azərbaycan işğal altındakı ərazilərini azad etmək üçün apardığı 44 günlük müharibə və qazanılan Zəfər dünya hərb tarixində uzun müddət öyrənilib, təhlil ediləsi hadisələrdəndir. Bu tarixi Qələbə təkcə Qarabağı deyil, Azərbaycan dövlətinin əzəmətini və xalqın dövlətinə olan inamını geri qaytardı. 44 günlük savaş dünya hərb tarixində hələ uzun zaman öyrəniləcək, təhlil ediləcəkdir.

Şübhəsiz ki, eyni dövrdə Azərbaycan dövlətinin diplomatik addımları və informasiya siyasəti də diqqəti cəlb edirdi. Eyni zamanda, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti əvvəllər Ermənistanın hansısa iqtisadi, tranzit potensialına inanan dövlətlərə bunun bir fiasko olduğunu sübut etdi. Xüsusilə Ali Baş Komandanın İkinci Qarabağ savaşında müharibəni yüksək peşəkarlıqla idarə etməsi və Qələbənin əldə edilməsi üçün xarici təzyiqlərə sinə gərməsi də önəmli hadisə idi.

Postmüharibə dövründə Müzəffər Ali Baş Komandanın «Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Biz oraya qayıtmalıyıq, qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz…» bəyanatı ilə açıq şəkildə dünyaya Azərbaycan dövlətinin gücünü göstərdi.  Xüsusilə revanşist ermənilər anladılar ki, Azərbaycanla oyun oynamaq olmaz, bu. onların bir dövlət kimi məhv olmasına gətirib çıxara bilər.

Bəli, bu gün Azərbaycan artıq regionun geosiyasi güclərindən birinə çevrilib. Təbii ki, iqtisadi və siyasi baxımdan sadəcə Cənubi Qafqazın lider dövləti olmaqla regional proseslərin həllinə təsir göstərən geosiyasi gücə çevrilmək fərqli məsələlərdir. Əgər İkinci Qarabağ müharibəsinə qədər formalaşmış çirkin bir regional mənzərə mövcud idisə, müharibədən sonra  Azərbaycan dövləti bu mənzərəni öz xeyrinə və ədalətli şəkildə dəyişdi.

44 günlük Vətən müharibəsində tarixi Zəfərimizin baş memarları Prezident İlham Əliyev çox gözəl bilirdi ki, Qarabağın Azərbaycana qaytarılması danışıqlar masası ətrafında aparılan baş verən müzakirələr çərçivəsində mümkün olmayacaq. Ona görə də ötən 17 il ərzində Azərbaycanda qurulan peşəkar və vətənpərvər ordu Ali Baş Komandanın siyasi fəaliyyətində ilk pillədə qərarlaşmışdı.

İkinci Qarabağ müharibəsinin 44 gündavam edən şanlı Zəfərinin təməl prinsiplərini təşkil edən digər önəmli faktorlar Ali Baş Komandanın, Azərbaycan Ordusunun və xalqın birliyi oldu. Vətən müharibəsinin gedişində cəmiyyətdə ölkəmizin ərazi bütövlüyü kimi taleyüklü məsələdən sonra gələn bütün müzakirə mövzuları arxa plana keçirildi. Xalq böyük qələbə üçün imkanlarını tam səfərbər etdi. Əsgər və zabitlərimiz ön cəbhədə düşmənlə üz-üzə əlindəki silahı ilə, cəmiyyət həyatının müxtəlif sahələrində çalışan əmək adamlarımız arxa cəbhədəki fəaliyyəti, informasiya savaşında iştirak imkanı olan hər kəs  Qarabağ həqiqətlərini  çatdırması ilə Qələbəyə öz töhfəsini verməyə çalışdı. 44 günlük tarixi Qələbəmiz milli ləyaqətimizin, dünyadakı geosiyasi nüfuzumuzun bərqərar olmasına imkanlar yaratdı..

Azərbaycan Ordusunun bu tarixi Zəfəri regionda bizim xeyrimizə önəmli dəyişikliklər yaratdı. Bir əsrdən artıq dövrdə  yoluna qoyulması mümkün olmayan Qarabağ münaqişəsi «dəmir yumruğ»un zərbəsi ilə cəmi 44 gündə həll edildi. BMT tarixində bu, bəlkə də, ilk hal dəfə idi  ki, belə bir mötəbər beynəlxalq qurumun qətnamələrini işğala məruz qalan tərəf özü hərbi yolla icra etməli oldu.

Bəli, biz böyük Zəfəri qazandıq. Bu, xalqımızın həyatında insanların taleyini dəyişən, ölkəmizin tarixinə yeniuğur səhifələri yazan Zəfər oldu. Əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, amma böyük qələbəmiz heç zaman unudulmayacaq. Qəhrəmanlıqları ilə dastan yazan Azərbaycan övladlarının Vətən müharibəsindəki igidlikləri  yaddaşlarda əbədi qalacaq.

Ən başlıcası şəhidlərimizin əziz xatirəsi daim anılacaq, onların igidlik hekayələri dillərdə dolaşacaq. Xalqımız, bütün dünya azərbaycanlıları regionda yeni bir reallıq yaradan Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əsgər və zabitlərimizlə birgə Vətənə bəxş etdiyi tarixi Zəfər ilə hər zaman qürur duyacaqlar.

Daha çox xəbərlər