Əsas səhifə 

Biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq – Prezident İlham Əliyev

Şuşanın azad olunması xalqımızın milli ruhunun təntənəsi, erməni faşizminin, Ermənistanın «qüdrətli ordu» mifinin darmadağın edilməsi idi

Milli ruhumuzu yaşadan, Cənubi Qafqazın incisi, Azərbaycanın mədəniyyət mərkəzi adlandırılan, özü böyda tarixi abidə olan Şuşanın işğaldan azad edilməsinin ildönümünü xalqımız təntənə ilə qarşılayır. Azərbaycanın qəhrəman övladlarının uğurlu hərbi əməliyyatları nəticəsində Şuşanın işğaldan azad olunmasını Milli Ordumuzun rəşadəti, xalqımızın birlik və həmrəylik rəmzi adlandıran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin «Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik…Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik» sözləri qalib Liderin babalarından miras qalan qəhrəmanlıq ənənələrinə sadiqliyidir. Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə uğurla davam edən və Zəfərimizin müjdəsi olan «Dəmir yumruq» əməliyyatı düşmənin belini qırdı. 44 gün davam edən müharibədə düşmənə tarixi dərs verən, Azərbaycanın siyasi, diplomatik, informasiya sahəsində də qalib olduğunu xarici KİV-lərə müsahibələri ilə bəyan edən Prezident İlham Əliyev mənfur niyyətlərini həyata keçirmək üçün islamofobiyadan istifadə edərək milli münaqişələr yaradanlara, erməni faşizmini dəstəkləyənlərə də Qalib ordunun Müzəffər başçısı kimi mesajlarını çatdırdı.

Ötən ilin noyabrın 8-də Şuşanın işğaldan azad olunması münasibətilə Şəhidlər xiyabanından Azərbaycan xalqına təbrikini « Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!» sözlərilə ifadə edən Prezident İlham Əliyev bildirdi ki, döyüş meydanında qazanılan bu Qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Torpaqlarımızın işğal altında qaldığı müddətdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkünlüyünü dəfələrlə diqqətə çatdıran Prezident İlham Əliyev 44 gün davam edən Vətən müharibəsində qətiyyət, cəsarət, siyasi iradə göstərərək ərazi bütövlüyümüzü bərpa etdi, sərkərdə kimi ordunun qələbə əzmini artırdı. «Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, 28 il işğal altında qalan Şuşanın azad olunması Ermənistan üzərindəki Zəfərimizin əbədi qalibiyyət səhifəsidir.

«Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır» sözləri ilə tarixən mədəniyyət mərkəzimiz olan Şuşanın simasının bərpa olunacağını bildirən dövlət başçımız onu da diqqətə çatdırdı ki, Qələbəmizin əsas amillərindən biri də beynəlxalq səviyyədəki uğurlarımızdır. Azərbaycan bu Zəfəri ilə bütün dünyaya sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Qüdrətli Azərbaycan BMT Təhlükəsizlik Şurasının, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin qərar və qətnamələrini öz gücü ilə həll etmək qüdrətinə malikdir. Şəhidlər xiyabanından xalqına müraciəti ilə torpaqlarımız uğrunda canlarından keçən qəhrəmanlarımıza hörmət və ehtiramını ifadə edən Ali Baş Komandan «Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» sözləri ilə varisliyə sadiqliyini də bildirdi.

Xalqla iqtidarın birliyinin, həmrəyliyinin rəmzi olan, düşmənin başını əzən dəmir yumruq işğaldan azad edilən torpaqlarda daha böyük quruculuq işlərinin aparılacağına da əminlik yaratdı. Doğmaları üçün qəribsəyən, ermənilər tərəfindən vandalizmə məruz qalan torpaqların əvvəlkindən də yaraşıqlı görkəmə salınacağını bildirən Prezident İlham Əliyev bu vədini də yerinə yetirdi. Müharibədən sonrakı müddətində işğaldan azad olunan torpaqlarda həyata keçirilən infrastruktur layihələri , yenidənqurma, bərpa işləri ilə də dünya ictimaiyyətini heyrətləndirən dövlət başçımızın liderlik fəaliyyəti bu ərazilərdə görülən işlərlə tanış olan xarici qonaqları da heyran edir.

Şuşaya səfərləri zamanı Saatlı, Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa məscidlərini ziyarət edən, dini ocaqlarımızın bərpası ilə bağlı tövsiyələrini verən Prezident İlham Əliyev Asiya ilə Avropa arasında yerləşən, çoxkonfessiyalı ölkə olan Azərbaycanın milli mənsubiyyətindən asılı olmayaraq mədəni müxtəlifliyə hörmət və ehtiramını, multikultural dəyərlərə, tolerantlıq ənənələrinə sadiqliyini « Xarıbülbül» musiqi festivalının təşkili ilə göstərdi. Milli ruhumuzun zənginləşməsinin, ədalət və humanizmin rəmzi olan Şuşanın Cıdır düzündə təşkil olunan «Xarıbülbül» musiqi festivalında ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrinin çıxışları o deməkdir ki, Azərbaycan kimi çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf , birlik , milli həmrəylik , sülh labüddür.

Məntiqi nəticə budur ki, Şuşanın azad olunması xalqımızın milli ruhunun təntənəsi, erməni faşizminin, Ermənistanın «qüdrətli ordu» mifinin darmadağın edilməsi idi.

Böyük Azərbaycan şairi, dövlət xadimi Molla Pənah Vaqifin məqbərəsinin, Vaqif Poeziya Günlərinin, Xan qızı Natəvan bulağının bərpası, ermənilər tərəfindən dağıdılmış infrastrukturun yenilənməsi, Zəfər yolunun çəkilişi, erməni vandallarının gülləbaran etdiyi dahi şəxsiyyətlərin – Xurşidbanı Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstlərinin Şuşaya gətirilməsi, Vaqifin büstünün, Üzeyir Hacıbəylinin abidəsinin, dahi bəstəkarın, böyük sənətkar Bülbülün ev- muzeylərinin bərpası, «Qarabağ»”, «Xarıbülbül» hotellərinin açılması «Dağlıq Qarabağ respublikası» ” anlayışının tarixə atılması Prezident İlham Əliyevin «Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq» sözlərinin reallığıdır.

Prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında» Şuşa Bəyannaməsinin imzalanması, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, dünya siyasətinin aktual mövzularından olan və türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin təməlinin qoyulması, Qarabağ, Zəngəzur iqtisadi rayonlarının yaradılması, «ağıllı kənd», «ağıllı şəhər» layihələrinin həyata keçirilməsi, Azərbaycanın region üçün qürurverici və ümidverici ölkə adlandırılması bir ildə görülən işlərin hesabatı, Böyük Qayıdışın uğurlu addımlarıdır. Zəngəzurdan çıxıb İstanbula qədər uzanacaq Zəngəzur dəhlizi ilə türk dünyasının birlik və həmrəyliyindəki rolu artan, dünya siyasətində möhkəmlənən Türkiyə- Azərbaycan qardaşlığı bölgədə sabitlik və sülhün qarantı olacaq.

Daha çox xəbərlər