Zəfər salnaməsi: Milli birlik və siyasi həmrəyliyin təntənəsi
Otuz illik təcavüzkar siyasəti və təxribatçı əməlləri ilə regionda sülhü və təhlükəsizliyi təhdid edən Ermənistan silahlı qüvvələri sentyabrın 27-də səhər saatlarında hücum edərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Ermənistan ordusu tərəfindən Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının bir sıra kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki Azərbaycan əhalisi arasında həlak olan və yaralananlar oldu. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi. İşğalçı Ermənistanın bu növbəti təxribatının qarşısını almaq, mülki əhalini qorumaq üçün Azərbaycan Ordusu cəbhə boyunca əks-hücum əməliyyatına başladı. Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının minlərlə canlı qüvvəsi, yüzlərlə hərbi obyektləri və döyüş texnikaları məhv edildi. İşğal edilmiş rayonlarımız Azərbaycan əsgərinin qəhrəmanlığı, rəşadəti və şücaəti ilə bir-bir düşmən tapdağından təmizləndi. Silahlı Qüvvələrimiz Dağlıq Qarabağın içərilərinə doğru irəliləyərək, strateji əhəmiyyətə malik Hadrutu, Ağdərədəki, Xocavənddəki strateji yüksəklikləri, Suqovuşanı, Murovdakı yüksəklikləri düşmənin əsarətindən azad etdi.
İşğal olunmuş torpaqlarımızın azad olunması xəbərini Prezident İlham Əliyev hər gün şəxsi “Twitter” hesabından paylaşırdı. Qələbə müjdəsinin dövlətimizin başçısı tərəfindən verilməsi ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanırdı.
Döyüş meydanında Azərbaycan Ordusuna məğlub olan düşmən cəbhə xəttində, eləcə də sərhəd bölgələrindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki əhalini hədəfə alan təxribatları davam edirdi.
Əslində Ermənistan rəhbərliyi bu cür təxribatlarla erməni cəmiyyətinin diqqətini hökumətin yarıtmaz daxili və xarici siyasətinin nəticələrindən, dərinləşməkdə olan sosial-iqtisadi və siyasi böhrandan, pandemiya ilə uğursuz mübarizədən və digər problemlərdən yayındırmağa çalışırdı. Ermənistanda Nikol Paşinyanın diktatura hökuməti işğalçı siyasəti davam etdirmək və genişləndirməklə təkcə Ermənistanın vəziyyətini daha da çətinləşdirmir, həm də bütün regionda sülhü və təhlükəsizliyi ciddi şəkildə təhdid edirdi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə qəhrəman Azərbaycan Ordusunun cəbhə boyunca əks-hücum əməliyyatlarında qazandığı uğurlar, torpaqlarımızın düşmən işğalından azad edilməsi Silahlı Qüvvələrimizin, dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Bu döyüşlər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığını, yüksək qələbə əzmini, vətənpərvərliyini, milli birliyimizi, həmrəyliyimizi, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha təsdiq etdi. Şanlı ordumuz öz gücü ilə tarixi ədaləti bərpa etməyə, Azərbaycanın sülh çağırışlarını saymazyana şəkildə rədd edən terrorçu Ermənistanı diz çökdürməyə qadir olduğunu bütün dünyaya sübut etdi. Bütün dünya Ali Baş Komandanın başçılığı ilə ordumuzun işğala söykənən status-kvonu dəyişdirdiyinə şahid oldu. Hamıya aydın oldu ki, Azərbaycan xalqının yenilməz iradəsi qarşısında heç bir qüvvə tab gətirə bilməz. 44 gün ərzində Azərbaycan öz ərazi bütövlüyümüzü bərpa etdi. 30 illik torpaq nisgilinə, həsrətinə son qoyuldu. Mənfur düşməni torpağımızdan qovdu, milli ləyaqəti və tarixi ədaləti bərpa etdi, erməni faşizminin başını əzdi.
Hazırda Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa olunur və işğaldan azad edilmiş ərazilərimizdə kompleks yenidənqurma işləri aparılır. Bu istiqamətdə qısa müddətdə əldə edilən uğurlar bir daha təsdiq edir ki, bu bölgələrimiz tezliklə öz əvvəlki şöhrətlərini geri qaytaracaq və cənnətə çevriləcəklər.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin tarixi Zəfərini təmin edən mühüm amillər oldu. Dövlətimizin başçısı İlham Əliyevin Zəfər Gününün təsis edilməsi il bağlı Sərəncamında da qeyd olunduğu kimi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi, düşmən üzərində tarixi Zəfər çaldı. Həmin sənəddə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi öz əksini tapmışdır.
Bəli, Azərbaycanın çoxəsrlik tarixinin ən şanlı səhifəsini təşkil edən qırx dörd günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi idi. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində bildirib ki, biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik: “O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir. Öz müraciətimi Qələbəmizin ayrılmaz hissəsi olan sözlərlə tamamlamaq istəyirəm: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Bu gün xalqımız, bütün dünya azərbaycanlıları böyük qürur hissi ilə Zəfər Günümüzün sevincini yaşayır. Zəfər Günün mübarək, Azərbaycan!

