Ermənistanı diz çökdürən kapitulyasiya aktı: Qələbə üçtərəfli Bəyanatla rəsmiləşdi
Üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyətinin etirafıdır
Ötən il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli Bəyanatın imzalandı. Bu, Azərbaycanın həm döyüş meydanında, həm də siyasi müstəvidə möhtəşəm qələbəsi, Ermənistanın isə Azərbaycan ordusunun qüdrəti qarşısında tab gətirməyərək döyüş meydanında rüsvayçı məğlubiyyəti, kapitulyasiyası idi.
10 noyabr tarixi bizim haqq savaşımızın qalibiyyətlə başa çatdığı, düşmənin isə rüsvayçılıqla darmadağın olduğunu bütün dünya qarşısında etiraf etdiyi əlamətdar gün kimi yaddaşlara əbədi həkk olunub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında əldə olunan böyük Zəfər məhz 10 noyabr Bəyanatı ilə rəsmiləşdi. Dövlət başçısının ortaya qoyduğu böyük siyasi iradə məhz düşməni tabe olmağa, təslimiyyəti qəbul edib, acizliyini sənəd üzərində təsdiq etməyə məcbur etdi.
Ermənistan 10 noyabr axşamı rüsvayçı şəkildə məğlub olduğunu bəyan etdi. Həmin ana qədər pafoslu açıqlamaların arxasına sığınan və “qələbə” iddiaları səsləndirən erməni rəsmiləri artıq çarənin tükəndiyini görüb, acizliklərini etiraf etdilər. Ermənilər gördülər ki, “məğlubedilməz erməni ordusu”, “ölməz erməni ruhu” kimi miflər puç oldu. Kapitulyasiya aktı ilə ermənilər həmçinin Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqlara qarşı müqavimət göstərmək iqtidarında olmadıqlarını etiraf etdilər.
Maraqlıdır, üçtərəfli Bəyanatın imzalanmasından ötən bir il hansı siyasi məqamlarla yadda qaldı?
Heç kəsin ağlına gəlməzdi ki, Azərbaycan rəhbəri Zəngəzur dəhlizinin açılması məsələsini də sənədə daxil etdirəcək
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə “İki sahil”ə açıqlamasında bildirdi ki, Şuşanın azad edilməsindən cəmi bir gün sonra – noyabrın 9-dan 10-a keçən gecə Ermənistan rəhbərliyi kapitulyasiya aktını imzaladı və müharibə bitdi. Bu, üçtərəfli noyabr Bəyanatı ilə müharibənin aktiv fazası başa çatdı: “Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli Bəyanat nəticəsində Ermənistanın məğlubiyyəti rəsmən elan edildi. Rusiya Ermənistanı tam məhvdən xilas etdi. Bu bəyanatda yer alan müddəalar Azərbaycanın qalib, güclü, üstün tərəf olduğunun təsdiqidir. Bəyanatda ən diqqətçəkən məqamlardan biri məhz Zəngəzur dəhlizi ilə bağlı bəndin yer alması oldu. Heç kəsin ağlına gəlməzdi ki, Azərbaycan rəhbəri düşməni məcburiyyət qarşısında qoyub, Zəngəzur dəhlizinin açılması məsələsini də sənədə daxil etdirəcək. Rəsmi Bakı buna məhz Ordumuzun qəhrəmanlığı sayəsində nail oldu.”
Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan azad edildi
A.Mollazadə vurğuladı ki, bu sənəddə ən diqqətçəkən növbəti məqam isə Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə belə atılmadan razılaşdırılmış müddətdə əsl sahibinə təhvil verilməsi məsələsi idi. Bu rayonların qeyd edildiyi kimi müharibəsiz Azərbaycana təhvil verilməsi heç şübhəsiz ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, iradəsi nəticəsində mümkün oldu: “Məlumatlara görə, Ermənistan həmin istiqamətdə çox böyük hərbi qüvvə yığmışdı. Çünki bu üç rayon strateji bölgələrdir. Laçından dəhliz keçdiyi, Kəlbəcərdəki yüksəkliklərdən Ermənistan və Azərbaycan ərazilərinə nəzarət mümkün olduğu, Ağdamdan isə Xankəndi və Şuşaya yollar keçdiyi üçün işğalçı həmin rayonlar istiqamətində öz qüvvələrini daha çox cəmləmişdi. Ermənistan həmin ərazilərdən Azərbaycan Ordusunu qarşılayıb döyüşdə dönüş yaratmaq niyyətində idi. Bu isə həmin bölgələrdə döyüşlərin daha şiddətli olacağından xəbər verirdi. Bu həm də çoxlu sayda insan itkisi ilə nəticələnə bilərdi. Ona görə də həmin rayonların atəş açılmadan Azərbaycanın nəzarətinə qaytarılması Bəyanatın uğurlarındandır.”
Deputat xatırlatdı ki, bəyanatda qeyd edildiyi kimi Azərbaycan və Ermənistan arasında əsirlərin və cəsədlərin mübadiləsi həyata keçirilsə də, rəsmi İrəvanın qeyr-konstruktiv mövqeyi ucbatından sərhədlərin delimitasiya və demarkasiya prosesi, eləcə də nəqliyyat kommunikasiyalarının bərpası məsələsi keçən 1 il ərzində həllini tapmayıb. Lakin Azərbaycan Qarabağ məsələsində olduğu kimi Ermənistanın vaxt qazanmaq üçün qurduğu oyunlarına daha bir neçə il güzəştə getmək fikrində deyil.
A.Mollazadənin sözlərinə görə, üçtərəfli Bəyanatın qarantı məhz Rusiyadır: “Ermənistan öz öhdəliklərindan hansınısa yerinə yetirməsə həm də Rusiyaya zərbə vurmuş olar. Rusiya Ermənistanı demək olar ki, bütün öhdəliklərini istisnasız yerinə yetirməyə məcbur edəcək.”
Azərbaycan tələb edir ki, kapitulyasiya aktında olan bütün müddəalar qeyd-şərtsiz yerinə yetirilsin
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə “İki sahil”ə açıqlamasında qeyd etdi ki, üçtərəfli Bəyanat Nikol Paşinyanın və Ermənistan ordusunun Azərbaycanın dövlət başçısı və ordusu qarşısında diz çökməsinin təzahürü və mənzərəsidir: “Üçtərəfli bəyanatın imzalanması ilə Ermənistan bir daha necə simasız, məsuliyyətsiz və qorxaq olduğunu sübut etdi. Üçtərəfli bəyanatdan sonra da Ermənistan heç bir sözə sahib olmayan maşa rolunu davam etdirməkdədir. Bu, bir daha onu göstərir ki, havadarları olmasa, Ermənistanın varlığı sual altında qala bilər.”
Politoloqun sözlərinə görə, üçtərəfli Bəyanatda Zəngəzur dəhlizi məsələsinin gündəmə salınması və ümumilikdə Azərbaycanın maraqları ilə bağlı məsələlərin həllini tapması olduqca mühüm nüanslardır: “Bəyanatın müxtəlif bəndlərini oxuyarkən görür ki, orada tam olaraq Ermənistanın heç biri marağı nəzərə alınmayıb, əksinə, Azərbaycanın diqtəsi olan müxtəlif müddəalar yer alıb. Bəyanatda yer alan müddəaların bəziləri hələ də obyektiv və subyektiv səbəblərdən reallaşmayıb. Azərbaycanın tələbi ondan ibarətdir ki, tez bir zamanda kapitulyasiya aktında olan bütün müddəalar qeyd-şərtsiz yerinə yetirilsin.”
Z.Məmmədovun sözlərinə görə, üçtərəfli Bəyanatın imzalanması artıq həm də yeni bir reallığı ortaya qoydu: “Bu gün Cənubi Qafqazda prosesləri təhlil edərkən vurğunu Qarabağdan daha çox Zəngəzurun qərb hissəsinin üzərinə qoyuruq. Qərbi Zəngəzur, tarixi Azərbaycan torpaqlarının gələcəyi müzakirə predmeti olmasa da, diskussiya predmetidir. Ermənistanda tarixi Azərbaycan torpaqları, Qərbi Zəngəzurla bağlı kifayət qədər ciddi narahatlıq müşahidə olunur.”
Həmsöhbətimiz xatırlatdı ki, 200 ilə yaxın davam edən regiondakı geosiyasi konfiqurasiyanı dağıtmaq və yerinə Azərbaycan və Türkiyənn liderliyi ilə yeni hədəfləri qoymaq kifayət qədər ciddi məsələdir: “Bəyanatın uğurlu tərəflərindən biri də sənəddə atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərinin birgə monitorinq mərkəzi yaradılması adlı müddəanın yer almasıdır. Üçtərəfli Bəyanatdan sonra Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması və ümumiyyətlə, görülən bir çox işlər göstərir ki, müharibədən keçən bir il ərzində Azərbaycan hədəflərinə çatmaqdadır. Tez bir zamanda Qarabağ və Şərqi Zəngəzurda quruculuq, abadlaşdırma, yenidənqurma işlərinə start verilib. Yolların çəkilişi, infrastruktur obyektlərinin tikintisi də onu göstərir ki, yaxın bir neçə ay ərzində keçmiş məcburi köçkün və qaçqınların öz doğma yurdlarına qayıdışı başlayacaq və onların təhlükəsizliyi tam olaraq təmin ediləcək. Biz bundan sonra da iri addımlarla öz hədəflərimizə doğru irəliləyəcəyik.”

