Yol ver Türkün bayrağına…
Prezident İlham Əliyev: Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq
Noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü milli mənsubiyyətcə eyni kökə, ənənəvi dəyərlərə malik türk dövlətlərinin və xalqlarının daha da yaxınlaşması, təşkilatlanması və birliyinin möhkəmlənməsi baxımından çox böyük tarixi əhəmiyyət daşıyır. Görüşdə qəbul edilmiş qərarla artıq Türk Dövlətləri Təşkilatı adlandırılmış qurumun əsas hədəfləri bütün türk dünyasının gələcək birgə inkişaf strategiyasının müəyyənləşdirilməsi, geopolitik gücə çevrilmək konsepsiyasının hazırlanması və həyata keçirilməsidir.
“Rəqəmsal dövrdə yaşıl texnologiyalar və ağıllı şəhərlər” mövzusuna həsr olunmuş Zirvə Görüşünə ev sahibliyi edən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirin açılış nitqində görüləcək işlər və qarşıda duran məqsədlərlə bağlı bir sıra mühüm məqamlara toxunub. Qardaş ölkənin dövlət başçısı ilk olaraq siyasi və ictimai həmrəylik kimi iqtisadi və ticari əlaqələrin də gücləndirilməsinin zəruri olduğunu bildirib. Qeyd edək ki, hazırda türkdilli ölkələr arasındakı ticarət dövriyyəsi 21 milyard dollar təşkil edir və bu rəqəmi böyük həcmdə artırmaq mümkündür. Belə ki, noyabrın 15-də Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda çıxış edən Türkiyənin maliyyə və xəzinədarlıq nazirinin müavini Nureddin Nebati yalnız Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılmasının hədəfləndiyini deyib.
İkinci mühüm istiqamət qarşılıqlı sərmayələrin artırılması və bu sahədəki maneələrin aradan qaldırılmasının vacibliyidir. Digər türk dövlətləri üçün bu sahədə ən gözəl nümunə yenə də Azərbaycan-Türkiyə əlaqələridir. Çünki Türkiyə Azərbaycanın məhsullarının ixracına görə İtaliyadan sonra 2-ci, yatırdığı investisiyalara görə isə 1-ci yerdədir.
Zirvə Görüşündə Türkiyə Prezidenti ölkələrimiz arasında nəqliyyat və logistika sahələrində əlaqələrin möhkəmləndirilməsinin vacibliyini də vurğulayıb: “Bu çərçivədə “Beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Saziş”i ən qısa zamanda imzalamalıyıq. Beləliklə, Xəzərdən keçən Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi başda olmaqla aramızdakı bütün yolları bu coğrafiyanın əsas arteriyalarına çevirə bilərik. Azərbaycan-Naxçıvan bağlantısı da bu mənada həyati əhəmiyyət daşıyır.”
Təşkilatın əsas fəaliyyət hədəflərindən biri də müasir rəqəmsallaşmalar dövründə yaşıl texnologiyaların tətbiqi və “ şəhərlər”in qurulması istiqamətində layihələrin reallaşdırılmasıdır ki, bu sahədə artıq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində salınan “ağıllı kənd”, “ağıllı şəhər” nümunələri də daxil olmaqla türk dövlətlərində bir sıra işlər görülməkdədir.
Türk Dövlətləri Təşkilatı qlobal istiləşmə, həmçinin terrorizmlə mübarizədə səylərin birləşdirilməsinə də xüsusi diqqət göstərəcək.
Türkdilli ölkələrin birliyi və inkişafı baxımından ciddi önəm daşıyan bu və digər məsələlərin müzakirə olunduğu Zirvə Görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Görüşün çox böyük tarixi əhəmiyyəti olduğunu bildirib, Şuranın təşkilata çevrilməsinin gözəl gələcəyi olduğunu deyib: “Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir. Eyni zamanda, indiki dünyada təhlükələr hər ay, hər il yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər və əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq.”
Dövlətimizin başçısı təşkilata üzv dövlətlər arasında işbirliyinin səmimiyyətdən yarandığını bildirib: “Biz hamımız qardaşıq, bir-birimizə qardaş deyirik, biz hamımız ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk. Bizim xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və biz bu gün böyük coğrafiyanı əhatə edirik, böyük iqtisadi, siyasi, hərbi gücü bu coğrafiyada ehtiva edirik.”
Qeyd edək ki, Zirvə Görüşünün sonunda qəbul edilən qərarlar Türk Dövlətləri Təşkilatının fəaliyyətini qarşıya qoyulmuş hədəflərə çatmaq istiqamətində qurmasında, gələcəkdə regional və beynəlxalq nüfuzunun güclənməsində, təşkilatın, üzv və müşahidəçi dövlətlərin dünyada söz sahibinə çevrilməsində müstəsna rol oynayacaq. Yekun sənədlərdən təşkilatda müşahidəçi statusu haqqında qaydalara dair, tərəfdaşlıq statusunun təsis edilməsi, İnvestisiya Fondunun yaradılmasının tamamlanması haqqında, “Türk dünyasına baxış – 2040” sənədinin qəbulu ilə bağlı qərarlar xüsusilə mühüm əhəmiyyət daşıyır.
Türk Dövlətləri Təşkilatı qloballaşan, xəritəsi yenidən çəkilən dünyada türk xalqlarının birliyinin, gücünün nümayişi olacaq və dünyanın bu güclə hesablaşmalı, Türkün bayrağına yol verməli olduğu günlər çox da uzaqda deyil!

