Ali Baş Komandana Ali Orden
Bu dəyərli mükafat bir daha göstərdi ki, Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsinin Qəhrəmanıdır
Noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü mühüm hadisələrlə əlamətdar oldu. Zirvə Görüşündə həm ölkəmiz, həm də ümumilikdə türk dünyası üçün çox önəmli hadisə isə Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi oldu.
Ali Baş Komandanımız Azərbaycanın Vətən müharibəsindəki tarixi və möhtəşəm Qələbəsinə və türk birliyinin daha da möhkəmləndirilməsindəki səylərinə görə bu dəyərli mükafata layiq görüldü. İkinci Qarabağ müharibəsindəki qələbə ilə Azərbaycan 30 ilə yaxın işğal altında qalan torpaqlarını azad etməklə BMT-nin kağız üzərində qalan qətnamələrinin icrasını təmin etdi. Bu Qələbə regionda yeni hərbi –siyasi və iqtisadi reallıqlar yaratdı.
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dünyasının Ali Ordenini təqdim edərkən qürur hissi ilə dedi: «Hörmətli Prezident, əziz qardaşım, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır». Cənab Ərdoğan xüsusi vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmiş, Qarabağın azadlığının rəmzi olan «Xarıbülbül» türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur.
Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması dövlətimizin başçısının şəxsiyyətinə göstərilən böyük ehtiramın nümunəsidir. Bu mükafat Azərbaycan Prezidentinin dünyadakı yüksək nüfuzunun təcəssümüdür. Ali Ordenə görə dərin təşəkkürünü bildirən Prezident İlham Əliyev bunun bütün Azərbaycan xalqına verilmiş mükafat olduğunu bildirdi: «Bu, mənim üçün böyük şərəfdir, eyni zamanda böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz Qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir. Qeyd edilir ki, bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır».
Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə həm də türk birliyinin daha da gücləndirilməsindəki xidmətlərinə görə təltif olundu. Qeyd edək ki, iki il əvvəl Bakıda keçirilmiş Türk Şurasının VII Zirvə Görüşündə sədrlik Azərbaycana keçmişdi. Həmin Zirvə görüşündə Prezident İlham Əliyev bəyan etmişdi ki, türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı respublikamızın xarici siyasətinin prioritet istiqamətlərindən biridir və sədrliyi qəbul edən Azərbaycan türkdilli dövlətlər arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcək.
Bakı görüşündən sonra sürətlə dəyişən dünya nizamı da göstərirdi ki, türk dövlətlərinin həmrəylik nümayiş etdirməsi olduqca vacibdir. Bundan çıxış edərək Türk Şurasına sədrliyi dövründə Azərbaycan türk dövlətləri arasında əlaqələrin daha da dərinləşməsi istiqamətində təşəbbüslərlə çıxış etdi. Azərbaycanın Şuraya sədrliyinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, Azərbaycan türkdilli dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, habelə təşkilatın dünyada nüfuzunun daha da artırılması istiqamətində səylər göstərdi. Məsələn, Azərbaycanın sədrliyi dövründə təşkilat çərçivəsində mövcud əməkdaşlıq istiqamətlərinə əlavə olaraq, səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri quruldu. 2020-ci il aprelin 10-da isə Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının COVID-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə Görüşü keçirildi. Bu görüş dövlət və hökumət başçıları səviyyəsində pandemiyaya həsr olunmuş və videokonfrans vasitəsilə təşkil edilmiş ilk beynəlxalq tədbir oldu.
Zirvə Görüşündə dövlət başçıları tərəfindən pandemiya ilə mübarizə çərçivəsində birgə tədbirlərə dair fikir mübadiləsi aparıldı, fövqəladə Zirvə Görüşünün Bakı Bəyannaməsi qəbul olundu. Zirvə görüşünün nəticəsi olaraq ölkələr arasında pandemiya və sonrakı dövr ərzində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı dövlət başçılarının təlimatlarına uyğun olaraq iqtisadiyyat, nəqliyyat, səhiyyə, energetika, gömrük, turizm və miqrasiya sahələrindən məsul nazirlərin görüşləri keçirilib, qarşıya qoyulan hədəflər müzakirə olunub. Eyni zamanda, sözügedən tədbirlər zamanı qəbul edilmiş qərarların icrası ilə bağlı işlər aidiyyəti qurumlar arasında təsis olunmuş mexanizmlər çərçivəsində davam etdirilir.
Daha bir mötəbər tədbir 2021-ci il martın 31-də videokonfrans vasitəsilə keçirilən Türk Şurasının qeyri-rəsmi Zirvə Görüşü Azərbaycan Respublikasının təşkilata sədrliyi dövründə dövlət başçıları səviyyəsində sayca ikinci görüş oldu..
Ümumiyyətlə Azərbaycanın təşkilata sədrliyi dövründə Türk Şurasına üzv olan dövlətlərin iqtisadiyyat, səhiyyə, nəqliyyat, xarici işlər nazirlərinin videokonfrans formatında görüşləri keçirilib. İşğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması layihələrinə Türk Şurasına üzv və müşahidəçi ölkələrdən olan şirkətlər və iş adamlarının marağı nəzərə alınaraq 2021-ci il sentyabrın 10-da Bakı şəhərində «Azərbaycanın işğaldan azad edilmiş Qarabağ regionunun bərpasına və inkişafına həsr olunmuş» biznes-forum baş tutub.

