Gündəm 

Türkiyə Ermənistanın xain hücumundan sonra hansı addımları atacaq – üç tanınmışın rəyi

Ermənistanın 16 noyabrda Azərbaycana etdiyi xain hücum bütün dünyanın diqqətindədir. Bu hücum Azərbaycanla yanaşı, bölgədə nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, sərhədlərin delimitasiya və demarkasiyası prosesinin başladılmasına çalışan Türkiyənin də mənafeyinə cavab vermir. Sərhəddə hərbi əməliyyatlar başlayan kimi Türkiyənin müdafiə naziri Hülusi Akar Azərbaycanlı həmkarına zəng edib. Telefon danışığı zamanı Akar Türkiyənin Azərbaycanın yanında olduğunu bir daha vurğulayıb.

Ermənistan son addımı ilə Türkiyənin də sülh çağırışlarına qarşı çıxmış oldu. Onun bu addımına Türkiyənin cavabı nə olacaq? Qardaş ölkə hansı tədbirlər görəcək Ermənistanın xain hücumu qarşılığında?

Sualı cavablandıran siyasi şərhçi, “Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxan bildirir ki, İrəvan noyabrın 16-da həm də Türkiyənin, onun prezidenti Rəcəb Tayyib Ərdoğanın sülh çağırışını geri çevirib: “Xatırladaq ki, son aylarda başda prezident Ərdoğan olmaqla, Türkiyə rəhbərliyi Ermənistana konkret sülh təklifləri ilə müraciət ediblər. Ərdoğan istər Şuşada bəyannamə imzalananda, istər öz ölkəsində verdiyi açıqlamalarda, istərsə də 26 oktyabrda Füzuli aeroportunun açılışında, Zəngilandakı mətbuat konfransındakı çıxışlarında Ermənistana sülh təklifini çatdırıb. Eyni zamanda Türkiyə prezidenti, xarici işlər naziri dəfələrlə bildiriblər ki, bu sülh imkanı həm də Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasına səbəb olar. Əslində bu, Ermənistan üçün böyük bir şans idi. Təəssüf ki, Ermənistan hakimiyyəti və cəmiyyəti bu səmimi sülh təkliflərinə raketlə, güllə ilə, terrorla cavab verdi”.

A.Ayxan əmindir ki, Türkiyə 44 günlük müharibə və ondan sonrakı dövrdə Azərbaycana verdiyi dəstəyi bundan sonra da davam etdirəcək: “Dəfələrlə Türkiyə Prezidentinin, xarici işlər nazirinin, müdafiə nazirinin, TBMM başqanının və digər yetkililərin dediyi kimi, bu, yalnız Azərbaycanın deyil, həm də Türkiyənin məsələsidir. Qarabağ həm mənəvi, həm siyasi, həm də yuridik baxımından Türkiyənin də məsələsidir. Şuşa Bəyannaməsi bunun hüquqi əsasıdır. Hesab edirəm, bu məsələdə Rusiyanın da mövqeyi, davranışı mühüm əhəmiyyət kəsb edir. Ermənistan 10 noyabr 2020-ci ildən sonra Azərbaycan tərəfə nə silah atsa, bu, avtomatik olaraq Rusiya iqtidarının və onun prezidentinin iradəsinə atılmış sayılır.

Azər Ayxan: “Türkiyə və Rusiya Ermənistana qarşı sonadək səbirli davranmayacaq, mütləq cəza kəsiləcək”

Üçtərəfli bəyanat Putinin təklifi ilə imzalanıb. İnanıram ki, son hadisələrlə bağlı Ermənistana Rusiyadan hər hansı gizli dəstək verilməyib. Ermənistanın dəstəkçilərini başqa coğrafiyalarda axtarmaq lazımdır. Rusiya və cənab Putin 44 günlük müharibə dövründə gözləmədiyimiz halda obyektiv və təmkinli mövqe tutmağa çalışdı. Əksər hallarda bu mövqeyi sabit saxladı. Moskva prosesləri bura qədər gətirib, sonra yenidən əvvəlki məcraya qaytarmaqda maraqlı deyil. Məntiqlə Türkiyə, həmçinin Rusiya son hadisələrə görə Ermənistana səbirli davranmayacaqlar. Mütləq siyasi və hərbi cəza kəsiləcək. Rusiya növbəti dəfə Ermənistanı Azərbaycanın dəmir yumruğundan qorumayacaq. Necə ki, 2020-ci ilin sentyabrında Ermənistan Rusiyanın iradəsinin ziddinə gedərək başını Azərbaycanın dəmir yumruğunun altına verdi, bu dəfə də eyni halın şahidi ola bilərik”.

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

Elxan Şahinoğlu: “Azərbaycana Türkiyənin dəstəyi yetər, bizə başqa heç kim lazım deyil”

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Azərbaycanın son sərhəd gənginliyində böyük dövlətlərdən və beynəlxalq təşkilatlardan dəstək gözləməsinə ehtiyac yoxdur: “Türkiyənin dəstəyi kifayətdir. Müdafiə naziri Hulusi Akarın verdiyi mesajlar digər dövlətlərə xəbərdarlıqdır ki, Azərbaycanı təkləməyə çalışmasınlar. Böyük dövlətlərdən və beynəlxalq təşkilatlardan iki gözləntimiz olmalıdır. Birincisi, Azərbaycan əleyhinə açıqlama verməsinlər, ikincisi, İrəvana zəng edəndə Bakıya da zəng etsinlər. Hələ ki buna riayət olunur”.

Asif Nərimanlı: "O başqa məsələ ki, İran Azərbaycanı yox, Ermənistanı sevir"

Asif Nərimanlı: “Moskva və Ankara sərhəd və kommunikasiyanın açılması məsələsində razılaşıb”

Siyasi şərhçi Asif Nərimanlı qeyd edir ki, Türkiyə tərəfi Ermənistanla münasibətlərin normallaşması şərtlərini açıqlayıb: “Bu, Zəngəzur dəhlizinin açılmasıdır. Eyni zamanda Ərdoğan açıqlamalarının birində qeyd etdi ki, Ermənistan öncə Azərbaycanla problemlərini həll etməlidir. Qarabağ məsələsi Azərbaycan üçün həll edilmiş məsələdir və hazırda əsas gündəm sərhədin delimitasiyası və demarkasiyası prosesinin başlanmasıdır. Bilirik ki, Rusiyanın vasitəçiliyi ilə üçtərəfli görüş keçiriləcəkdi. Peskovun bununla bağlı açıqlamasını Paşinyan təkzib etdi, ardınca Peskov da açıqlamasına korrektə etdi. Bu, İrəvanın görüşdən imtina etdiyini göstərirdi. Lakin Paşinyan da anlayır ki, Rusiyanın istədiyi görüşdən sona qədər imtina edə bilməyəcək. Moskvanın əsas istəklərindən biri kommunikasiyaların açılmasıdır, lakin bunun üçün ən azı sərhədin müəyyənləşməsi prosesi də paralel şəkildə başlanmalıdır. Paşinyanın görüşü təxirə salması da sərhədlə bağlı idi və Ermənistan tərəfi görüşə qədər sərhəddə hansısa mövqe əldə etməklə əlini gücləndirməyə çalışdı. 60 nəfərlik erməni hərbçinin törətdiyi təxribat buna hesablanmışdı. Lakin Azərbaycanın bu təxribatın qarşısını alması Paşinyanı çətin vəziyyətə saldı və erməni baş nazir Karapetyanı istefaya göndərməklə məsuliyyətdən yayındı. Dərhal sonra təxribatın miqyası genişləndirildi. Bu, artıq Ermənistanın ikinci planı işə salması, Azərbaycanı hücum edən tərəf kimi göstərmək və Rusiyanı öhdəlikləri qarşısında çətin vəziyyətə salmaq gedişi idi. Məqsəd də məhz mümkün görüşdə Rusiyanı seçim etməyə məcbur etmək, Ermənistanın maraqlarının müdafiəsinə nail olmaqdır. Proseslər İrəvanın bu planının tam baş tutmadığını deməyə əsas verir, çünki Rusiya prosesə çox gec, yalnız Ermənistanın müraciətindən sonra müdaxilə etdi və Putin, ənənəsinin əksinə olaraq, Bakı və İrəvana zəng etmədi. Əksinə, Paşinyan Putinə zəng etdi. Bu, Ermənistanın layiqincə cavab almasının Rusiyanın da marağında olduğunu göstərir”.

Şərhçinin sözlərinə görə, Türkiyə də bu prosesdə Azərbaycanın yanında olduğunu hərbi rəhbərlik səviyyəsində bəyan etdi: “Bu, Rusiya da daxil olmaqla, bütün tərəflərə verilən mesaj idi. Fikrimcə, Moskva və Ankara sərhəd və kommunikasiyanın açılması məsələsində razılaşıb. Paşinyanın oyunu isə regionda təkcə Türkiyəyə yox, hər iki əsas oyunçuya – Ankara və Moskvaya qarşı idi. İndi Ermənistan üçün iki əsas seçim var: Ya masaya gələrək razılaşacaq, ya da təxribatları davam etdirəcək ki, son döyüşlər bunun onlar üçün daha ağır nəticələrə səbəb olacağını təsdiqlədi. Ermənistan Azərbaycanla problemlərini həll etməsə, yəni sərhədin müəyyənləşməsi, yekunda sülh sazişinin imzalanması olmasa, Türkiyə sərhədlərini açmayacaq və bu, blokadanın davam etməsi deməkdir. Ermənistan əvvəlkindən fərqli olaraq, indi blokadaya uzunmüddətli davam gətirə bilməz. Çünki İranın yük daşımalarında problem var, o cümlədən Ermənistanın təxribatları Rusiyanın maraqlarına ziddir”.

Daha çox xəbərlər