Siyasət 

İşğalçı ölkədə böhran dərinləşir

Ekspertlər Ermənistanın bu durumdan xilası üçün Azərbaycanla sülh müqaviləsi, sərhədlərin demarkasiyası və delimitasiyasını, kommuni­kasiya xətlərinin açılmasını, o cümlədən regionun bütün ölkələri üçün çox əhəmiyyətli Zəngəzur dəhlizinin real­laşmasını vacib amillər hesab edilirlər.

Ermənistanda müharibədən sonrakı böhran daha da dərinləşib. Ölkədəki   siyasi qüvvələr arasında ziddiyyətlər getdikcə artır, vətəndaşların narazılıqları böyüyür, sosial-iqtisadi vəziyyət daha da pisləşir.

“Ermənistan” blokundan olan deputat Tadevos Avetisyan mətbuata açıqlamasında bildirib ki, hakimiyyətin yaxın illərlə bağlı vəd et­diyi minimum 7 faiz iqtisadi artım üçün Ermənistanda heç bir şərait yoxdur. Erməni deputat iqtisadi artım yerinə, ölkəni inflyasiyanın gözlədiyini vurğulayıb. Avetisyana görə, iqtisadi artım vəd edən səlahiyyətlilər son üç il yarımdakı fəaliyyətlərinin nəticələrinə yenidən baxmalıdırlarlar: “Ölkəni məhdud qrup maraqlarından çıxış edən populistlər yox, milli maraqları müdafiə edən peşəkarlardan ibarət bir komanda idarə etməlidir. Hazırkı şəraitdə isə qarşıya qoyulan vəzifə baxımından müəyyən bir geriləmə qeyd edilə bilər. Çünki eyni hökumət keçmişdə ikirəqəmli iqtisadi artım da vəd edib. İnvestisiya axını iqtisadi artımın əsas amillərindən biridir. Amma son illərdə onların həcmi sürətlə azalır. Həmçinin ölkədən kapital “uçuşu” var. Buna inflyasiyanın davamlı artması da əlavə olunur. Qorxularım var ki, vəd edilmiş 7 faiz iqtisadi artım əvəzinə 7 faiz inflyasiya əldə edəcəyik. Son 7 ayda maaşlar orta hesabla 5,4 faiz, ərzaq məhsulları isə orta hesabla 3 dəfə artıb. Bu göstəricilər nəinki azalan iqtisadiyyatı xarakterizə edir, həm də əhalinin daha da yoxsullaşmasına yol açır”.

Erməni politoloq Stepan Dani­elyan də “Facebook” səhifəsində Paşinyan hakimiyyətinin bundan sonra mövcud­luğunun mənasız və hətta təhlükəli olduğunu yazıb. Dəyişikliklər lazım­dır, bunun üçün isə yeni konstitusiya böhranı yaratmaq gərəkdir. Bu, artıq hakimiyyət uğrunda mübarizə sayılmır, situasiyadan çıxış yoludur. İstənilən yeni hökumət, istənilən addım da müvəqqətidir. Biz, ümumiyyətlə, müvəqqəti bir rejimə qədəm qoymu­şuq və bu “müvəqqəti” sözü bizi hələ uzun müddət müşayiət edəcək.

Ümumiyyətlə, Ermənistan iqtisadiyyatı sürətlə yayılan COVID-19 pandemiyasından və İkinci Qarabağ müharibəsindən sonra ciddi risklərlə üz-üzə qalıb. Bunun nəticəsidir ki, Asiya və Qafqaz bölgəsindəki suveren ölkələr arasında ən ciddi tənəzzül məhz ÜDM-də 7,6 faiz azalma ilə işğalçı Ermənistanda baş verib. Bu dövlətin büdcə kəsiri ÜDM-in 5 faizdən yuxarı həddinə, hökumət borcu isə 2019-cu illə müqayisədə 50,1 faizdən hazırda ÜDM-in 63,5 faizi həddinə yüksəlib.

“Mudi” Beynəlxalq Reytinq Agentliyi bu çətin vəziyyətdən Ermənistanın çıxması üçün çıxış yolu göstərir. Beynəlxalq reytinq qurumu Ermənistan iqtisadiyyatının inki­şaf prespektivlərini qonşu ölkələrlə gərginliyi aradan qaldırmaqda gö­rür. Bildirir ki, Azərbaycanla sülh müqaviləsi, sərhədlərin demarkasiyası və delimitasiyası, regionda kommuni­kasiya xətlərinin açılması, o cümlədən regionun bütün ölkələri üçün çox əhəmiyyətli olan  Zəngəzur dəhlizinin real­laşması Ermənistanın iqtisadi inkişafı üçün vacib şərtdir.

Postmüharibə dövründə erməni ordusunda  xaos da getdikcə daha geniş vüsət alır. Xatırladaq ki, bu günlər Ermənistanın cənub-şərqində yerləşən hərbi hissələrdən birinin döyüş postunda güllə yarası almış üç erməni hərbçinin meyiti tapılıb. Erməni mediası yazır ki, Gorus yaxınlığında yerləşən erməni postunda yeni xidmətə başlayan gənc əsgər ona qarşı edilən seksual zorakılığa dözməyərək, gecə 3 xidmət yoldaşını əvvəl güllələyib, daha sonra isə süngü-bıçaqla başlarını kəsib. Erməni tərəfi hadisəni Azərbaycan Silahlı Qüvvələri tərəfindən edilən basqın kimi öz cəmiyyətinə sırıma­ğa çalışsa da vaxtında əldə olunan kəşfiyyat məlumatları əsasında əsl həqiqət ortaya çıxıb. Bundan sonra isə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb ki, 3 erməni əsgərinin bu ölkənin cənub-şərqində yerləşən döyüş mövqeyində ölməsi Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyətinin nəticəsi deyil.

Qeyd edilən bu hadisə erməni ordusunda baş verənlərin kiçik miqyasını əhatə edir. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları arasında son vaxtlar xidmətdən yayınma, xidmət yerini özbaşına tərketmə və məzuniyyətdən gecikmə halları da artmaqda davam edir. Ermənistan ordusundakı mövcud qanunsuzluqlar səbəbindən son vaxtlar hərbi qulluqçular arasında nizamnamədən kənar münasibətlər zəminində cinayət hallarının da sayı çoxalmaqdadır. Ekspertlər qeyd edirlər ki, bu gün Ermənistanın siyasi həyatında yaşanan gərginlik orduya da sirayət edir. Bu fonda Ermənistan or­dusunun döyüş qabiliyyəti, demək olar ki, bərbad halda, əsgərlərin təminatı aşağı səviyyədədir. Bununla da erməni gəncləri ən müxtəlif bəhanələrlə çağırışdan yayınır, rüşvət və tanışlıq hesabına özlərini ordudan kənarda saxlamağa çalışırlar.

Daha çox xəbərlər