“Bu faciəni törədənlərə insan demək olmaz” — Əli Əhmədov
ARANTV.AZ xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – İcra katibi, Baş nazirin müavini Əli Əhmədov “Xocalı soyqırımını unutmadıq!” adlı keçirilən tədbirdə deyib.
O qeyd edib ki, Azərbaycan xalqı qisasçı olmayıb, heç vaxt qisasçılıq aşılanmayıb:
“Biz insanları, xüsusilə də gəncləri qisasçılığa yönəltmirik. İstəyirik, bu cinayəti törədənlər cəzalandırılsın. Qarşımızda duran vəzifə budur. Bir xalq, millət olaraq buna nail olacağıq. Biz bu faicəni dünyaya tanıtmalıyıq. Bu istiqamətdə müvafiq işlər görülüb. Zaman keçdikcə bu faciəni tanıyanların sayı artacaq. Bu faciəni törədənlərə insan demək olmaz. Bu soyqırımı erməni silahlı qüvvələri, onların havadarları törədib, məsuliyyəti birbaşa onlar daşıyır”.
Ə.Əhmədov vurğulayıb ki, ölkənin sərhədlərini qorumaq üçün dövlət güclü olmalıdır: “Dövlət güclü olmazsa, insanları qoruya bilməz. 1990-cı illərdə torpaqların işğalının bir səbəbi ermənilərin işğalçılıq siyasəti idisə, digər səbəb isə dövlətin zəif olması idi. Zəifləyən dövlətə müxtəlif formada təzyiqlər edilir”.
Ölkə.Az

