Cəmiyyət 

Hərbi Prokurorluqda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar konfrans keçirilib – FOTOLAR

25 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü” ilə əlaqədar elmi-praktiki konfrans keçirilib.

ARANTV.AZ xəbər verir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yerləşən Memorial Soyqırım Muzeyində baş tutan tədbirdə Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev, Hərbi Prokurorluq əməkdaşları, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Xocalı rayon İcra Hakimiyyəti əməkdaşları, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, MQF-nin əməkdaşları, Xocalı tanıtım ictimai birliyinin sədri Şamil Sabiroğlu, digər ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca konfrans iştirakçıları Memorial Soyqırım Muzeyini ziyarət etmiş, onlara muzey və orada saxlanılan, tarixi həqiqətləri, o cümlədənXocalı soyqırımı haqqında reallığı özündə əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib.

Sonra Xocalı soyqırımı qurbanlarının barələrində məlumatların əks olunduğu slayd nümayiş etdirilib.

Bundan sonra, konfransı açıq elan etməklə, çıxışına başlayanHərbi Prokuror Xanlar Vəliyev, Xocalı soyqırımına ilk dəfə Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevtərəfindən siyasi və hüquqi qiymət verildiyini vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 05 fevral 2019-cu il tarixli Sərəncamdan, eləcə də həmin sərəncamın icrasından irəli gələn vəzifələrdən bəhs edib.

Daha sonra, tarix boyu Azərbaycan xalqına qarşı törədilən deportasiyalardan, soyqırımlardan, terrorlardan və digər insanlığa sığmayan vəhşiliklərlə törədilmiş xüsusilə ağır cinayətlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verən Xanlar Vəliyev bu barədə tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə görülən nəhəng işlərdən söz açıb.

Xanlar Vəliyev konfrans iştirakçılarının diqqətini Xocalı soyqırımına yönəldərək, o müdhiş gecədə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərinə hücumundan, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeridilməsindən, şəhərin dinc əhalisinə qarşı misli görünməmiş qəddarlıqla divan tutulmasından, Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qocanın xüsusi amansızlıqla öldürülməsindən, 487 nəfər dinc sakinin ağır yaralanmasından və 1275 nəfərin isə girov götürülməsindən ətraflı danışdı. Hərbi Prokuror, həmçinin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın həyata keçirdiyi “Xocalıya Ədalət” kampaniyasından, o cümlədən Xocalı Soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən səmərəli fəaliyyətdən, sistemli və ardıcıl tədbirlərdən bəhs edib.

Bundan sonra, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, MQF-nin vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova bəşəriyyətin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı barədə geniş çıxışlar ediblər.

Daha sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təşəbbüsü ilə hazırlanmış soyqırım haqqında “Əsrin faciəsi” rəqəmsal video diski nümayiş etdirilib.

Sonda Xanlar Vəliyev, aparılan səmərəli təbliğat nəticəsində dünya ictimaiyyətinin də həqiqətin nədən ibarət olmasını artıq yaxşı dərk etdiyini qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik siyasəti və qətiyyətli siyasi iradəsi sayəsində işğal altında olan torpaqlarımızın azad ediləcəyi və xalqımıza qarşı xüsusilə ağır cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb ediləcəyi günün uzaqda olmadığını bildirib.metbuat.az

Daha çox xəbərlər