Gündəm 

YAP-ın Mərkəzi Qərargahında Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib – FOTOLAR

Yeni Azərbaycan Partiyasının Mərkəzi QərargahındaXocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

ARANTV.AZ-ın məlumatına görə, Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, 27 il əvvəl Azərbaycan xalqının tarixində ən dəhşətli faciələrdən biri baş verib:

“Bir gecədə Azərbaycanın bir şəhərinin əhalisi öldürülüb. Burada oturanların əksəriyyəti faciə baş verəndə anadan olmamışdı. Qeyd edim ki, həmin gecə 613 nəfər öldürülüb, 487 nəfər yaralanıb. Öldürülənlərdən 63 nəfəri uşaq olub, 8 ailə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. İnsanlar o gecə amansızcasına qətlə yetirilib. Özü də döyüşənlər dinc sakinlər idi, döyüşənlər deyildi. Xocalı faciəsi XX əsrin sonlarında baş verən ən amansız, dəhşətli qətllərdən biri idi. Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli nəticələrindən biri olan Xocalı soyqırımı xalqın yaddaşından silinməyəcək. Qarşımızda duran vəzifə budur ki, Xocalı faciəsini Azərbaycanın qan yaddaşına çevirək. Azərbaycan xalqı heç vaxt qisasçı olmayıb, istəyimiz budur ki, bu qətli törədənlər layiqli cəzalarını alsınlar. Bir millət olaraq bu məqsədimizə nail olacağıq. Digər məqsədimiz bu faciəni dünyaya Xocalı soyqırımı kimi tanıtdırmaqdır. Bunun üçün çox işlər görülüb və bir çox ölkələr soyqırım kimi qəbul ediblər. Hamımızın bu istiqamətdə səy göstərməyinə ehtiyac var, bu işdə gənclərin üzərinə daha böyük məsuliyyət düşür. Biz Xocalı faciəsindən dərs çıxarmalıyıq. Həqiqət bundan ibarətdir ki, o zaman Ermənistan silahlıları Azərbaycan xalqına qarşı böyük faciə törədiblər, onların faşistlərdən heç bir fərqi yoxdur. Bu faciəni törədənlər Ermənistan Silahlı qüvvələri və onların havadarları olub. Eyni zamanda o dövrdə Azərbaycanda dövlət zəifləmişdi, hakimiyyət uğrunda mübarizə gedirdi. Bunların hamısı Xocalı faciəsinin baş verməyinə səbəb olan amillərdən biridir. 1990-cı illərdə Azərbaycan torpaqlarının işğalının səbəbi bir tərəfdən Ermənistan silahlı qüvvələrinin işğalçılıq siyasəti idisə, bir səbəbi də daxili çəkişmələr oldu. Dövlət zəif olanda vətəndaşlarını, torpaqlarını qoruya bilmir. Bizim Xocalı faciəsindən, ümumiyyətlə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən çıxardığımız nəticə bu olmalıdır ki, dövlətə qarşı şüarlar səsləndirmək, dövləti zəiflətmək olmaz”.

Daha sonra Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

METBUAT.AZ

 

Daha çox xəbərlər