Siyasət 

İrəvandan Putinin imzasına növbəti hörmətsizlik

Üçtərəfli işçi qrupun dekabrın 1-də Moskvada keçirilən iclasında razılaşmaları formalaşdırmaq mümkün olmayıb. Bunu dekabrın 2-də  “Azadlıq” radiosuna Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin görüşünü şərh edərkən deyib.

Xatırladaq ki, regional kommunikasiyaların açılmasına dair razılaşma üç ölkə liderinin noyabrın 26-da Soçidə keçirilən görüşünün yekunları üzrə elan edilib. Bu razılaşma Moskvada  sənəd şəklində rəsmiləşdirilməli idi, lakin bu baş vermədi. Eyni zamanda, erməni tərəfi yaxın vaxtlarda eyni səviyyədə daha bir görüşün baş tutacağını açıqlayıb. Bakı isə dekabrın 1-də Moskvada keçirilən görüşün nəticələrini şərh etməyib.

Bu arada Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri faktiki olaraq Bakını Moskva görüşünü pozmaqda ittiham edib. “Biz yolları açmağa hazırıq, Sovet İttifaqı dövründə mövcud olan infrastrukturun bərpasını müzakirə etməyə hazırıq. Biz Azərbaycanın ərazisindən başqa ölkələrlə əlaqə üçün istifadə edə bilək, eləcə də Azərbaycan Naxçıvanla əlaqə yaratmaq imkanı əldə etsin”, – Qriqoryan bildirib.

Belə olan halda niyə tərəflər razılığa gəlmədi sualına Qriqoryan açıq şəkildə bildirdi ki, Azərbaycan müqaviləyə “dəhliz” məsələsini daxil etməyə çalışır ki, bu da Ermənistan üçün qəbuledilməzdir. “Hesab edirəm ki, Azərbaycan Soçidə əldə olunmuş razılaşmaların təşviqinə imkan verəcək elə bir siyasi iradə nümayiş etdirə bilməz”.

Bəs rəsmi Bakı bu haqda nə deyir? Hansı cavab olacaq? Ermənistan üzündən dalana dirənmiş prosesi dalandan çıxarmaq və əsas hədəf olan Zəngəzur dəhlizinin açılması mümkün olacaqmı?

Siyasi şərhçi Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, növbəti dəfə Ermənistanın hiyləgər siyasətinin təzahürü ilə rastlaşırıq: “Ermənistanın imza atdığı sənədlərə necə yanaşdığı bir daha sübut edir ki, bu ölkə bir dövlət kimi öz üzərinə götürdüyü öhdəliklərə əməl edən deyil. Ermənistan sözdə bəyan eləsə də əslində müxtəlif yollarla çalışır ki, üçtərəfli bəyanatın çərçivəsində olan Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəlikdən yayınsın. Ermənistanın bu davranışında daxili və xarici səbəblər var. Daxili səbəb odur ki, erməni tərəfi bu məqamdan istifadə edib danışıqlar prosesində Azərbaycana təzyiq eləmək istəyir. Ona görə ki, artıq danışıqlarda Azərbaycana təsir eləmək üçün Ermənistanın əlində heç bir element qalmayıb. Yəni Ermənistan bütün imkanlarını itirib. İkinci daxili amil ondan ibarətdir ki, Ermənistanda vəziyyət getdikcə ağırlaşır və Paşinyan onu devirməyə çalışan qüvvələrin imkanlarının artdığını görür, düşünür ki, Zəngəzur dəhlizi açılandan sonra onu devirəcəklər. Ona görə də dəhliz məsələsindən mümkün qədər yayınmağa çalışır.

Müharibə bitdi, qaldı mübarizə - Daha uzun, daha qəliz Manset.az

Murad Sadəddinov: “Danışıqlarda Ermənistanın  Azərbaycana heç bir təsir elementi qalmayıb”

Xarici amillər kimi isə biz görürük ki, Qərb müxtəlif institutlar vasitəsilə Paşinyanı üçtərəfli bəyanatın icrasından yayındırmağa səy edir. Bu da onunla bağlıdır ki, Qərb Rusiyanın təkbaşına vasitəçilik edib bu problemi həll etməsini istəmir. Baxmayaraq ki, bəyanatlarında üçtərəfli bəyanatı alqışlayırlar, amma əməllərində çalışırlar o bəyanatın bir sıra müddəaları həyata keçməsin.

İndi Ermənistanın davranışı faktiki olaraq Putinin təşəbbüsü və iştirakı ilə keçirilən Soçi görüşündəki razılaşmanı pozmaq cəhdidir. Rusiya Prezidenti Soçi görüşündə açıq-aydın bildirmişdi ki, Brüssel görüşünə qədər məsələlər həllini tapmalıdır. Ona görə də hesab edirəm ki, Ermənistanın başqa yolu yoxdur, nə qədər pozuculuğa cəhd etsə də razılaşmaqdan başqa variantı olmayacaq. Rusiya çalışır ki, Brüssel görüşünə qədər əsas məsələləri həll edib elan eləsin və bununla da görüşün əhəmiyyətini heçə endirsin.

Ermənistan 10 noyabr üçtərəfli bəyanatında üzərinə götürdüyü öhdəlikləri gec-tez yerinə yetirməli olacaq. İrəvan, sadəcə, mümkün qədər vaxt udmağa çalışır. Bu da Paşinyan hakimiyyətinin ömrünü uzatmaq üçün edilir. Üçtərəfli bəyanatın tələblərini, nəticələrini dəyişməyə Ermənistanın və onun arxasında dayanan qüvvələrin imkanları yoxdur. Azərbaycan tərəfi Ermənistanın son pozuculuq hərəkətinə görə, məncə, hər hansı bir bəyanat verməyəcək. Çünki üçtərəfli komissiyanın fəaliyyəti davam edir”.

Tural İsmayılov yazır: "İntellektual çöküş erməni ideoloji boşluğunun  lokomotivi rolunda"

Tural İsmayılov: “İrəvan hər şeyin Putinin imzasından asılı olmadığını nümayiş etdirməyə çalışır”

Sosial Tədqiqatlar Mərkəzinin eksperti Tural İsmayılov isə bildirdi ki, dəfələrlə Ermənistan tərəfi 10 noyabr üçtərəfli bəyanatının şərtlərinin pozulması üçün addımlar atıb. Həmçinin 11 yanvar razılaşmasından sonra da proseslərin istənilən məcrada getməməyinin ən böyük səbəbkarı Ermənistanın təxribatçı, pozucu hərəkətləri olub: “Soçidə imzalanan bəyanatda Vladimir Putinin də imzası var. Azərbaycanın təklif etdiyi şərtlər qalib kimi onun haqqıdır. Rusiya tərəfi də Azərbaycanın təklif etdiyi şərtlərin və 10 noyabr bəyanatının tam olaraq reallaşmasında maraqlıdır. Bunu Soçi görüşündən sonra açıqlanan razılaşma da göstərdi. İndi belə görünür ki, Ermənistan Putinin daha bir imzasına hörmətsizlik edir. Ermənistanın görüşləri yubatması, razılaşmalardan yayınması onun özünə zərər verir və verəcək. Ermənistan baş nazir müavinləri səviyyəsində görüşü sabotaj etməklə Qərbdəki havadarları qarşısında tapşrıqları icra edir və heç də hər şeyin Putinin imzasından asılı olmadığını nümayiş etdirməyə çalışır. Bu, Rusiya hakimiyyətində Ermənistana etimadsızlığı daha da dərinləşdirəcək və uduzan Ermənistan olacaq. Azərbaycanın cavabı əslində Soçi bəyanatında əksini tapıb, Azərbaycan nəticəli görüşlər və danışıqlar tərəfdarı olduğunu ortaya qoyub və qoyur”.

Ekspert qeyd etdi ki, Zəngəzur dəhlizinin açılması mütləq mümkün olacaq və Ermənistanın buna sonadək mane olması mümkün deyil.

Daha çox xəbərlər