Ermənilər qədər təhlükəli olan “Metsamor” yenə gündəmdə
Ekspert: “AES saatlı bomba kimidir – Gürcüstan, İran və Azərbaycan üçün dağıdıcı nəticələrə gətirib çıxara bilər”
Ermənistanda fəaliyyət göstərən “Metsamor” atom elektrik stansiyasının durumu dünya ölkələrini narahat edir. Yaponiyanın “tokyo-np.co.jp” saytı Qafqaz regionu üçün böyük təhlükə mənbəyi hesab edilən Ermənistanın “Metsamor” atom elektrik stansiyası (AES) haqqında xüsusi məqalə yayıb. “Dünyanın ən təhlükəli atom elektrik stansiyası” adlı məqalədə artıq 40 ildir ki, istifadə edilən bu böyük təhlükə mənbəyi barədə ətraflı məlumat verilir. Onun yüksək təhlükəli seysmik zonada yerləşdiyi və heç bir müdafiə sisteminə malik olmadığı xüsusi vurğulanır.
Qeyd edilir ki, bütün dünyanın təhlükəsiz enerji mənbələrindən istifadəyə can atdığı bir dövrdə Ermənistanın bu AES-dən istifadə etməsi bütün regionu böyük təhlükə ilə qarşı-qarşıya qoyur.
Bildirilir ki, AES-in ətrafında yaşayan əhali bu radiasiya mənbəyinin yaratdığı təhlükəyə baxmayaraq, onun haqqında heç düşünməməyə üstünlük verir.
Məqalədə “Metsamor” AES-in 1980-ci ildə keçmiş Sovet İttifaqı tərəfindən inşa olunduğu, Ukraynanın Çernobıl şəhəri yaxınlığında yerləşən və 1985-ci ildə atom qəzasının baş verdiyi AES ilə eyni sistemə malik olduğu xüsusi qeyd edilir. Yerli əhaliyə istinadla bildirilir ki, bu AES-in ətrafındakı ərazidə üç torpaq çatı yerləşir və bu onu çox böyük təhlükə mənbəyinə çevirir.
Məqalədə, həmçinin bu AES-in Rusiya dövlət atom energetikası agentliyi tərəfindən yenidən qurulması və onun istifadə müddətinin 2026-cı ilədək uzadıldığı barədə də məlumat verilir. Qeyd edilir ki, bu, başqa enerji mənbələrinə malik olan Ermənistanı müvəqqəti də olsa enerji çatışmazlığından qorumağa xidmət etsə də, həm yerli sakinləri, həm də qonşu ölkələri böyük təhlükə ilə üz-üzə qoyur.
Azərbaycan bir neçə dəfə bu məsələni gündəmə gətirsə də, Ermənistan sanki “Metsamor”u Qafqaza xüsusi təhlükə və təhdid mənbəyi kimi saxlamaqda maraqlıdır.
Qeyd edək ki, Avropa Komissiyasının Ermənistanla tərəfdaşlıq sazişinin icrası barədə işçi qrupunun 2020-ci il üzrə hesabatında da qeyd edilirdi ki, “Metsamor” AES tezliklə bağlanmalı və təhlükəsiz şəkildə istismardan çıxarılmalıdır. Vurğulanırdı ki, stansiyanın nüvə təhlükəsizliyi ilə bağlı beynəlxalq standartlara uyğun olaraq yenilənməsi mümkün olmadığı üçün bu zəruri addım atılmalıdır.
Mütəxəssislər də bildirir ki, köhnə və zəruri təhlükəsizlik tələblərinə cavab verməyən “Metsamor” AES regional fəlakət mənbəyidir. Bu stansiyada hər hansı ciddi qəza baş verəcəyi təqdirdə, region dövlətlərinin əhalisinin, təbiətinin və iqtisadiyyatının ciddi zərər görməsi qaçılmazdır.
Bu səbəbdən də həm region dövlətləri, həm qlobal güc mərkəzləri, həm də beynəlxalq təşkilatlar “Metsamor” AES-in bağlanması ilə bağlı Ermənistandan öhdəliyinə əməl etməsini tələb etməli, bu məqsədlə təzyiq göstərməli, lazımi hüquqi addımlar atmalıdır.
Ermənistan isə bütün çağırışları, xəbərdarlıqları qulaqardına vurur və dünya ictimaiyyətinin AES-in fəaliyyətini dayandırmaq tələblərini yerinə yetirmək əvəzinə onun istifadə müddətini 2026-cı ilə kimi uzatmaq barədə qərar qəbul edib. Halbuki “Metsamor” AES köhnə, istifadə müddəti bitmiş avadanlıqla təchiz edilib. Reaktorlarda qəzanın baş verməsi və ciddi dağıntılara səbəb olması ehtimalı çox böyükdür. “Metsamor” AES 11 ballıq zəlzələ riski olan zonada yerləşir. AES-in ətrafında 5 tektonik qırılma mövcuddur ki, onlardan da biri stansiyadan cəmi 500 metr aralıda yerləşir. 1988-ci ildə Spitakda baş vermiş zəlzələ bu stansiyanın fəaliyyətinin region üçün böyük təhlükə yaratdığını əyani şəkildə təsdiq edir.
Hətta bir sıra erməni mütəxəssislər də dəfələrlə bəyan ediblər ki, “Metsamor” AES hər an Ermənistanı və ətraf ölkələri fəlakətlə üz-üzə qoya bilər.
Beynəlxalq Atom Enerjisindən İstifadə Agentliyinə (MAQATE) üzv olan Azərbaycan bu məsələni niyə beynəlxalq səviyyədə istənilən müzakirəsinə nail ola bilmir? Gürcüstanı və digər qonşu dövlətləri də bu işə cəlb etməklə istənilən nəticə əldə etmək mümkündürmü?

Qabil Hüseynli
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, “Metsamor” AES Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km, İran sərhədindən 60 km, Türkiyə sərhədindən 16 km aralıda yerləşir. Qəza nəticəsində ən böyük fəlakəti ilk növbədə Ermənistan özü və bu ölkələr yaşayacaq. Eyni zamanda radioaktiv tullantıların və digər fəsadların Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz hövzəsi ölkələrinin əhalisi üçün də böyük təhlükə yaradacağı şübhəsizdir: “Türkiyə və Gürcüstanın bir sıra mütəxəssisləri dəfələrlə ”Metsamor” AES-in bilavasitə tektonik qırılma xəttində yerləşməsinə diqqət çəkiblər, bəyan ediblər ki, bu, bütün region üçün böyük təhlükə yaradır. “Metsamor” AES saatlı bomba kimidir, istənilən an partlaya, Ermənistan, Gürcüstan, İran və Azərbaycan üçün dağıdıcı nəticələrə gətirib çıxara bilər. 6-7-8 bal gücündə yeraltı təkanlar olarsa, regionda bu AES-in qəzası nəticəsində çoxsaylı tələfat qaçılmazdır. Avropa İttifaqı və AEBA (İAEA) bu stansiyanı dünyadakı AES-lər arasında ən təhlükəli AES adlandırıb, onu dərhal dayandırmağa çağırıb.
Lakin belə görünür ki, Ermənistana təzyiq və cəza mexanizmi tətbiq etmək imkanında olmayan ayrı-ayrı mütəxəssislərin çağırışlarına İrəvan məhəl qoymur. Ermənistan müvafiq beynəlxalq təşkilatların, ətraf ölkələrin, xüsusilə də Rusiya və Türkiyənin, İranın ciddi təzyiqləri olmadan “Metsamor” AES-i bağlamayacaq. Azərbaycan həm bu ölkələrlə, həm də Gürcüstanla müzakirələr aparmalı, “Metsamor” AES-in bağlanması məsələsini birlikdə ciddi şəkildə qaldırmalıdır”.
Q.Hüseynli qeyd etdi ki, “Metsamor” AES-lə bağlı məsələni bir müddət öncə Azərbaycanla Türkiyə birlikdə Avropa Şurasında qaldırmışdı. Əslində Azərbaycan illərdir “Metsamor” AES təhlükəsi ilə bağlı dünyaya xəbərdarlıq çağırışları edir: “Azərbaycan Prezidenti İlham Əliyev indiyə qədər bir sıra böyük beynəlxalq tədbirlərdə, İstanbulda keçirilən Dünya Humanitar sammitində çıxışlarında diqqəti bu məsələnin üzərinə yönəldib və dünya ölkələrini problemin həllində birgə fəaliyyətə çağırıb, təhlükənin nə qədər ciddi olduğunu bəyan edib. Hətta 2016-cı ildə genişmiqyaslı ”Stop “Metsamor” kampaniyası başlamışdı. AES-in bağlanması ilə bağlı imzatoplama kampaniyası həyata keçirilmişdi. “Metsamor” AES-in bağlanması ilə bağlı Azərbaycanın gördüyü işlərin müəyyən mənada səmərəsi də oldu. Artıq son zamanlar təhlükəni hiss edən qonşu ölkələr və digər dünya dövlətləri tərəfindən Ermənistana təzyiqlər edilir. Hətta artıq Yaponiya mediası belə, “Metsamor” təhlükəsindən yazır. Sahə ekspertləri də hesab edirlər ki, Azərbaycan, Türkiyə, Gürcüstan və digər ətraf ölkələr “Metsamor” AES-lə bağlı fəaliyyətlərini birləşdirib vahid mövqedən çıxış etməli və dövlət səviyyəsində MAQATE-yə müraciət etməlidir.
Atom stansiyalarına nəzarət edən Beynəlxalq Atom Enerjisindən İstifadə Agentliyidir. Azərbaycan artıq bir neçə ildir ora müraciət edib. Bu cür müraciətləri bütün region ölkələri həm ayrı-ayrılıqda, həm də birgə etsələr və təkidli olsalar, düşünürəm ki, Beynəlxalq Atom Enerjisindən İstifadə Agentliyi “Metsamor”da ciddi yoxlama aparar. Yoxlamanın nəticəsi isə AES-in bağlanmasının zəruri olduğunu ortaya qoyacaq. Ermənistan MAQATE-nin yoxlaması və tələbi olmadığı üçün digər pərakəndə çağırışları qulaqardına vurur”.

