Siyasət 

Regionun nəqliyyat marşrutlarında hansı dəyişikliklər ola bilər? – Zəngəzur dəhlizi

Hazırda Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs etdikdə, onu daha çox  Azərbaycanı digər ərazisi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə bütövlükdə türkdilli ölkələri quru yolla əlaqələndirən vasitə kimi təqdim edirlər. Maraqlıdır ki, bu dəhlizin üstünlüklərindən bəhs edərkən onu Bakı-Tbilisi-Qars dəmiryolu xətti  ilə müqayisə edənlər də var.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Qapalı Səhmdar Cəmiyyətinin Strateji Planlama və İnkişaf departamentinin müdiri Xudayar Həsənli isə hesab edir ki,  Zəngəzur dəhlizinin strateji əhəmiyyəti daha böyükdür və Azərbaycana bir neçə istiqamətdə üstünlüklər qazandıracaq. Vaxtilə bu marşrutla keçmiş SSRİ-nin 2,7- 3 milyon tona yaxın yük dövriyyəsi olduğunu xatırladan X. Həsənlinin fikrincə,  Zəngəzur dəhlizindən sonra Türkiyədən Mərkəzi Asiyaya gedən TIR-ların (ağır tonnajlı yük avtomobillərini nəzərdə tutur-C.P) yolu qısalacaq: Hazırda TIR-lar Türkiyədən Azərbaycana keçmək üçün Gürcüstan sərhədini keçməli olur. Bu mənada Zəngəzur dəhlizi vaxta da qənaət etməyə imkan verəcək”.

Departament rəhbəri bildirib ki, TIR-ların Gürcüstana daxil olması üçün rüsumlar ödənilir: “Zəngəzur dəhlizində sərhəd-gömrük keçid məntəqəsinin olacağı hələ ki, nəzərdə tutulmayıb. Gürcüstanda hər TIR üçün gömrük ödənişi 150-250 ABŞ dolları arasında olur. Həmçinin məsafənin qısalması yanacaq xərclərini də azaldacaq”.

X. Həsənli bu qənaətdədir ki, bütün bunlar Türkiyənin Mərkəzi Asiya ilə olan TIR dövriyyəsinin 40-50 faizinin ölkə ərazisindən keçməsinə imkan verə bilər. Hazırda bu dövriyyənin 20 faizə qədəri Azərbaycanın ərazisindən keçir.

Müsahibimiz deyir ki, çoxları düşünür ki, Azərbaycanın və Mərkəzi Asiyanın Çindən idxal etdikləri məhsullar böyük konteyner daşıyan gəmilərlə Süveyiş kanalını keçərək Dardanel boğazına daxil olur, Qara dəniz və Poti Limanına qədər gəlir. Poti limanından yüklər boşaldılır və Azərbaycana və Orta Asiyaya gəlir: “Amma bu, əslində tam belə deyil. Yüklər İstanbula gəlir. Poti limanı böyük konteyner daşıyan gəmiləri qəbul edə bilmir. 10-15 min TEU konteyner tutan bu gəmilər əsasən İstanbulun Ambarlı limanına gəlir və yük buradan daha kiçik gəmilərə boşaldılır və onlar vasitəsilə Qara dəniz sahili ölkələrinə paylanılır. Boşaldılma-yüklənmə prosesi 3-5 gün çəkir”.

Amma Zəngəzur dəhlizindən sonra yüklər Mersin limanına gələ bilər. Buradan həm dəmiryolu, həm də TIR daşımaları ilə yüklər düz xətlə Qarsı və Naxçıvanı keçməklə Zəngəzur dəhlizinə daxil ola bilər. X. Həsənli hesab edir ki, belə vəziyyətdə yüklər Süveyiş kanalını keçib Mersinə çatacaq. Eyni zamanda, Poti limanı ilə Mersin limanı arasında xeyli qiymət fərqi var: “Bir konteynerin Poti limanına çatdırılması xərcləri 466 ABŞ dolları, Mersin limanına isə 200-250 dollardır. Vaxt baxımdan isə 12-14 gün fərq var, yəni yük daha tez gələcək”.

Departament müdiri deyir ki, eyni zamanda, Zəngəzur dəhlizi üzərində logistika mərkəzləri qurula bilər. Logistik həllər vasitəsilə daşımaların səmərəliliyini artırmağı nəzərdə tutan bu mərkəzlərlə həm Bakı limanını, həm də Türkiyəni birləşdirməklə TIR-ları Zəngəzur dəhlizinə cəlb etmək olar: “Logistik həllə yükləyib və boşaltma müddəti və zamanlama aiddir. Əgər həm dəmiryolu, həm də TIR-larla daşımada sabit zamanlama təşkil edilərsə, Türkiyə-Mərkəzi Asiya,  Çin-Mərkəzi Asiya, Avropa-Mərkəzi Asiya istiqamətində yükləri bu dəhlizə cəlb etmək mümkündür. Hazırda bu sahədə boşluq var.  Poti limanına pandemiyaya qədər 500-520 min TEU konteyner yük gəlirdi (Ötən il bu göstərici 100 min TEU konteyner azalıb). Bunun 80-90 faizi tranzit yükdür. Bu yüklər Azərbaycanla yanaşı, Rusiyadan keçir. Bu yüklər də Zəngəzur dəhlizinə yönələ bilər.

Müsahibimiz hesab edir ki, Zəngəzur dəhlizi Azərbaycanın LPİ indeksinin (Logistik Performans indeksi)  yüksəlməsinə səbəb ola bilər. Ölkəmizin dünya okeanlarına birbaşa çıxışı yoxdur, Gürcüstan vasitəsilədir. Azərbaycan üzrə indeksin müəyyən olunması üçün Gürcüstanda sorğu alınır. Sərhəd –gömrük keçid məntəqəsi nəzərdə tutulmadığından Zəngəzur dəhlizindən sonra ikinci belə sorğu alınacaq ölkə Türkiyə olacaq. Türkiyədən daha yaxşı qiymət almaq mümkündür. Bu indeks üzrə göstəricinin artması Azərbaycanın logistik şirkətlərinin beynəlxalq layihələrdə daha çox iştirak etməsinə imkan verəcək.

Daha çox xəbərlər