Siyasət 

Ulu öndər Heydər Əliyev diaspor quruculuğunun banisidir

Artıq tarixə çevrilmiş SSRİ imperiyası dövründə Azərbaycana diaspor quruculuğu ilə dərindən məşğul olmağa imkan verilməmiş, son onilliklər ərzində xarici ölkələrdə soydaşlarımızın sayının artmasına baxmayaraq Azərbaycan diasporu dağınıq halda mövcud olmuş, lobbi quruculuğu ilə ardıcıl və sistemli şəkildə məşğul olunmamış, bu sahədə böyük vaxt itkisinə yol verilmişdi. Məhz bu səbəbdən də gənc, müstəqil dövlətimizin xarici siyasətində Azərbaycan lobbisi problemi həllini gözləyən vacib məsələlər sırasına daxil edilmişdi. Ulu öndər Heydər Əliyevin çoxsaylı xarici səfərləri zamanı vaxt azlığına baxmayaraq Azərbaycan diasporu ilə keçirdiyi səmimi görüşləri onun bu məsələyə hansı səviyyədə diqqət və qayğı ilə yanaşdığının göstəricisidir. Bu görüşlər zamanı söylənilən fikirlər yalnız həmin ölkələrdə yaşayan soydaşlarımız üçün deyil, dünya azərbaycanlılarının milli həmrəyliyi, özünüdərki və mənəvi bağlılığı istiqamətində atılan ən mühüm addımlardır və dahi rəhbərimiz bununla xaricdə diaspor təşkilatlarının formalaşmasının vacibliyini, lobbiçilik fəaliyyətimizin əsas istiqamətlərini və perspektivlərini bəyan etmişdir.

Sovetlər birliyinin dağılması və Azərbaycanın dövlət müstəqilliyini qazanması Azərbaycan diasporunun da həyatına mühüm canlanma gətirdi. Baş verən qlobal siyasi hadisələr, Qarabağ münaqişəsi, mənfur qonşularımızın Azərbaycana haqsız torpaq iddiaları, respublikamıza və xalqımıza qarşı məkrli siyasi, ideoloji, hərbi təxribatlar planının bütün vasitələrlə hərəkətə gətirilməsi, 20 Yanvar, Xocalı soyqırımları, torpaqlarımızın 20%-nin işğalı, bir milyondan artıq soydaşımızın öz doğma yurdlarından didərgin düşməsi xaricdəki həmvətənlərimizin ictimai fəallığının artmasına təkan verdi. Soydaşlarımızın bir qismi yeni tarixi situasiyaya uyğun olaraq məhdud dərnəkçilik səviyyəsindən çıxmağa və milli-siyasi yöndə təşkilatlanmağa başladılar. Buna görə də ulu öndər Heydər Əliyevin Almaniyaya səfərlərinin birində Bonn şəhərində soydaşlarımızla görüşdə söylədiyi dərin məzmunlu, proqram xarakterli nitqində müdrik tövsiyələrindən biri məhz fikir, əməl birliyinə aid idi: “…Mən demirəm ki, 40 milyon azərbaycanlının hamısı bir yerə yığışsın, bu, heç lazım da deyil. Ancaq hamısının qəlbi, fikri, gələcəyə baxışı və Azərbaycan haqqında fikirləri bir olsa, əlbəttə ki, respublikamız da öz müstəqilliyini bundan sonra daha da möhkəmləndirər, inkişaf yolunu məharətlə keçə bilər… Mən Azərbaycanın Prezidenti kimi, xalqımızın mənə göstərdiyi etimada güvənərək respublikamıza rəhbərlik edən bir şəxs kimi bu gün deyirəm: Azərbaycanın özündə də bu günümüzün, gələcəyimizin zəmanəti rəhni birlikdir və bütün dünyada da soydaşlarımızın bir olması vacibdir”.

Bu bir həqiqətdir ki, o vaxtadək Azərbaycana rəhbərlik edənlərin heç biri xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli məsələsinə ümummilli lider Heydər Əliyev qədər önəm verməmişdir. Məhz dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra istər daxildə, istərsə də qürbətdə yaşayan soydaşlarımız arasında milli Azərbaycan dövlətçiliyinin varlığına və gələcəyinə inam yaranmış, onların Vətənlə əlaqələri genişlənərək ardıcıl xarakter almışdır.

Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların arasında həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birlikərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi haqqında 2001-ci il may ayının 23-də ulu öndər Heydər Əliyevin məlum Sərəncamı bu möhtəşəm ideologiyanın gerçəkləşməsinə istiqamətlənmiş mühüm bir addımdır. Həmin ilin noyabr ayının 9-10-da Bakıda keçirilən tədbirdə 36 ölkədən 200-dən çox təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Qurultayda Azərbaycan Respublikası 130-dan çox dövlət və ictimai qurumlardan, müxtəlif təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur. Dünya azərbaycanlılarının I qurultayı xaricdə soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda böyük addım, gələcəyə istiqamətlənmiş önəmli tədbirlərdən biri kimi yadda qaldı. Qurultayda xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təşkil etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. 2002-ci il iyulun 5-də ulu öndər Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. 2008-ci il noyabrın 19-da isə dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Sərəncamı ilə həmin komitənin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Hazırda dünyanın 45 ölkəsində 450-yə yaxın diaspor təşkilatı fəaliyyət göstərir ki, bu təşkilatlar xaricdə yaşayan azərbaycanlılar arasında milli, ideoloji, siyasi və iqtisadi amillərə əsaslanan birliyin təmin olunmasına xidmət edirlər.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diasporunun əldə etdiyi nailiyyətlərin sırasında 2004-cü ilin oktyabrında Moskvada Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə keçirilən Ümumrusiya Azərbaycanlıları Konqresinin II qurultayını, 2006-cı il martın 16-da Bakıda keçirilən Dünya azərbaycanlılarının II qurultayını, 2007-ci il noyabrın 17-19-da Bakıda baş tutan Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayını, 2008-ci ilin dekabrın 18-19-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclasını və 2011-ci ilin 5-6 iyul tarixində Bakıda keçirilən Dünya azərbaycanlılarının III qurultayını qeyd etmək olar. Qeyd olunan tədbirlər yalnız bir məqsədə- diaspor qarşısında duran vəzifələri müəyyən etməyə, Azərbaycan lobbiçiliyini qurmağa, xarici ölkələrdə yaşayan azərbaycanlıların sosial, mənəvi, iqtisadi fəaliyyətinə və diaspor təşkilatlarının mütəşəkkil qüvvə kimi təşkilatlanmasına dəstək vermək, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında diasporun fəaliyyət istiqamətlərini müəyyən etməyə xidmət etmişdir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev xarici ölkələrə səfərləri zamanı Azərbaycan diasporunun üzvləri ilə görüşlər keçirir, onların qayğı və problemləri ilə maraqlanır, mövcud problemlərin həll edilməsi üçün müvafiq tapşırıqlar verir. Bu gün Azərbaycanda dövlət quruculuğu prosesi uğurla davam etdirilir. Qazanılan siyasi və iqtisadi uğurlar həm də ölkəmizdən kənarda yaşayan soydaşlarımızın həyatında özünü göstərmiş, onların doğma vətənlərinə bağlılığını artırmışdır. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı xalqımızın ən qiymətli mənəvi-ideoloji sərvəti sayılan milli birliyə nail olmaq və dövlətçiliyimizin daha da möhkəmləndirilməsi uğrunda bütün güc və bacarığını səfərbər etməyə borcludur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi: “Bizim bir Vətənimiz var-Azərbaycan! Bizim bir dilimiz var-Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var-azərbaycançılıq məfkurəsi”.

Daha çox xəbərlər