Əsas səhifə 

Prezident İlham Əliyev: Biz sülh, sabitlik istəyirik

Brüsseldə Avropa İttifaqının Prezidenti Şarl Mişelin iştirakı ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün nəticələrinə dair Bəyanatı, Şərq Tərəfdaşlığı Proqramının VI Sammitinin yekun sənədi kimi qəbul olunan birgə Bəyannamə, dövlət başçımızın İspaniyanın «El Pais» qəzetinə müsahibəsi qitə dövlətlərinin Azərbaycana artan marağının ifadəsidir

Beynəlxalq aləmdə tanınan siyasətçilər, politoloqlar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak edən Prezident İlham Əliyevin keçirdiyi iki və üçtərəfli görüşləri Azərbaycan diplomatiyasının növbəti uğuru adlandırırlar. Prezident İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberqlə, Avropa İttifaqı Şurasının (Aİ) Prezidenti Şarl Mişellə danışıqlarında ölkəmizin dünyada möhkəmlənən mövqeyinin yüksək dəyərləndirilməsi, qlobal təşəbbüslərinin dəstəklənməsi Azərbaycanın haqq- ədalət işinə beynəlxalq səviyyədə göstərilən etimaddır. Aİ Prezidenti Şarl Mişelin Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün nəticələrinə dair Bəyanatında Cənubi Qafqazda sülhün bərqərar olması, regionda kommunikasiya infrastrukturunun yaradılması, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Azərbaycanın təşəbbüslərinin və təkliflərinin dəstəklənməsi, dəmir yolu xəttinin çəkilməsinə xüsusi diqqət göstərilməsi Prezident İlham Əliyevin siyasi iradəsinə, qətiyyətinə verilən dəyərdir. Görüşlərdə Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq siyasətinin yaratdığı acı nəticələrdən bəhs edən Prezident İlham Əliyevin reallığı əks etdirən arqumentləri qarşılığında Ermənistanın baş naziri Nikol Paşinyanın susqunluğu, deməyə söz tapmaması güclü diplomatiyanın xəyalpərəst siyasət üzərindəki qələbəsi, izaha ehtiyacı olmayan məğlubiyyət görüntüsü Sammit iştirakçılarının nəzərindən yayınmadı.

Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, eləcə də Aİ ölkələri dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən Sammitin yekun sənədi kimi qəbul olunan birgə Bəyannamədə ölkəmizin qarşılıqlı etimad və biri-birinin daxili işlərinə qarışmamaq prinsipinə əsaslanan mövqeyi müstəqil Azərbaycan dövlətinin başçısı İlham Əliyevin siyasi iradəsinin təcəssümü idi. Şərq Tərəfdaşlığı”nın bütün ölkələrinin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə dəstək ifadə olunan birgə Bəyannaməsində ölkəmizlə Avropa İttifaqı arasında ikitərəfli sazişlə bağlı aparılan danışıqlarda əldə edilmiş tərəqqi, qitə dövlətləri üçün ən etibarlı, şaxələndirilmiş enerji mənbəyi Cənub Qaz Dəhlizinin başa çatmasında böyük xidmətləri olan Azərbaycanın təşəbbüsləri yüksək dəyərləndirilib. Koronavirusa qarşı vaksinasiya məsələlərinin vəziyyəti ilə bağlı məsələlərə aydınlıq gətirilərək bütün ölkələrin peyvəndlərdən bərabər səviyyədə istifadənin vacibliyi qeyd olunub. Aİ faktiki olaraq Qoşulmama Hərəkatının Sədri Prezident İlham Əliyevin “peyvənd millətçiliyi” nə qarşı çağırışlarını dəstəkləuib. Bəyannamənin Belarusun daxili işlərinə aid olan bəndinə qoşulmayan Azərbaycan növbəti dəfə siyasi, iqtisadi müstəqilliyini bəyan edib.” Sənəddə qeyd olunan “Bununla da, Azərbaycan digər ölkələrin suverenliyinə hörmət, daxili işlərinə müdaxilə edilməməsi prinsipinin onun üçün vacib olmasını, insan hüquqları, humanitar məsələlərlə bağlı siyasiləşdirilmiş yanaşmanı, ikili standartları qəbul etməməsini və öz dostlarını heç vaxt darda qoymamasını bir daha sübut edib” sözləri bu qətiyyətin ifadəsidir.

Sammit çərçivəsində İspaniyanın «El Pais» qəzetinə müsahibəsində 30 il Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqlarında ermənilərin törətdikləri siyasi, iqtisadi, ekoloji, mədəni terrorlar, 44 gün davam edən İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrimizin rəşadəti, döyüş təcrübəsi, Zəfəri haqqında ətraflı məlumat verən Prezident İlham Əliyev bu gün də işğalçı ölkədən eşidilən revanşist çağırışları bölgədə sabitliyə təhlükə adlandırmışdır: «Biz sülh, sabitlik istəyirik. Amma Ermənistan tərəfindən istənilən revanşizm cəhdləri real sülh sazişinə inamı azaldır.” Azərbaycanın sülh danışıqlarına, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı təkliflərinə Ermənistan rəhbərliyindən pozitiv cavab verilmir. Əksinə təxribatlar törədilir.”

«Qarabağ Ermənistandır» xəyalından ayılmayan Ermənistanın baş naziri Nikol Paşinyanın sülh sazişinin imzalanması prosesini ləngitməsi onu göstərir ki, başqalarının iradəsinə uyğun siyasət yeridən baş nazirin müstəqil siyasət yeritmək səlahiyyəti, mövqeyi yoxdur. Sərhədlərin açılması ilə bağlı təkliflərin Azərbaycanın, Ermənistanın və Rusiyanın Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrup çərçivəsində müzakirə olunmasına baxmayaraq məsələ həllini tapmayıb. Sammitdə aparılan bütün müzakirələrin əsas mövzusu olan qlobal enerji və nəqliyyat xəritələrinin yenilənməsində, Avropa ölkələrində təbii qazla bağlı yaranan böhranın aradan qaldırılmasında Azərbaycanın rolunun yüksək dəyərləndirilməsi ölkəmizin dəyişilməz qətiyyətli mövqeyinə etimaddır. Qarşılıqlı əlaqələrin yaradılmasında beynəlxalq əhəmiyyətə malik kommunikasiyaların əhəmiyyətindən söz açan Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı qətiyyətli mövqeyi bütün səviyyələrdə dəstəkləndi. Hazırda Azərbaycan Ermənistanla sərhəd istiqamətində azad edilmiş ərazilərdə sökülmüş dəmir yolu xəttini bərpa edir. Eyni istiqamətdə avtomobil yolunun , yəni, Zəngəzur dəhlizinin açılmasının labüd olduğunu bilsə də, gözləmə mövqeyini davam etdirən Ermənistan isə havadarlarından əmr gözləyir.
«İndi biz bu dəhlizlərin, Azərbaycandan keçib Ermənistana gedən və sonra Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına gedən Zəngəzur dəhlizinin hüquqi rejimini müzakirə edirik» söyləməklə Soçidə Rusiyanın Prezidenti Putinin təşəbbüsü ilə keçirilən üçtərəfli görüş zamanı kommunikasiyaların açılmasından açıq şəkildə bəhs edən Bəyannaməni xatırladan Prezident İlham Əliyevin vurğuladığı kimi, Avropa İttifaqının Bəyanatında qeyd olunan kommunikasiyaların açılması ilə bağlı müddəaların yerinə yetirilməsi ilə bütünlükdə bölgə dövlətlərinin iqtisadi inkişafı tərəqqi edəcək, qarşılıqlı əməkdaşlıq münasibətləri möhkəmlənəcək.

“Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibəni udduq, biz qalibik və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur. Biz onu özümüz, güc yolu və siyasi vasitələrlə həll etdik» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistan reallıqları qəbul etməli, bölgə dövlətləri arasında münasibətlər həqiqətlər əsasında qurulmalıdır.
«El Pais» nəşrinin əməkdaşının «Beynəlxalq Ədalət Məhkəməsinin sonuncu bəyannaməsi Sizin hökumətinizdən, – mən olduğu kimi oxuyuram, – erməni milli və ya etnik mənşəyini hədəfə alan irqi nifrət və diskriminasiyanın təhriki və təbliğinin qarşısını almaq, 2020-ci il münaqişəsi ilə əlaqədar əsir götürülmüş və saxlanılan bütün şəxsləri zorakılıq və bədən xəsarətlərindən qorumaq və onların təhlükəsizliyini və qanun qarşısında bərabərliyini təmin etmək üçün lazımi tədbirlər görməyi xahiş edib. Mən Sizdən soruşmaq istərdim, vəziyyətlə bağlı bu istiqamətdə hansı addımlar atılıb?» sualını cavablandıran Prezident İlham Əliyev ermənilərin 30 ildə Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə siyasətindən, Xocalı soyqırımından, dağıdılan şəhər və kəndlərimizdən, bərbad hala salınan dini ocaqlarımızdan bəhs edərək bildirmişdir ki, müharibənin davam etdiyi müddətdə də humanitar siyasət yeridən Azərbaycandan fərqli olaraq Ermənistan mülki azərbaycanlılara qarşı terrorlarını davam etdirir, təxribatlar törədirlər. Təxribatçıları hərbçi adlandırsalar belə Azərbaycan humanizm prinsiplərini əsas tutaraq erməni əsirlərini öz ölkəsinə təhvil verib.
Bölgədə tolerantlığın bərqərar olması üçün humanitar siyasətə sadiq qalan Azərbaycandan fərqli olaraq Ermənistanın bu gün sülh danışıqlarını «silahla susdurmaq»da israrlı olması narahatlıq yaradır.

«Onlar sülh razılaşması üzərində işləməli və XXI əsrdə normal davranışa riayət etməlidirlər. Biz istənilən halda qonşuyuq, heç birimiz başqa planetə köçməyəcəyik. Ona görə də, biz xalqlar arasında təmaslar da daxil olmaqla münasibətlərin normallaşması üçün yavaş-yavaş, addım-addım təməl hazırlayaraq yanaşı yaşamağı öyrənməliyik. Biz açıq şəkildə demişik ki, buna hazırıq. Lakin hələ ki, Ermənistan tərəfdən heç bir müsbət işarə almamışıq» söyləyən Prezident İlham Əliyev sülhə aparan yolu da göstərir: «Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycanla əlaqələrin normallaşdırılması, Türkiyə ilə əlaqələrin normallaşdırılması, qonşu olmaq, düşmən qonşu deyil, normal qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasıdır. Düşünürəm ki, əgər bu formul Ermənistan hökuməti və siyasi elita tərəfindən qəbul edilsə, bizim irəliləyiş üçün şansımız var.»

Daha çox xəbərlər